İdman 

14 qolun vurulduğu matçda ata-oğul meydana çıxdı

Bu gün futzal üzrə Yüksək Liqada III turun oyunlarına start verilib.

ARANTV.AZ xəbər verir ki, saat 11:30-da keçirilmiş “Yasamal” İSK – “Araz” oyunu böyükhesablı nəticə (1:13) ilə bərabər, maraqlı bir hadisə ilə yadda qalıb.

Belə ki, debütant “Yasamal” İSK-nı əvvəlki oyuna sırf baş məşqçi kimi çıxarmış Mahir Eyniyev bu dəfə oynayan məşqçi kimi komandasına kömək etməyə çalışıb.

Maraqlı məqam oyun zamanı meydanda iki Eyniyevin olmasıdır. İş orasındadır ki, Azərbaycan futzalının canlı əfsanəsi Mahir Eyniyevin oğlu da “Yasamal” İSK-da çıxış edir. Məhəmməd Eyniyev bu gün atası ilə komanda yoldaşı olub.

Düzdür, ata və oğlunun eyni anda meydanda olması hadisəsi ötən mövsümdə də baş verib. Onda “Yasamal-2”dən çıxış edən Rüfət Hüseynovla U-17-nin üzvü Tofiq Hüseynov rəqib olmuşdu. Bu dəfə isə ata və oğul yumruğu bir nöqtəyə vurmağa çalışıb. Ancaq ata Eyniyev zədəli olduğuna görə az oynayıb.

Oyundan sonra Eyniyevlərdən maraqlı hadisə ilə bağlı fikirlərini öyrəndik. Mahir Eyniyev bunun oğlu üçün müsbət məqam olduğunu vurğulayıb:

“Əslində, nə vaxtsa oğlumla komanda yoldaşı olacağımı düşünmürdüm. Bu da bir qismət idi. Təbii ki, mənim meydanda olmağımdan oğlum daha çox faydalana bilər. Təcrübəm, məsləhətlərim onun üçün gərəklidir. Onu da qeyd edim ki, oğlum olduğuna görə ona hansısa üstünlük yaradılmır. Biz meydandan kənarda ata-oğuluq, ancaq meydanda komanda yoldaşıyıq və hamımız bir məqsəd üçün çalışırıq”.

Məhəmməd isə atasının meydanda olmasının onda özünəinamı artırdığını bidirib:

“Nəticə yaxşı olmadı. Bizim əksər üzvlərimiz böyük futbolda oynayır. “Araz”ın heyətində isə təcrübəli, ustalıq səviyyəsi yüksək olan futzalçılar cəmləşib. Atamın meydanda olması mənim üçün böyük dəstəkdir. Ondan öyrənəcəyim çox şey var.

Mahir Eyniyev Azərbaycan futzalının canlı əfsanəsidir. Bu sahədə addımlarını atan futzalçılar onun təcrübəsindən, texnikasından faydalanmalıdır. Həqiqətən də, maraqlı hadisə yaşandı. Belə olacağını heç vaxt düşünməmişdim”.oxu.az

Daha çox xəbərlər