Monqolustan Prezidenti AMEA-nın Yüksək Texnologiyalar Parkında olub
ARANTV.AZ xəbər verir ki, Azərbaycana səfəri çərçivəsində Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında olub.
“Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı elm və istehsalat adamlarının bir araya gəldiyi məkana çevrilməkdədir”. Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın parkla tanışlığı zamanı belə deyildi. Qeyd edildi ki, park ölkə başçısnın 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə yaradılıb. AMEA-nın Təcrübə-Sənaye Zavodunun ərazisində yaradılan YTP-də müxtəlif mühərrik, kompressor və hidravlik yağlar, plastik sürtkü materialları kimi təqribən 60 adda innovativ məhsul istehsal olunur. O da bildirildi ki, zavodun əsas fəaliyyət istiqaməti elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, eyni zamanda, neft-kimya və texniki təyinatlı məhsulların istehsalından ibarətdir. Zavoda istehsal olunan bu məhsullar xaricdən idxal olunan məhsullardan keyfiyyətcə qat-qat üstündür. Eləcə də “Zavod Elmi-Tədqiqat Sınaq Laboratoriyası” burda istehsal edilən məhsulun, xammalların və yarımfabrikatların keyfiyyətinə analiz və nəzarəti həyata keçirir.

