Xaricdə təhsil alan tələbələrimiz Prezidentə yazırlar: Biz tələbələrə bu çətin vəziyyətdə yardım etdiyinizə görə Sizə çox təşəkkür edirəm
Koronavirus pandemiyasının geniş yayılmasından irəli gələrək əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərə görə ölkəmizin bütün bölgələrindən, o cümlədən xaricdə təhsil alan tələbələrimizdən Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. ARANTV.AZ xaricdə təhsil alan tələbələrimizin
dövlətimizin başçısına ünvanladığı məktublardan bir neçəsini təqdim edir.
Bolqarıstan Respublikasının, Sviştov şəhərində D.A.Tsenov adına Dövlət İqtisadiyyat Akademiyasının maliyyə bölməsi üzrə təhsil alan tələbə Elvin Cəmill yazır: “Möhtərəm cənab Prezident, Mən Bolqarıstan Respublikasının Sviştov şəhərində D.A.Tsenov adına Dövlət İqtisadiyyat Akademiyasının maliyyə bölməsi üzrə təhsil alan tələbəsiyəm.
Dünyanı cənginə almış Koronavirusun (Covid – 19) yayılması, sərhədlərin bağlanması səbəbindən və hal-hazırda yaşadığım şəhərdə yeganə azərbaycanlı olduğumdan bəzi maddi-mənəvi problemlərlə üzləşmək məcburiyyətində qaldım. Ancaq, hörmətli cənab Prezident, Sizin bu çətin zamanda bizimlə bağlı verdiyiniz göstəriş və tapşırıqlar həyatda öz əksini tapdı. Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi məni və mənim kimi tələbələri yalnız qoymayıb, dəstəklərini bizlərdən əsirgəmədilər. Hər bir xalqın, millətin fiziki cəhətdən müdafiəsi, onun genefondunun qorunması iqtisadi, sosial, mədəni və digər məsələlərdən daha vacibdir. Siz xalqımızın sağlamlığını qorumaqla təkcə bu gün deyil, gələcək əsrlər üçün də dövlətimizin, millətimizin mövcudluğunu təmin etdiniz. Sizə bir daha dərin təşəkkürümüi və minnətdarlığımı bildirirəm. Millətimiz, dövlətimiz naminə fəaliyyətinizdə Sizə cansağlığı, uğurlar arzu edirəm”.
Bolqarıstan Respublikası, Dobriç şəhərindən Elvin Babayev: “Hörmətli cənab Prezident, Mən Bolqarıstan Respublikasının Dobriç şəhərində təhsil alan azərbaycanlı tələbələrdən biriyəm. Bu məktubu yazmaqda məqsədim, Sizə öz minnətdarlığımı bildirməkdir. Biz tələbələrə bu çətin vəziyyətdə yardım etdiyinizə görə Sizə çox təşəkkür edirəm!
Burada bizə belə qayğı ilə yanaşılması bizi çox sevindirir. Ən azından xarici ölkədə olmağımıza baxmayaraq, özümüzü tək hiss etmirik. Bütün bunlar çox sevindirici haldır. Sizə hər işinizdə uğurlar arzulayıram. Allah razı olsun!”.
Polşa Respublikasının Krakov şəhərindən Aygül Məmmədova: “Hörmətli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva!
Mən, Aygül Fərman qızı Məmmədova Polşanın Krakov şəhərində yaşayan və təhsil alan tələbə kimi ölkədaxili və xaricdə gördüyünüz işləri sosial şəbəkədə, hər gün səhər informasiya portallarında izləməyimi xüsusi qeyd etmək istəyirəm.
Covid-19 virusunun dünyada yüzlərlə ölkəni iflic vəziyyətinə salmasına baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti tərəfindən verilən güclü, operativ qərarlara əsaslanaraq deyə bilərəm ki, vətəndaşlarımız bu cür qərarlar qəbul edən dövlət başçısı ilə fərəhlənə bilərlər.
Siz ölkədən, ailədən kənarda olan tələbələrin qayğısını da nəzərdən qaçırmamısınız. Biz, göstərdiyiniz qayğı nəticəsində yardım aldıq. Hətta, həm tələbələr, həm də işləyənlər üçün Polşadan Azərbaycana iki dəfə çarter reysi təşkil edildi. Əminəm ki, qısa zamanda iqtisadiyyatımızın bir çox Avropa ölkələrini arxada qoymasına, innovativ ideyalar qaynağı olan insan kapitalımızın artmasına yönəlmiş güclü qərarlar və strategiya hələ irəlidədir.
Bir daha Sizə öz adımdan dərin təşəkkür edirəm. Ümid edirəm ki, yaxın gələcəkdə bir gənc azərbaycanlı kimi mənim uğurlu addımlarımdan Siz də fərəhlənəcəksiz”.
Polşa Respublikasının Krakov şəhərindən Hikmət Zahid oğlu Həbibzadə: “Cənab Prezident, Koronovirus pandemiyasının dünyada geniş yayıldığı bir vaxtda Siz xaricdə təhsil alan tələbələrimizi də daim diqqətdə saxlayır, belə çətin vəziyyətdə onlara həm mənəvi, həm də maddi dəstək göstərirsiniz. Hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasətiniz bu reallığı tam əks etdirir. Lider ən kritik vaxtlarda öz vətəndaşının yanında, vətəndaş isə öz dövlətinin liderinin yanındadır. Cənab Prezident,
Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır. Biz həmişə Sizinləyik!
Möhtərəm cənab Prezident, mən bir tələbə kimi Sizin və Mehriban xanımın bu xidmətlərini yüksək qiymətləndirirəm. Bütün bu diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm”.
Polşa Respublikasından Vasif Qurbanov: “Cənab Prezident, Pandemiya zamanı bizə göstərilmiş diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürümü bildirirəm. Bu çətin dönəmdə xaricdə yaşayan bir Azərbaycan vətəndaşı olaraq bu diqqəti görmək qürurvericidir”. “İki sahil”

