Hadisə 

Vətəndaşın ona məxsus ərazidə qanunsuz tikinti aparılması iddiasına RƏSMİ CAVAB – FOTO

“Qardaşımdan ailəmizə miras qalan torpaq sahəsi “Murad-M.S” MMC tərəfindən zəbt edilib və orada qanunsuz şəkildə 17 mərtəbəli bina tikilib. Bizim hüquqlarımızı kobud şəkildə pozan şirkətdən şikayətçiyəm”.

Bu barədə Oxu.Az-a müraciət edən vətəndaş Arif Əmirov məlumat verib.

O iddia edir ki, qardaşı Oktay Əmirovun ölümündən sonra ailəsinə miras qalan Bakının Binəqədi rayonundakı torpaq sahəsi “Murad-M.S” MMC tərəfindən zəbt edilib:

2013-cü ildə qardaşım Oqtay Əmirov vəfat etdikdən sonra bələdiyyə sənədi ilə onun adına olan 1485 kvadrat metrlik torpaq sahəsinin 75 faizi onun həyat yoldaşına, 25 faizi isə mənim anama miras qalıb. Anam vəfat etdikdən sonra həmin miras mən, qardaşım və bacım arasında bölünüb“Murad-M.S” MMC isə torpağın bizə düşən hissəsini zəbt edib. Əlimizdə notariatda təsdiq edilmiş və torpağın 25 faizinin bizə aid olduğunu sübut edən sənəd var. “Murad-M.S” MMC torpaqda payı olan hər iki tərəf ilə danışıqlar aparmalı idi. Lakin bizə pul ödənilməyib.

Məsələ ilə bağlı artıq neçə ildir aidiyyəti orqanlara şikayət edirəm. Lakin məsələyə ədalətli şəkildə reaksiya verən olmayıb. “Murad-M.S” MMC tərəfindən qanunsuz şəkildə inşasına başlanılan 17 mərtəbəli binanın tikintisinin dayandırılması istiqamətində heç bir ölçü götürülməyib”.

Şikayətçi iddia edir ki, “Murad-M.S” MMC-nin onun iddialarına cavab olaraq, təqdim etdiyi sənədlər saxtadır:

“Mən dəfələrlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanovun qəbulunda olmuşam. Məsələ ilə bağlı ona şikayətlərimi bildirmişəm. Lakin komitə tərəfindən məsələ ətraflı şəkildə araşdırılmayıb. “Murad-M.S” MMC torpaq sahəsinə dair əlində heç bir icazə sənədi olmadan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən keçib. Tikinti Məcəlləsində də qeyd olunub ki, ilk olaraq torpağa dair icazə sənədi olmalıdır. Mənə heç kim bu sualların cavabını vermir.

“Murad-M.S” MMC Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində iki sənədi qeydiyyatdan keçirib. Orada tikintiyə icazə sənədinin nömrəsi və tarixinin qeyd edilməsi tələb olunur. Onlar isə bura Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən onlara çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında 100 nömrəli 27.03.2013-cü ildə verilən sərəncamı tikintiyə icazə sənədi kimi reyestrdən keçiriblər. Həmin sərəncam da onlara qardaşım Oqtay Əmirovun adına olan 273 saylı bələdiyyə sənədinin əsasında verilib. Qardaşım 2012-ci ilin noyabr ayında rəhmətə gedib, layihələndirmə sərəncamı isə 2013-cü ilin mart ayında onlara təqdim edilib. Bakı Apelyasiya Məhkəməsində işə baxılıb. Mən bilmək istəyirəm, ölünün adına olan layihələndirmə sərəncamı hansı qanunla qüvvədə saxlanılır?

İkinci, “Murad-M.S” MMC-yə tikinti haqqında xüsusi nişanın verilməsidir. Qanunla isə tikintiyə icazə sənədi olmadan xüsusi nişan verilə bilməz. Beş ildir “Murad-M.S” MMC tikintiyə icazə sənədi ala bilmir, çünki torpağın çıxarış sənədi yoxdur. Torpaq bu gün vərəsə kimi iki nəfərə –  mənim və mərhum qardaşımın həyat yoldaşına məxsusdur. 2018-ci ilin avqust ayında arxiv sənədlərini tələb etmişəm. Orada yazılıb ki, torpaq hələ də mərhum qardaşımın adındadır. Onlar ölünün adına olan torpağa necə sənəd alıblar?

Hər yerdə deyirlər ki, qardaşım torpağı onlara pay verib. Qardaşım vəfat etməzdən əvvəl 87 400 manat beh alıb və torpağı onlara satıb. O sənəd məndə var. “Murad-M.S” MMC qeyri-qanuni yollarla yalan, saxta sənədlər əldə etməklə illərdir mənim ailəmin hüquqlarını tapdalayır”.

Aidiyyəti orqanların nümayəndələrinin məsələyə obyektiv yanaşmadığını, saxtakarlığa göz yumduğunu iddia edən Arif Əmirov məsələ ilə bağlı ölkə başçısına müraciət edəcəyini deyib:

“Bu günə qədər mənə torpaq sahəsinin çıxarış sənədini göstərən olmayıb. Əgər Oqtay Əmirova aid torpaqda tikinti aparılıbsa, 75 faizi onun həyat yoldaşının olduğu kimi, 25 faizi də mənimdir. Mənə düşən pulu versinlər. Layihələndirmə sərəncamının və xüsusi nişanın ləğv edilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsində iddia qaldırdım. Məhkəmənin hakimi Fərrux Qasımov tikintiyə icazə sənədinin olmadığına dair qərar çıxardı. Lakin mənə məlum olmayan səbəblərdən 1 saylı İnzibati İqtisad Məhkəməsində iş qaldırıldı və məhkəmə onların lehinə bu qərarı ləğv etdi.

Mən dəfələrlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Binəqədi Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Komissiyasına, Daxili İşlər Nazirliyinə, Rayon Prokurorluğuna, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişəm. Amma yalnız Birinci vitse-prezident Mehriban Əliyevanın katibliyinə müraciət edəndən sonra, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ərazidə araşdırmaya başladı və sonra yazılı surətdə mənə məlumat verildi ki, torpaq bu gün də mənim mərhum qardaşımın adınadır. Yəni, torpağın Əmlak Komitəsindən çıxarışı da yoxdur.

Ölkə başçısının 2018-ci ildə ölkə ərazisində qanunsuz tikililər barəsində keçirilən müşavirəsində verdiyi tapşırıqlardan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanovun göstərişi ilə araşdırmalar yenidən aparıldı. Məlum oldu ki, bizim torpaq həqiqətən zəbt olunub və tikinti qanunsuzdur.

Eyni zamanda, Arxitektura Komitəsinin Fövqəladə Hallar Nazirliyinə göndərdiyi məktub əsasında FHN-nin Tikintiyə Nəzarət Komissiyasının rəis müavini Təyyar Hüseynli tikintinin dayandırılması haqqında 0563 nömrəli qərarı imzalayıb. Həmin qərarda da göstərilib ki, bu şirkətin tikintiyə icazə sənədi yoxdur. Bütün dediklərimi sənədlərlə sübut edə bilərəm. Lakin bu qədər qərarlara baxmayaraq, “Murad M.S” MMC tərəfindən tikinti hələ də davam etdirilir. Çox xahiş edirəm ki, qanunsuzluğa göz yumulmasın. Ölkədə icazəsiz daşı daş üstünə qoymaq olmur. Necə olur ki, sənədsiz, qanunsuz 17 mərtəbəli bina tikilir, heç kimin xəbəri olmur? Xahiş edirəm, mənə hüquqlarımı müdafiə etmək üçün köməklik göstərilsin”.

Məsələ ilə bağlı özünü “Murad-M.S” MMC şirkətinin direktoru kimi təqdim edən Bakir Quliyev isə bildirib ki, torpaq şikayətçinin qardaşı Əmirov Oqtayın adınadır və tikinti aparılması üçün onun həyat yoldaşı tərəfindən razılıq alınıb:

“Əmirov Oqtaya məxsus torpaq sahəsinin çıxarışı yoxdur. Bələdiyyə sənədi ilə ona aid olub. O rəhmətə gedəndən sonra varis kimi torpaq mərhumun həyat yoldaşı Lətafət Əmirovaya qalıb. Biz o torpaq sahəsini notarius qaydasında almışıq, Oqtay Əmirov isə hələ sağlığında bizə payçı olub. Yəni, torpağı payçı kimi təqdim edərək, bina tikilməsinə icazə verib. Onlara istədikləri məbləğ, yəni 700 min manat ödəniş olunub. Həmin məbləğin 300 min manatı nəğd şəkildə, digər hissəsi isə tikilən binadan dörd mənzil formasında verilib. Bunu şəxsən mən vermişəm. Lətafət Əmirovanın həm bizdə, həm də polisdə yazılı ərizəsi var. O, şəxsən qeyd edib ki, “Murad M.S” MMC payçı olaraq bizə haqqımızı verib, onlardan heç bir şikayətim yoxdur.

İndi mərhumun qardaşı bizdən torpağın 25 faizinin ona məxsus olduğunu deyərək pay istəyir. Amma Lətafət xanım da deyir ki, onlara çatacaq 25 faizin haqqını onlara verib. Bu məsələ illərdir davam edir. Bizdə sənədlər var. Binəqədi məhkəməsindən tutmuş, Ali Məhkəməyə qədər bu prosesə baxılıb. Hər dəfə də lehimizə qərar qəbul edilib. Sonra özləri bizdən iki otaqlı mənzil də istəmişdilər. Biz isə onlara haqlarının verildiyini bildirmişik. Hazırda orada çalışmıram, amma bu söhbətlər mənim direktor olduğum dövrdə baş verib. Bütün məsələyə hakiməm. Dəfələrlə məhkəmə proseslərində də iştirak etmişəm. Mənə elə gəlir ki, bu, artıq iki ailə arasında olan mübahisə formasına çevrilib”.

Binəqədi Rayon İcra Hakimiyyətindən isə mövzu ilə əlaqədar vətəndaşın iddiasına cavab olaraq, “Murad-M.S” MMC tərəfindən sözügedən ərazidə tikinti aparılmasına qanunla icazə verildiyi bildirilib:

“Bakının H.Hüseynov küçəsi, ev 11A, mənzil 31 ünvanında yaşayan vətəndaş Əmirov Arif Nüsrətdin oğlu tərəfindən Binəqədi rayonu, 8-ci mkr. ərazisində qardaşına aid olan ərazidə qanunsuz şəkildə “Murad-M.S” MMC tərəfindən tikinti işlərinin aparılması ilə bağlı Binəqədi Rayonu İcra Hakimiyyətinə dəfələrlə müraciət daxil olub.

273 saylı 10.11.2004-cü il tarixli Binəqədi Rayon Bələdiyyəsinin qərarına əsasən, Arif Əmirovun mərhum qardaşına 1485 kv.m torpaq sahəsi verilib.

Ərazidə “Murad-M.S” MMC tərəfindən tikinti işlərinin aparılmasının qarşısının alınması barədə çoxsaylı müraciətlər əsasında, hər iki tərəfin iştirakı ilə tərəfimizdən dəfələrlə araşdırmalar aparılıb. Aparılmış araşdırmalar zamanı Bakı Şəhər İcra Hakimiyyətinin 27.03.2013-cü il tarixli 100 saylı Sərəncamı ilə sözügedən 17 mərtəbəli, bir girişli yaşayış binasının tikintisinə razılıq verdiyi məlum olub.

Qeyd olunanlardan başqa, Arif Əmirovun və digər iddiaçıların Bakı Şəhər İcra Hakimiyyəti başçısının 27.03.2013-cü il tarixli 100 saylı sərəncamına əsasən, yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə və 032 saylı 06.12.2013-cü il tarixli tikinti işlərinin başlanması üçün xüsusi nişan verilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət olunub. Məhkəmə tərəfindən prosesə baxılıb və vətəndaşın iddia tələbləri rədd edilib”.

Məlumatda həm də Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları” təsdiq edilməsi də öz əksini tapıb:

“Bundan əlavə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Murad-M.S” MMC “Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair Şəhadətnamə” verilib. Eyni zamanda, Arif Əmirovun mərhum qardaşı Oqtay Əmirovun əsas vərəsəsi həyat yoldaşı Əmirova Lətafət Akif qızı Binəqədi Rayon İcra Hakimiyyətinə məktubla müraciət edərək, ərinin sağlığında “Murad-M.S” MMC ilə onlara məxsus torpaq sahəsində hündürmərtəbəli binanın tikintisi ilə əlaqədar olaraq, tam razılıq əldə olunduğunu və onlara aid olan payların tam ödənildiyini bildirib.

Deyilən faktlara əsaslanaraq, vətəndaş Əmirov Arif Nüsrətdin oğluna dəfələrlə iddia etdiyi məsələnin rayon icra hakimiyyəti səlahiyyətlərinə aid olmadığı, sözügedən tikinti şirkətinin torpaq mülkiyyətçisinin əsas vərəsəsi olan həyat yoldaşı ilə razılıq əldə etdiyi, artıq məhkəmə orqanları tərəfindən qərar qəbul olunduğu və qərarların qanuni qüvvəsini aldığı barədə müvafiq izahat verilib”.

Daha çox xəbərlər