Gündəm 

Rusiyanın Arxangelsk vilayətinə İmişlidən hər ay 50 ton şəkər çuğunduru ixrac olunacaq

ARANTV.AZ xəbər verir ki, Rusiyanın Arxangelsk vilayətinə İmişlidən hər ay 50 ton şəkər çuğunduru ixrac olunacaq. Bu barədə razılıq Rusiyanın Arxangelsk vilayətinin qubernatoru İqor Orlovun İmişliyə səfəri zamanı əldə olunub.

Son iki il İmişli rayonu ilə Rusiyanın Arxangelsk vilayəti arasında əməkdaşlıq sahəsində əlamətdar olub. Bu müddətdə rayon iqtisadiyyatına investisiya yatırmaq imkanları ətraflı öyrənilib. Aparılan təhlillər də göstərir ki, hər iki tərəfin kiçik və orta sahibkarlıq subyektlərinin regionlara investisiya qoymaq marağı getdikcə güclənir. İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev ötən ay Heydər Əliyev Mərkəzində keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda İmişlinin yüksək iqtisadi potensialının olduğunu və həyata keçirilən irimiqyaslı layihələrin ixrac imkanlarını genişləndirdiyini bildirib.

Elə ona görə də İmişli Aran iqtisadi-coğrafi rayonunun ən vacib sənaye mərkəzi hesab edilir. Dövlət büdcəsindən dotasiya almayan İmişlinin iqtisadi imkanları bura səfər edən Rusiya Federasiyasının Arxangelsk vilayətinin qubernatoru İqor Orlovun diqqətini çəkib. Qonaq iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

İqor Orlov İmişlədə Qafqaz regionunda ən iri şəkər zavodunun imkanları ilə də tanış olub. Məlumat verilib ki, sutkada 2 min ton məhsul istehsal edən müəssisə əsasən ixrac yönümlüdür.

Əgər iki il əvvəl Arxangelsk vilayəti ilə İmişli arasında əmtəə dövriyəsi 25 milyon dollar nəzərdə tutulurdusa, hazırda bu məbləğin 100 milyona çatdırılması üçün münbit şərait yaranıb. Bu isə rayonun iqtisadiyyatına müsbət təsirini göstərəcək.

Daha çox xəbərlər