Necə pəhriz saxlamalı?
Sağlam qidalanma mediada ən çox müzakirə olunan məsələlərdən biridir. Çoxlu bloqerlər, dietoloqlar, idman ustaları orqanizm və ruh üçün faydalı qidalanma rejimini necə qurmaq barədə gündəlik məlumatlar paylaşırlar. Sizə elə gələ bilər ki, bu haqda oxuduqlarınız kifayətdir və siz düzgün qidalanma ilə bağlı hər şeyi bilirsiniz. Əslində isə bilmədiklərimiz və ya yanlış bildiklərimiz daha çoxdur.
Sağlam qidalanma üçün çoxlu pul lazım deyil
Bir çox insan sağlam qidalanmaq çətindir və baha başa gəlir deyərək, ondan imtina edir. Əslində isə belə deyil. Dadlı, faydalı, sadə və büdcəyə uyğun yeməklərin sayı çoxdur.
Toyuq əti, ağ balıq növləri, qarabaşaq, yulaf və s. kimi məhsullardan istifadə etməklə düzgün qidalanmaq olar. Xiyar, boranı, qabaq kimi bitkilər də hər fəsildə satılır. Rozmarin və digər otlar, müxtəlif istiot növləri, limon suyu istifadə etməklə yeməyinizi həm dadlı, həm də faydalı edə bilərsiniz. Fantaziyanızı işə salsanız, ən sadə və ucuz məhsullarla belə faydalı yeməklər hazırlamaq olar.
Şirniyyatdan imtina etmək vacib deyil
Dadlı və faydalı desertləri hətta təcrübəsiz aşpazlar belə hazırlaya bilərlər. Təzə və ya qurudulmuş giləmeyvələr, qoz-fındıq, bal kimi məhsullardan, krem yerinə yoqurt və ya yağsız kəsmik istifadə etməklə yaxşı desertlər hazırlamaq olar.
Şirniyyat istədikdə tünd şokolad, yulaf unundan peçenyelər, qara gavalı və ya ərik qurusu içlikli konfetlərdən rahatlıqla istifadə etmək olar.
Yemək dünəndən qalıbsa, artıq onu faydasız saymaq düzgün deyil
Adətən hesab edirlər ki, yemək yalnız təzə hazırlananda faydalı olur, bir gün qalmış yeməklər zərəli maddələrlə doludur və sağlamlığımıza ziyan vurur. Əyər soyuducuda saxlanılıbsa, heç də belə deyil, hətta borş və s. kimi bəzi yeməklər vardır ki, onlar hazırlandıqdan bir gün sonra yeyildikdə daha da dadlı və faydalı olurlar.
Ən çox C vitamini sitrus bitkilərində deyil
Bu geniş yayılan fikirə görə, hazırkı pandemiya dövründə limonun qiyməti xeyli yüksəlib. Əslində isə tərkibində limondan daha çox askorbin turşusu olan bitkilər vardır. Məsələn, ağ kələm, şirin bibər, itburnu, qarağat, çaytikanı meyvələri.
Restoran yeməkləri də faydalı ola bilər
İnsanlar alış-veriş zamanı və ya bişirməyə həvəs, vaxt, şərait olmadıqda yemək üçün restoran və kafelərə üz tuturlar. Sağlam qida mütəxəssiləri bunu bir “cinayət əməli” kimi qiymətləndirsələr də, əslində restoranda verilən yeməklər düzgün seçilərsə elə ev yeməkləri qədər faydalıdır.
Sadəcə fastfud, qamburqer, pizzadan uzaq durmaq lazımdır. Restoranda da tərəvəzli yeməklər, təzə salatlar, dəniz məhsulları, suplar seçsəniz, sağlam qidalanma rejiminiz pozulmayacaq.
Axşam saat altıdan sonra da yemək olar
Yaxşı pəhrizin ilk şərtlərindən biri çox zaman axşam saat altıdan sonra heç nə yeməmək hesab edilir. Əslində isə düzgün qidalanma planlaşdırarkən hər kəsə mütləq individual yanaşılmalıdır.
Əyər axşam saat doqquz, on arasında yatırsınızsa, saat 6 da şam yeməyi etməyiniz məsləhətdir, ancaq gecə saatlarınadək oyaq qalırsınızsa, şam yeməyi üçün ideal vaxt axşam saat doqquzdur. Əsas olan yuxuya getməzdən 2-3 saat əvvəl qidalanmamaqdır.
Bundan əlavə, axşam yeməyi bütün hallarda daha yüngül olmalıdır, makaron, mayonezli salatlar, ət məhsulları şam yeməyi üçün ağır sayılır. Belə qidaları mədə yatanadək həzm edib bitirə bilmir və siz uzanıb yatarkən qidanın ağırlığı bel və ayaqlara yüklənir.
Doyma hissi 20 dəqiqə sonra gəlir
İnsanın bütün hissləri beyinin nəzarəti altındadır. Mədə boşalan kimi beyinə siqnal çatır. Ancaq bu müəyyən vaxt aparır. Alimlər müəyyən ediblər ki, doyma hissinin beyinə çatması orta hesabla, yeməkdən 20 dəqiqə sonra baş verir.
Artıq yeməmək üçün qidanı xırda tikələrlə, çoxlu çeynəyərək yemək və bir az yedikdək sonra gözləmək məsləhətdir.
Pəhriz zamanı yağlar faydalıdır
Pəhriz zamanı yağları tamamilə rasiondan çıxarmaq düzgün deyil. Bu bütün orqanizmin işinə mənfi təsir göstərər. Ona görə də yaxşı olar ki, hansı yağların faydalı olduğunu biləsiniz.
Bilirik ki, ən zərərsiz yağlar bitki yağlarıdır, pəhriz zamanı yeməyə 2 qaşıq zeytun, kətan, günəbaxan, avokado və s. bitkilərin yağları mütləq vurulmalıdır.
Yüksək iştah və aclıq hissi fərqli şeylərdir
Sağlam qidalanmaq istəyirsinizsə, iştahınıza güc gəlməyi bacarmalısınız. Aclıq fizioloji vəziyyətdir, yalnız ac olduqda yemək, iştahlanıb dadlı olan hər şeyə meyl etməmək lazımdır.
Ancaq qidanın orqanizmə fayda verməsi üçün tam ac olmadan yeməyiniz məsləhətdir. Meyvə və tərəvəzləri yeməkdən əvvəl yesəniz daha yaxşı olar. Yeməyin ardından isə açıq havada gəzinti çox faydalıdır.
Nubar Süleymanova, “İki sahil”

