Gündəm 

Xocavəndin işğalından 26 il keçir

ARANTV.AZ xəbər verir ki, 2 oktyabr Xocavənd rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyi tarixdir. İndi bu işğaldan 26 il keçir.

Ərazisi 1458 kv kilometr olan Xocavənddə bir  şəhər, iki qəsəbə, 81 kənd olub. Xocəvəndin Tuğ və Salakətin kəndləri 1991-ci il oktyabrın 30-da, Xocavənd kəndi noyabrın 19-da, Axullu kəndi isə 1992-ci il yanvarın 9-da işğal olunub.1992-ci il fevralın 17-də isə ermənilər rayonun Qaradağlı kəndinin dinc sakinlərinə qarşı əsl soyqrım aktı həyata keçiriblər. Hər tərəfdən əlaqəsi kəsilən Qaradağlıya hücum edən ermənilər kəndi yandıraraq, dinc sakinlərə amansızlıqla divan tutublar. 800 nəfərdən cox sakini olan kənddə işğal zamanı118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Ermənilər öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna tökərək üstünü torpaqlayıblar. Ümumilikdə, əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad olub. Qaradağlı kəndində 91 nəfər kənd sakininin hər 10 nəfərindən biri qətlə yetirilib. Kənddə sakinlərə məxsus 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası,25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb.

1992-ci il oktyabrın 2-də rayonun Əmiralılar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib və yandırılıb. Düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərin 145 nəfəri şəhid olub. Özünəməxsus təbii sərvətləri, abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocəvənd ermənilər tərəfindən talanıb, abidələr dağıdılıb, zəngin meşələr qırılaraq məhv edilib, nadir bitki və ağac növlərinin kökü kəsilib.

Yurd-yuvasından didərgin düşən xocəvəndlilər, əsasən Beyləqan rayonunda məskunlaşıblar. Burada dövlət qayğısı ilə Xocəvənddən olan məcburi köçkünlər üçün 500 ailəlik müasir qəsəbə salınıb. Qəsəbədə Rayon İcra Hakimiyyəti, 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası,xəstəxana, mədəniyyət evi fəaliyyət göstərir. Yaradılan yüksək səviyyəli şəraitə baxmayaraq, xocavəndlilər də doğma ocaqlarına qayıtmaq ümidi ilə yaşayır. Qaradağlı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də xeyli iş görülüb. Qaradağlı faciəsindən bəhs edən “Soyqrım – Qaradağlı” adlı film çəkilib, bu istiqamətdə tədbirlər indi də davam etdirilir.

2016-cı ilin aprelində Ermənistan cəbhə bölgəsində növbəti təxribat törətdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordu ermənilərin təxribatına layiqli cavab verərək Azərbaycan tarixinə şanlı səhifə yazdı. Minlərlə hektar torpağımız, o cümlədən geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” yüksəkliyi işğaldan azad olundu. Bu, nəinki Füzulinin, Horadiz şəhərinin, eyni zamanda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də gücləndirdi, burada yaşayışın bərpa edilməsi üçün imkan yarandı.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamlarına əsasən, kəndin bərpası və yenidən qurulması işləri böyük sürətlə və keyfiyyətlə həyata keçirildi. 2017-ci il iyunun 14-də Prezident, Ali Baş komandan İlham Əliyev qəsəbənin açılışını etdi. Cocuq Mərcanlı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş sayca 96-cı, məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşdü. Kəndin sakinləri öz doğma yurdlarına qayıtdılar. Bu gün artıq Cocuq Mərcanlının görkəmi tamamilə dəyişib, o, bütün infrakstruktura malik abad yaşayış məskəninə çevrilib. Bu, xocavəndlilərin də tezliklə öz ev-eşiklərinə qayıdacaqlarına inamlarını artırır.

2018-ci ilin mayında Azərbaycan hərbçiləri bir daha qəhrəmanlıq, rəşadət göstərdilər. Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı, Günnüt kəndi, strateji yüksəkliklər Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılan uğurlu əməliyyat nəticəsində azad edildi, strateji kommunikasiya yolları nəzarətə alındı. Bu, bir daha göstərdi ki, Azərbaycan qüdrətli və güclü Orduya sahibdir, bu Ordu hər an istənilən vəzifəni icra edə bilər. Ermənistan isə anlamalıdır ki, Azərbaycan işğal faktı ilə barışmayacaq, torpaqlarının azad olunması uğrunda son ana qədər mübarizə aparacaq.

Daha çox xəbərlər