Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək
ARANTV.AZ xəbər verir ki, oktyabrın 26-30-da Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, həmçinin dünyanın ən ağıllı robotu hesab olunan “Sofiya” ilə ünsiyyət qurmaq imkanı yaranacaq.
Bu barədə Heydər Əliyev Mərkəzinin nümayəndəsi Orxan Həbibov deyib.
Bildirilib ki, oktyabrın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək “Qlobal İnfluenser Günü” maraqlı çıxışlar, təqdimatlar, seminarlarla yadda qalacaq. Tədbir çərçivəsində ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot “Sofiya” Azərbaycana gələcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Rəşad Əzizov qeyd edib ki, “İnnovasiyalar həftəsi” çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azərbaycan Kiberidman Federasiyası, “Keepface”, “Microsoft” və digər şirkətlərin dəstəyi ilə silsilə tədbirlər təşkil olunacaq.
“İnnovasiyalar həftəsi”ndə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Microsoft” şirkətinin təşkil etdiyi “dəyirmi masa”da investisiya mühitinin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, Azərbaycan Kiberidman Federasiyası ilə birgə “Baku Open Cyber Cup” turniri keçiriləcək. Turnirin məqsədi kiberidmanın ölkəmizdə inkişafını təşviq etmək, gənclərin müasir informasiya-kommunikasiya texnologiyalarına və kompüter texnikasına marağını artırmaqdır. Həmçinin döyüş və futbol üzrə kompüter oyunları da təşkil ediləcək.

