Dünya 

Avropa məhkəməsində Ermənistanda 2008-ci ilin martında dinc nümayişçilərə qarşı zorakılıqla bağlı şikayətə baxılıb

ARANTV.AZ xəbər verir ki, Məhkəmə İrəvanda 10 il əvvəl baş verən dövlət terroru zamanı insan hüquqlarının  pozulduğunu təsqdiqləyib. 1 mart hadisələrində əli olan sabiq prezindent Robert Köçəryan isə Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb. Ermənistanın keçmiş polis rəisi Vladimir Qasparyanın da başı dərddədir. Onun xüsusi qəddarlığı ilə seçilən müavini Levon Eranosyan Xüsusi İstintaq İdarəsinə çağırılıb. Vladimir Qasparyanı da həbs gözləyir.

Avropa məhkəməsində Ermənistanda 2008-ci ilin martında dinc nümayişçilərə qarşı zorakılıqla bağlı Levon Ter-Petrosyanın Şirak vilayətindəki qərərgahının nümayəndəsi  Muşeq Saqatelyanın və hüquq müdafiəçisi Vardes Qasparinin şikayətinə baxılıb. Məhkəmə İrəvanda 10 il əvvəl baş verən dövlət terroru zamanı insan hüquqlarının pozulduğunu təsqdiqləyib. Starburq məhkəməsinin Qasparinin xeyrinə çıxardığı qərara əsasən, Ermənistan hökuməti zərərçəkmişə 4000 avro müqabilində mənəvi təzminat ödəməlidir. O, bu vəsaiti rəsmi İrəvanı 2004-cü ildən -2018-ci ilin iyununa kimi Avropa məhkəməsində təmsil edən Gevork Kostanyana verəcək. Onun sözlərinə görə, bu şəxs üçün hər şey puldan ibarətdir. Rüşvət müqabilində kobud şəkildə qanunları pozub, Ermənistan hökumətinin cinayət faktlarını ört-basdır edib. Qaspari saxlanıldığı “Nubaraşen” həbsxanasında qeyri-insani rəftara məruz qaldığını da açıqlayıb. Şikayətini geri götürməsi üçün Robert Köçəryanın yaxın adamı olan Tiqran Tadevosyan ona mənəvi və psixoloji təsir göstərib. Avropa Məhkəməsi Levon Ter-Petrosyanın Şirak vilayətindəki qərərgahının nümayəndəsi Muşeq Saqatelyanın da xeyrinə qərar çıxarıb. Qərara əsasən, Ermənistan hökuməti zərərçəkənə 15 min 600 avro, ayrıca mənəvi zərərə görə 5000 avro təzminat ödəməlidr. 1 mart hadisələrində əli olan sabiq prezident Robert Köçəryan isə Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb. O, şərəf və ləyaqətinin baş nazirinin böhtanlarından qorunmasını tələb edir. Artıq Kassasiya məhkəməsi Kpçəryanın şikayətini qəbul edib. Ermənistanın keçmiş polis rəisi Vladimir Qasparyanın da başı dərddədir. Ona qarşı cinayət işi qaldırılıb. Qasparyan Hetq.am saytında 3 milyon dollarlıq malikanənin sahibi olduğu barədə çıxan məqalədən sonra hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Əslində isə bu, sadəcə bəhanədir. Vladimir Qasparyan Köçəryan-Sarkisyan rejiminin ən mürtəce fiqurlarından biridir. Onun 21 il ərzində törətdiyi korrupsiya əməlləri, kriminal avtoritetlərlə əlaqələri, yığdığı külli miqdarda sərvət Ermənistanda dillər əzbəri olub. Qasparyanın taladığı pulların yarısını qardaşı Karen Qasparyanın adına yatırdığı da məlumdur. Onun xüsusi qəddarlığı ilə seçilən müavini Levon Eranosyan da Xüsusi İstintaq İdarəsinə çağırılıb. Eranosyan 16 və 22 aprel tarixlərində Baqramyan prospektində baş vermiş hadisələrdə vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. İstintaq idarəsi sabiq polis komandanının ölkədən çıxmasına qadağa qoyub, onun yaxın vaxtlarda yenidən ifadəsi alınacaq. Levon Eranosyan 2012-ci ildən etibarən Ermənsitan polis qüvvələrinin komandanı vəzifəsini icra edib və Serj Sarkisyanın ölkədə hüquq-mühafizə sahəsinə nəzarət etməkdə ən çox etibar etdiyi kadrlardan hesab olunurdu. Ermənistanda apreldən başlayan etiraz mitinqləri zamanı Nikol Paşinyanın həbsi məhz onun göstərişi əsasında reallaşıb. Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra vəzifədən uzaqlaşdırılacaq insanların siyahısında ilk sıralarda yer alan Levon Eranosyan bu ilin may ayının 11-də baş nazir Nikol Paşinyanın əmri ilə vəzifəsindən azad edilib.

Daha çox xəbərlər