Cəmiyyət 

Bu gün Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı başlayır

ARANTV.AZ xəbər verir ki, bu gün Azərbaycanda ilk dəfə olaraq “Nəsimi – şeir, incəsənət və mənəviyyat” Festivalı başlayır. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan, şeir və incəsənətin yaşadılması məqsədi daşıyan Festival Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşır. Sentyabrın 30-dək davam edəcək festival şairin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə keçiriləcək. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir. Festival günlərində Bakının müxtəlif məkanlarında, eləcə də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil olunacaq. Bundan başqa İçərişəhərin valehedici cazibəsi ilə incəsənətin qovuşması qonaqları qədim Bakıya səyahət etdirəcək. İçərişəhərdə sərgilər, instalyasiyalar, videoproyeksiyalar nümayiş olunacaq, poeziya nümunələri və musiqi səslənəcək, teatr tamaşaları təqdim ediləcək. Festivalın sonunda “SÖZ” ədəbi layihəsi çərçivəsində İmadəddin Nəsiminin xatirəsinə həsr olunan şeir müsabiqəsinin qalibləri mükafatlandırılacaq.

Daha çox xəbərlər