Bakıda piyadanı öldürən sürücü həbs edildi
Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əflatun Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ARANTV.AZ xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Əflatun Cəfərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.
İttihama görə, yol qəzası ötən il Sabunçu rayonu ərazisində baş verib.
Şəhər şosesində, “Koroğlu” metrostansiyası ilə Zabrat qəsəbəsi arasında sərnişin daşıma ilə məşğul olan 148 saylı marşrut avtobusunun sürücüsü Əflatun Cəfərov yolu keçən 1940-cı il təvəllüdlü Şıxməmməd Yadigarovu vurub.
“İsuzu” markalı, 90 RJ 388 dövlət qeydiyyat nişanlı avtobusun vurduğu piyada hadisə yerində ölüb.
Şıxməmməd Yadigarov şəhər yollarında təmizləyici işləyib.
axar.az

