Sosial 

Karantin zamanı artıq çəki almamaq üçün nə etməli?

Koronavirus epidemiyası səbəbindən evdə qalmaq məcburiyyətində olan bir çox insanların əsas problemlərindən biri də gündəlik vərdişlərindəki dəyişikliklərdən asılı olaraq daha çox qida qəbulu və çəki artımıdır. Pandemiyaya görə küçəyə çıxmaq qadağası tətbiq edilən bir çox ölkələrdə çəki artımı ilə bağlı şikayətlərə daha çox rast gəlinməkdədir. Məsələn, bir çox ölkələrin səhiyyə qurumlarının araşdırmalarına görə, əhalinin 35 faizinin qısa müddət ərzində 5 kilodan çox kökəldiyi müəyyən edilib. Karantində daha çox kökələnlər 12 faiz təşkil edib.

Bəs, evdə qalmaq məcburiyyətində olduğumuz günlərdə necə sağlam qidalana və kökəlməkdən qoruna bilərik?

Antwerp Universitetinin Tibb fakültəsinin qidalanma üzrə mütəxəssisi Michale Sels belə hesab edir ki, koronavirus epidemiyasının qarşısını almaq məqsədilə görülən tədbirlərə görə gündəlik vərdişlərini dəyişdirən insanlar gərginlik və stresin təsiri ilə daha çox yemək qəbul etmək istəyirlər. Dietoloq Tanja Callewaert isə açıqlamasında evdə qalınan dövrdə dostlarla birgə yemək və ya içki qəbul etmək kimi sosial təzyiqlərin olmadığını vurğulayaraq müəyyən proqram daxilində bu problemin həll oluna bilinəcəyini deyib. Hollandiya Sağlamlıq və Ətraf Mühit İnstitutu xüsusilə evdə işləməyə başlayanlara iş yerindəki vərdişləri davam etdirməyi, iş zamanı tez-tez mətbəxə gedib-gəlməkdən uzaq durmağı tövsiyə edir. Mütəxəssislərin karantin günlərində kökəlməmək üçün verdikləri bəzi tövsiyələr bunlardır:

İşləyərkən masanızın üzərində qəlyanaltı saxlamayın.

1 ay alkoqol qəbul etməməyə çalışın, bunun əvəzinə gündə 500 qram tərəvəz yeyin.

Yemək qəbul etmək istəyəndə isti duş qəbul edin, idman edin və ya şəkil albomunuza göz gəzdirmək kimi fərqli işlər tapın.

Hazır qidaların əvəzinə özünüz yemək bişirin.

Əvvəlki günlük qrafikinizə sadiq qalın.

İş masasında tələsik yemək əvəzinə qida qəbulu üçün vaxt ayırın.

Bol su və çay qəbul edin.

Sağlam olmayan qidalardan uzaq durun. Qaynamış yumurta, qovrulmuş duzsuz fındıq, xiyar, cherry pomidor, meyvə, qatıq və pendir kimi qəlyanaltılara üstünlük verin.

Həftəlik alış-veriş siyahısı və korona menyusu hazırlayıb gün ərzində ona sadiq qalmağa çalışın.

Bütün gün televizor qarşısında serial izləməyin. Mümkün qədər idman edin.

Hər saat ərzində azı 3 dəqiqə oturduğunuz yerdən qalxın, ayaqlarınızı hərəkət etdirmək üçün idman edin.

Evdə işləyərkən mütəmadi olaraq fasilə verin, normadan artıq işləməyin.

Samirə Tağıyeva, “İki sahil”

Daha çox xəbərlər