Siyasət 

Hindastanın nüfuzlu “Dekan Xronikl” nəşrində ölkəmizlə bağlı məqalə dərc olunub

ARANTV.AZ xəbər verir ki, Hindastanın nüfuzlu “Dekan Xronikl” nəşrində ölkəmizlə bağlı məqalə dərc olunub. “Odlar Yurdu” adlı yazıda Azərbaycanın ecaskar təbiəti, turizm potensialı barədə geniş məlumat verilir.

Müəllifi Vibha Cayn olan məqalə paytaxt Bakının gözəlliyinin təsviri ilə başlayır. Qeyd olunur ki, Azərbaycanın paytaxtını çox vaxt Parisə və Milana bənzədirlər. Müəllif deyir ki, burada dolaşarkən özünüzü Avropa şəhərində hiss edəcəksiniz. İçərişəhərdən bəhs edən Vibha Cayn vurğulayır ki, qədim şəhərdəki abidələr, əl-əxsus Qız qalası və Şirvanşahlar sarayı UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib. Bildirilir ki, Bakı memarlıq nümunələrilə zəngindir. Müasir tikililərdən danışan hindistanlı jurnalist Heydər Əliyev Mərkəzi, Alov Qullələrindən bəhs edir. Bir zamanlar qədim İpək Yolunun üzərində yerləşən karvansaradan danışılan yazıda qeyd edilir ki, hazırda bu məkan “Muğam Klubu” kimi fəaliyyət göstərir. Bu məşhur yerdə Azərbaycanın ləziz təamları da dadmaq mümkündür. Müəllif yazısında Yanardağ və Atəşgahdan  məlumat verir. Deyir ki, bu dağların ətrafında da karbohidrogen ehtiyatı çoxdur. Məhz bu üzdən hər iki məkanda qaz yer səthinə sızır və nəticəsdə təbii alov meydana gəlir. Oxucularına qayaüstü rəsmlər barədə məlumat verən jurnalist qeyd edir ki, Bakıdan 60 kilometr məsafədə yerləşən Qobustanda əsrlərlə yaşı olan, qayaüstü rəsmlər var. Qobustan petroqlifləri isə qədim dövrdə yaşamış insanların həyat tərzini göstərir. Bildirilir ki, Qobustanda 300 palçıq vulkanı da var. Bəzi palçıq vulkanları bir neçə fut hündürlüyə püskürə bilər.

Şəki çəhərinə səyahət edən jurnalist qədim şəhərin ecaskar təbiəti, turizm potensialı barədə məlumat verir.  Bildirilir ki, Şəkinin dağlıq ərazisinin mənzərəsi, güllərlə, çiçəklərlə dolu təbiəti insanı valeh edir. Bu şəhərdə tədqiqat aparmaq üçün əsas istiqamət isə Şəki Xan sarayı və karvansaralardır. Ölkəmizin zəngin mətbəxə malik olduğunu deyən Vibha Cayn Şəki halvasının hazırlanma texnologiyasından bəhs edir.

Sonda müəllif oxucularına Azərbaycana gəlməyin 3 əsas səbıəbini göstərir.  Birincisi, Azərbaycan çox müasir ölkədir. Onun zəngin tarixi və mədəniyyəti var.

İkincisi, Azərbaycan təhlükəsiz məkandır.

Üçüncüsü, Hindistan vətəndaşları Azərbaycana getmək üçün asanlıqla elektron viza əldə edə bilər.

Daha çox xəbərlər