Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
ARANTV.AZ xəbər verir ki, Səudiyyə Ərəbistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı-Krallıq elan olunması günü münasibətilə rəsmi qəbul təşkil edib.
Qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirildi. Səfirliyin müvəqqəti işlər vəkili Məmduh əl-Cəbru Səudiyyə Ərəbistanının keçdiyi inkişaf yolundan danışdı. Bildirdi ki, ölkəsi İslam dünyasının birliyi, əməkdaşlığı yolunda mühüm işlər görür. Diplomat Səudiyyə Ərəbistanının Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirdi. O, ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi. Qeyd olundu ki, iki ölkə arasında müxtəlif sahələrə aid 20-yə yaxın sənəd imzalanıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan hökuməti adından Səudiyyə Ərəbistanı xalqını təbrik etdi. Bildirdi ki, ölkələrimiz arasındakı əlaqələr mehriban dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına ilk səfəri ilə əsası qoyulan yüksək səviyyəli siyasi münasibətlər sonrakı illərdə inkişaf edib. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərləri çərçivəsində keçirilən çoxsaylı görüşlər həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına təkan verib. Səudiyyə Ərəbistanı həmişə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini dəstəkləyir, işğalçılıq siyasəti aparan Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edir.

