Siyasət 

BMT Baş Assambleyasının 73-cü sessiyasında Azərbaycan nümayəndə heyəti bəyanat yayıb

ARANTV.AZ xəbər verir ki, BMT Baş Assambleyasının 73-cü sessiyasında Ermənistanın baş nazirinin bəyanatına cavab haqqından istifadə edən Azərbaycan nümayəndə heyəti bəyanat yayıb. Bəyanatda bildirilir ki, Ermənistanın işğalçı və müstəmləkəçilik siyasətinin məqsədinə çatmaq şansı yoxdur. Dağlıq Qarabağ hər zaman Azərbaycanın ayrılmaz hissəsi olub və belə də olacaq.

“Nikol Paşinyanın Ermənistan və Azərbaycan arasında davam etməkdə olan münaqişə ilə bağlı verdiyi şərhlər sələflərinin keçmişdə inadkarcasına istifadə etdiyi frazeologiyadan çox az fərqlənir. Nəticədə, Ermənistanın baş nazirinin bəyanatı Azərbaycana qarşı müharibənin başlanılması və onun ağır nəticələrinə görə məsuliyyəti və faktları rədd etmək üçün növbəti uğursuz cəhdə çevrilir”. Bu fikirlər BMT Baş Assambleyasının 73-cü sessiyasında Ermənistanın baş nazirinin bəyanatına cavab haqqından istifadə edən Azərbaycan nümayəndə heyətinin bəyanatında yer alıb. Bəyanatda deyilir: Ermənistanın ərazi iddiaları və güc tətbiqinə cavab olaraq, BMT-nin Təhlükəsizlik Şurası bir daha təsdiq edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və tələb edib ki, işğalçı qüvvələr dərhal, tamamilə və qeyd-şərtsiz bütün işğal olunmuş torpaqlardan çıxsınlar. Başqa sözlə, Təhlükəsizlik Şurası bu qətnamələrdə Azərbaycana qarşı hərbi güc tətbiq olunması faktını, bu hərəkətlərin qanunsuz olduğunu, Birləşmiş Millətlər Nizamnaməsi ilə ziddiyyət təşkil etdiyini, beynəlxalq münasibətlərdə hərbi gücdən istifadənin qadağan olunmasına uyğun gəlmədiyini və onların Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması olduğunu etiraf edib. Bəyanatda o da bildirilir ki, Ermənistanın bəyan etdiyi öhdəlikləri və əməlləri münaqişənin sülh yolu ilə həlli məqsədinə heç vaxt uyğun gəlməyib. Ermənistanın baş nazirinin bəyanatı heç də istisna deyil. Həqiqətdə, suveren dövlətin ərazisini işğal etmək üçün hərbi gücdən istifadə etməklə Ermənistan siyasi həll yoluna alternativin olmasına qəti inamını nümayiş etdirib. Azərbaycan nümayəndə heyəti bəyanatında onu da vurğulayıb ki, işğal etdiyi Azərbaycan torpaqlarında etnik təmizləmə həyata keçirən Ermənistandan fərqli olaraq, Azərbaycan bu günədək etnik və mədəni müxtəlifliyini qoruyub saxlayıb. Bəyanat bu fikirlərlə bitir: Ermənistan rəhbərliyinin demokratiya, insan hüquqları və münaqişənin sülh yolu ilə həlli bəyanatları cəfəngiyyatdır və onlar Azərbaycan ərazilərinin işğalına son qoyulması, məcburi didərgin düşmüş azərbaycanlıların şərəf və ləyaqətlə Dağlıq Qarabağda və işğal olunmuş digər ərazilərdəki evlərinə və yurdlarına geri qayıtmalarının təmin edilməsinə gətirən əsl fəaliyyətə çevrilməyənədək boş söz olaraq qalacaq. Ermənistanın işğalçı və müstəmləkəçilik siyasətinin məqsədinə çatmaq şansı yoxdur. Dağlıq Qarabağ hər zaman Azərbaycanın ayrılmaz hissəsi olub və belə də olacaq. Azərbaycan torpaqlarının işğalı müvəqqətidir və Ermənistan tərəfindən heç vaxt arzu edilən nəticələri verməyəcək. Yerevan öz xalqını və beynəlxalq ictimaiyyəti yanıltmaq kimi faydasız cəhdlərindən əl çəkməli, münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməli və öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir”.

Daha çox xəbərlər