Cəmiyyət 

Akademik Həsən Abdullayevin 100 illik yubileyi qeyd edilib

ARANTV.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli alim, Əməkdar elm xadimi Həsən Abdullayevin anadan olmasının 100 illiyinə həsr edilən tədbir keçirilib. Akademikin Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışılıb.

75 illik ömrünün 50 ili Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı olan, sıravi əməkdaşdan akademiyanın prezidenti vəzifəsinədək yüksələn Həsən Abdullayev elmə sanballı yeniliklər gətirib. Onun fəaliyyəti sayəsində bir sıra müasir elm və sənaye sahələri, yüksək texnologiyalar yaranıb və inkişaf edib. Həsən Abdullayevin akademiyaya rəhbərlik etdiyi dövr elm tarixinə renessans, intellektual dirçəliş mərhələsi kimi yazılıb. Qurumun prezidenti Akif Əlizadə akademik Həsən Abdulayevin müasir Azərbaycan elminin tarixində iki böyük məktəbin-yüksək texnologiyaların əsası olan yarımkeçiricilər fizikası və elmi təşkilatçılıq məktəbinin yaradıcısı olduğunu bildirdi. O, elmin perspektivli sahələrinin inkişafı istiqamətində yorulmaz fəaliyyət göstərərək Şamaxı Astrofizika Rəsədxanası, Kosmik Tədqiqatlar institutu və Radiasiya tədqiqatları bölməsi, eləcə də fəlsəfə və fiziologiya bölmələrinin müstəqil elmi-tədqiqat müəssisələrinə çevrilməsinə nail olub. Akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi Nazim  Məmmədov alimin keçdiyi həyat yolundan, elmi təşkilatçı kimi fəaliyyətindən danışdı. Akademik Həsən Abdullayev ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ümummilli strateji vəzifələrin, o cümlədən elmi quruculuq işlərinin həyata keçirilməsində Milli Elmlər Akademiyasının prezidenti kimi fəal rol oynayan şəxsiyyətlərdən olub. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Ronald Saqdeyev, Yaponiya Çiba Texnologiyalar İnstitutunun əməkdaşı Kazuki Vakita, Akademiyanın vitse-prezidenti İsa Həbibbəyli və digərləri bildirdilər ki, Həsən Abdullayev nəinki Azərbaycanda və Sovet İttifaqında, eləcə də dünya miqyasında tanınan nüfuzlu alim idi. Onun elmi tədqiqatları 10-dan çox ölkədə patent alıb. O, gənc kadrların hazırlanmasında da fəal iştirak edib. Tədbirdə akademiyada 3 nominasiya üzrə keçirilən müsabiqənin qalibi olan gənc tədqiqatçılara Həsən Adullayev adına mükafat və diplomlar təqdim edildi. Yubiley tədbiri çərçivəsində Bakı Dövlət Universitetində akademik Həsən Abdulliyevin yaratdığı yarımkeçiricilər fizikası kafedrasında alimin barelyefinin də açılışı oldu.

Daha çox xəbərlər