Cəmiyyət 

Ölkəmizin turizm işçiləri peşə bayramlarını qeyd edirlər

ARANTV.AZ xəbər verir ki, 27 sentyabr Ümumdünya Turizm Günüdür. 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il sentyabrın  27-dən Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən Təşkilat 27 sentyabrı Ümumdünya Turizm Gününü elan edib. Prezident İlham Əliyevin ”Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında 1 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən, sentyabrın 27-si ölkəmizdə turizm işçilərinin peşə bayramı kimi qeyd olunur.

Bütün sahələrdə yüksək sürətli inkişafa və böyük uğurlara nail olan Azərbaycan indi dünyada, həm də turizm ölkəsi kimi tanınır. Prezident İlham Əliyevin qərarları ilə bu sahədə həyata keçirilən tədbirlər ölkəmizdə turizmin inkişafında mühüm rol oynayır. Davamlı islahatların məqsədi ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşması, beynəlxalq standartlara cavab verən turizm infrastrukturunun yaradılması, turizmin müxtəlif növlərinin inkişafı, ölkənin mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılmasıdır. Məqsədyönlü işlər artıq öz bəhrəsini verir, bu sahənin dinamik və uğurlu inkişafı göz önündədir. Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın bütün sahələrdə qazandığı nailiyyətlər turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi kimi mühüm vəzifənin həllinə imkan verir. Ölkəmizdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin, müasir otellerin sayı getdikcə artır, ölkəyə gələn turistlərə yaradılan şəraitin səviyyəsi ildən-ilə yüksəlir. Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədi ilə 2006-cı ildə ölkədə Turizm İnstitutu yaradılıb. Onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılıb. 2002-ci ildən başlayaraq Bakıda hər il beynəlxalq turizm və Ümumrespublika turizm sərgilərinin keçirilməsi, həmçinin xaricdə təşkil olunan beynəlxalq  turizm sərgilərində ölkəmizin təmsil olunması da turizmin inkişafına təkan verir. Bütün bu tədbirlər ölkədə turizmin əhəmiyyətini artırmaq, turizm potensialını təbliğ etmək, xalqımızın qədim və zəngin mədəniyyətini, mədəni və tarixi irsini, adət-ənənələrini, milli mətbəxtini tanıtmaq, qonaqpərvərliyini təqdim etmək baxımından böyük əhəmiyyət daşıyır. Bir sıra ölkələrin nüfuzlu televiziya kanallarında Azərbaycanın turizm imkanlarını əks etdirən filmlər və reklam çarxları nümayiş etdirilir.

Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmin inkişafı başlıca prioritetlərdəndir. Prezident İlham Əliyevin 2011-ci ili Azrbaycanda “Turizm ili” elan etməsi də dövlətin bu sahəyə qayğısını bir daha ortaya qoydu. Bakıda yeni, müasir turizm obyektləri, mehmanxanalar, dünya brendləri sırasında olan otellər istifadəyə verildi. Ölkəmizin “Evrovision-2011” musiqi yarışmasında qələbəsi, 2012-ci ildə müsabiqənin Bakıda keçirilməsi, Azərbaycana gələn çoxsaylı turstlərin qarşılanması, yerləşdirilməsi, mədəniyyətimizin, xalqımızın adət-ənənələrinin, milli dəyərlərinin yüksək səviyyədə təqdimatı ölkəmizin tanıdılması istiqmətində mühüm addım oldu.

Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də turizmin inkişafı üçün mühüm addımlar atıldı. Mingəçevirdəki Beynəlxalq Avarçəkmə mərkəzi bu gün daha müasir səviyyədə fəaliyyət göstərir. Bu mərkəz indi, nəinki avarçəkmə idman növünün, həmçinin turizmin inkişafına böyük töhfə verir. Turizmlə bağlı möhtəşəm layihələrdən biri də Qusarda inşa olunan Şahdağ qış-yay turizm kompleksidir. Bu, ölkəmizdə dağ-xizək idmanının və digər qış idman növlərinin, o cümlədən turizmin inkişafı üçün hərtərəfli imkanlar açdı. Şahdağ Milli Parkının ərazisində yerləşən, ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilən bu kompleks indi çoxsaylı turistlərin üz tutduğu məkanlardan birinə çevrilib. Qəbələdə “Tufandağ” xizək yay-qış istirahət kompleksinin istifadəyə verilməsi də Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısının sistemli xarakter daşıdığını göstərdi. Dövlətin uğurlu turizm siyasəti xarici iş adamlarının da ölkəmizə marağını artırır.

Turizm sahəsində aparılan islahatlarla yanaşı, ölkəmizin uğurla ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlər də Azərbaycanın yüksək səviyyədə təbliğidir. Bu baxımdan, 2015-ci iyununda ölkəmizdə keçirilən I Avropa Oyunları müstəsna əhəmiyyətə malikdir. İlk Avropa Oyunları ölkəmizin turizm imkanlarını da dünyaya təqdim etdi, qonaq qəbul etmək, qonaq qarşılamaq mədəniyyətinin ən gözəl nümunəsini sərgilədi, xalqımızın dünyanın ən qonaqpərvər xalqı olduğunu da sübut etdi.

2016-cı ildən Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri – Formula I Avropa Qran-prisi keçirilməyə başladı. Müstəqillik tarixində Azərbaycanın ev sahibliyi etdiyi bu növbəti qitə əhəmiyyətli mötəbər idman yarışı da ölkəmizin zəngin tarixi keçmişini və modern inkişafının təqdimatı baxımından əla fürsət oldu.

Eləcə də 2016-cı ilin sentyabrında Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası. Şahmat aləminin bu ən böyük idman tədbiri də ölkəmizin turizm potensialının təqdimatında mühüm rol oynadı. 2017-ci il mayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da son illər sürətli inkişaf proseslərinin yaşandığı, güclü potensialı ilə beynəlxalq aləmin maraq dairəsinə çevrilən ölkəmizin qüdrətini bir daha dünyaya nümayiş etdirdi, ölkəmizdə turizmin inkişafına mühüm töhfələr verdi. Bütün bu idman tədbirləri isə ölkəmizə turist cəlb etmək baxımından da misilsiz əhəmiyyət kəsb edr. Ən diqqətçəkən məqamlardan biri də odur ki, indi əcnəbilər paytaxt Bakı ilə yanaşı, Azərbaycanın regionlarına da daha çox səyahət edirlər. Son illər bölgələrə turist axını sürətlənib. Zəngin tarixi-mədəni irs, əlverişli təbii-coğrafi şərait və müasir istirahət mərkəzləri bunu şərtləndirən əsas cəhətlərdir. Bəli, indi Azərbaycan dünyada turizm ölkəsi kimi tanınır və bu faktı beynəlxalq qurumlar da etiraf edirlər. Dünya Turizm Təşkilatı Azərbaycanda bu istiqamətdə görülən işləri yüksək qiymətləndirir. Bu uğur da, təbii ki, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzun müddətli inkişaf strategiyasının nəticəsidir.

Turizm sənayesinin yaradılması Prezidenti İlham Əliyevin turizm sahəsinin inkişafı ilə bağlı apardığı siyasətin tərkib hissəsidir. Dövlət başçısının “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması və onun ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin daha da artırılması, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Turizm Şurasının yaradılması da bunu təsdiq edir. Prezident İlham Əliyevin “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamı”na əsasən, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb.

”Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında Prezident Sərəncamı isə turizm sahəsində çalışan minlərlə insanın əməyinə verilən yüksək qiymət, onlar üçün böyük stimuldur.

Daha çox xəbərlər