Avropa çempionatında VAR sistemindən istifadə olunacaq

UEFA növbəti mövsümdə (2019/2020) Çempionlar Liqasının pley-off mərhələsində videotəkrar sistemindən (VAR) istifadəyə icazə verib.

ARANTV.AZ xəbər verir ki, bununla bağlı qərar bu gün qurumun İcraiyyə Komitəsinin (İK) iclasında qəbul olunub.

2019-cu il UEFA Superkubokunda da VAR-dan istifadə olunacaq.

UEFA videotəkrar sistemini Avro-2020-nin və 2021-ci ildə Millətlər Liqasının final mərhələsində, eləcə də, 2020/2021-ci il mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsindən etibarən tətbiqini planlaşdırır.

UEFA İK Avro-2020-nin seçmə mərhələsinin püşkünün dekabrın 2-də və Millətlər Liqasının finalının püşkünün dekabrın 3-də keçirilməsinə qərar verib. Hər iki püşkatma mərasimi İrlandiyanın paytaxtı Dublində olacaq. Dekabrın 3-də həm də UEFA İK-nın növbəti iclası keçiriləcək.

Qadın futzalçıların yarışdığı Avro-2019 Portuqaliyanın Qondomar şəhərində baş tutacaq. İlk dəfə keçiriləcək 19 yaşadək futzalçıların 2019-cu ildəki Avropa çempionatının isə Latviyada baş tutmasına qərar verilib.

Qeyd edək ki, Avro-2020-nin dörd oyunu Bakıda keçiriləcək.

oxu.az