Cəmiyyət 

Əvəzolunmaz aktyor Hacıbaba Bağırov…

ARANTV.AZ xəbər verir ki, oktyabrın 4-ü sənətilə ilə milyionların sevimlisinə çevrilən unudulmaz aktyor, Xalq artisti Hacıbaba Bağırovun anım günüdür.  Vəfatından 12 il ötsə də  o, teatr tarıxımizdə və milli kinomuzda  qoyduğu  zəngin sənət sərvətilə ürəklərdə  taxt  qurub.  

İstedadlı aktyor kimi yaddaşlara əbədi həkk olunmaq hər sənətkara nəsib olmur. Bu mənada haqqında söhbət açdığımız xalq artisti   Hacıbaba Bağırov  xoşbəxt  aktyorlardandır ki, yaratdığı  hər bir obrazı xalqın ürəyinə yol taparaq dillər əzbərinə çevrilib. Fitri isdedadı,özünəməxsusluğu ilə fərqlənən sənət fədaisi kinoda və  teatrda yaratdığı  mənfi obrazları ilə  tamaşaçını güldürməyi də bacarıb,düşündürməyi də…

Maraqlı tərcümeyi-halı ilə seçilən Hacıbaba Bağırovun  həyat  yolu  o qədər  hamar olmayıb.1932-ci ildə Bakı şəhərində anadan olan Hacıbaba Bağırov teatr sənətinə kiçik yaşlarından həvəs göstərib. Bu istək onu Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib-çıxarıb. Orada sənət korifeylərindən dərslər alıb – nəzəri və təcrübi vərdişlər teatra marağını və məhəbbətini daha da artırıb və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.

Hacıbaba Bağırovun milli mentalitetə uyğun olaraq yaratdığı və özünəməxsus yumorla oynadığı rollar Dövlət Musiqili Teatrının tarixinə həmişəlik daxil olub. Onun elə əsl sənətkar kimi formalaşması, tanınması da 1962-ci ildə sözügedən mədəniyyət ocağına  dəvət aldıqdan sonra başlayıb. Burada 26 illik fəaliyyəti dövründə yaratdığı 50-dən çox  müxtəlif  xarakterli tipik obraz  onun  mahir gülüş ustası kimi püxtələşməsində, sevilməsində və populyarlıq qazanmasında böyük rol oynayıb. 

İstedadlı aktyor Hacıbaba Bağırov  1989-cu ildə yaratdığı “Tənqid-təbliğ” teatrının direktoru  və bədii rəhbəri kimi  7 il müddətində  bu sənət ocağında hazırlanan tamaşalarda gənc aktyorların yetişməsinə xüsusi diqqət yetirirdi.  1996-cı ildə yenidən doğma sənət məbədinə  qayıdan  Hacıbaba Bağırov  Musiqili komediya teatrının direktoru,bədii rəhbəri ,eyni zamanda aktyoru kimi  bir-birindən maraqlı tamaşaların araya -ərsəyə gəlməsınə   səy göstərir. Elə 2001-ci ildə səhnəyə qoyulmuş “Bankir Adaxlı” tamaşasında yaratdığı maraqlı obraza görə aktyor “Teatr xadımləri ittifaqının “Qızıl dərviş” mükafatına layiq görülür.

Hacıbaba Bağırov sənətinin ən xarakterik xüsusiyyətlərindən biri isə tamaşaçıda hüsn-rəğbət oyadan incə komik məqamları özünəməxsus ştrixlərlə  açmaq məharəti olub.  Milli koloriti , dadlı-duzlu oyunu ilə səciyyələnən Hacıbaba Bağırov sənəti onu xalqımızın ən sevimli aktyorlarından birinə çevirib.  Qüdrətli sənətkarın  teatrla yanaşı  milli kinomuza verdiyi töhfələr ölçüyəgəlməzdir.    “Ulduz” filmlndə  yaratdığı  Möhsün, “Mehman”da Arif,  “Onun bəlalı sevgisi”ndə Qaraxalov,  “Alma-almaya bənzər”də Məmmədəli,   “Şirbalanın məhəbbəti”ndə Şirbala   obrazları  illər   keçsə  belə  qədirbilən xalqımız tərəfindən  sevilə-sevilə  izlənir  və  unudulmaz aktyorun  ruhu anılır.

Daha çox xəbərlər