Təhsillə bağlı bu məsələ fikir ayrılığı yaratdı: ləğv, yoxsa islahat?
Son dövrlər məktəblərdə ev tapşırıqlarının ləğv mövzusu ətrafında fərqli yanaşmalar səsləndirilir. Xüsusilə şagirdlərin yüklənməsi, onların psixoloji vəziyyəti və dərsə marağının qorunması baxımından ev tapşırıqlarının zəruriliyi vurğulanır. Bir tərəf hesab edir ki, ev tapşırıqlarının azaldılması( və ya tamamilə ləğvi) şagirdlərin daha sağlam və balanslı inkişafına şərait yarada bilər. Digər tərəf isə ev tapşırıqlarının öyrənilən biliklərin möhkəmləndirilməsi baxımından vacib olduğunu bildirirlər.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb. Ekspert deyib ki, Elm və Təhsil Nazirliyinin aşağı siniflərdə ev tapşırıqlarının məcburi şəkildə verilməsi ilə bağlı hər hansı bir məcburedici yanaşması yoxdur: “Çünki əsas məqsəd ibtidai siniflərdə uşaqlarda öyrənmə bacarıqlarını və vərdişlərini formalaşdırmaqdır. Məktəbə sevgi yaratmaq, bütövlükdə dərsə marağı formalaşdırmaq əsas prioritetdir. Bu mənada uşaqların motivasiyasını qorumaq və eyni zamanda onların öyrənmə bacarıqlarını inkişaf etdirmək üçün bəzən ev tapşırıqlarının verilməsi zəruri hesab olunur. Bu məsələ, eyni zamanda, məzmunun kifayət qədər geniş olması ilə də bağlıdır. Fərqli ölkələrdə fərqli yanaşmalar mövcuddur. Hər zaman təhsil modeli ilə nümunə göstərilən Finlandiya məktəblərində ev tapşırıqları sistemi yoxdur. Bunun səbəbi odur ki, uşaq məzmunu məktəbdə öyrənir və elə oradaca qavrayır. Bu yanaşma uşağın azadlığının məhdudlaşdırılmaması prinsipinə əsaslanır”.
Fəlsəfə doktoru fərqli yanaşmaların da olduğunu qeyd edib: “Çin təhsil sistemində uşaqlar daha çox ev tapşırıqları ilə yüklənirlər. Azərbaycan reallığında isə hansı yolun daha məqbul olduğu üzərində düşünmək lazımdır. Ev tapşırıqları minimuma endirilərsə, dərsliklərin evə aparılması məsələsi də aktuallaşır. Burada çanta problemi də gündəmə gəlir. Lakin bu məsələ kifayət qədər həssasdır. Çünki uşaq dərsliyi evə aparmırsa, amma ona ev tapşırığı verilirsə, bu necə tənzimlənməlidir? Bu halda uşağın evdə əlavə dərsliyinin olması zərurəti yaranır”.
Müsahimiz deyir ki, valideynlərin fikirləri də bu məsələdə birmənalı deyil: “Bəzi valideynlər hesab edir ki, ev tapşırıqları uşağın əlavə yüklənməsinə səbəb olur. Digərləri isə bunun əksini düşünür. Mövcud vəziyyətdə hesab edirəm ki, ölkəmizdə ev tapşırığının az verilməsi və şagirdin yüklənməməsi istiqamətində yanaşma daha doğrudur. Bu, həm də Elm və Təhsil Nazirliyinin mövqeyi ilə üst-üstə düşür. Əsas məqsəd mümkün qədər məzmunun məktəbdə mənimsədilməsinə nail olmaq və eyni zamanda məzmunu sadələşdirməkdir. Nəzərə alsaq ki, son illərdə repetitorluq artıq ibtidai siniflərə qədər yayılıb, bunun əsas səbəbi məzmunun çətinliyidir. Uşaq bu məzmunu sinifdə tam mənimsəyə bilmir. Eyni zamanda müəllim də məzmunu dərs zamanı tam çatdıra bilmədiyi üçün sanki ev tapşırıqları verməyə məcbur qalır. Bu baxımdan düşünürəm ki, məzmuna daha çox diqqət yetirilsə və onun sadələşdirilməsinə nail olunsa, bu problem öz-özünə həllini tapa bilər. Hər hansı bir ölkənin təcrübəsini birbaşa tətbiq etmək düzgün deyil. Təbii ki, qabaqcıl təcrübədən yararlanmaq olar, amma əsas məsələ öz reallığımızı nəzərə almaqdır. Əgər biz uşaqları həddindən artıq yükləməklə onları məktəbdən uzaqlaşdırırıqsa, bu yanaşma düzgün deyil. Əsas məqsəd uşağa məktəbdə öyrənməyi öyrətmək olmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, ev tapşırıqlarının azaldılması ağır çanta probleminin aradan qalxmasına da müsbət təsir göstərə bilər”.

Bununla belə, İlqar Orucov hesab edir ki, çanta problemi ayrıca bir mövzudur və buna fərqli yanaşmaq lazımdır: “Məsələn, dərsliklərin hissə-hissə çap olunması çanta yükünün azaldılması üçün ən uyğun vasitələrdən biri ola bilər. Mövcud məzmunun sadələşdirilməsi və ev tapşırıqlarının yüngülləşdirilməsi ilə daha doğru nəticə əldə etmək mümkündür. Bu, şagirdlərin inkişaf dövründə məktəbdən uzaqlaşmasının qarşısını alar və fənlərə marağın azalmasına deyil, əksinə artmasına səbəb olar. Xüsusilə ibtidai siniflərdə məzmun daha çox əyləncəli formatda təqdim olunmalıdır. Burada yalnız dərsliyə fokuslanmaq yox, müxtəlif interaktiv oyunlardan və yaradıcı məzmundan istifadə etmək vacibdir. Bu yanaşma həm şagirdlərdə dərsə maraq yaradar, həm onların öyrənmə vərdişlərini formalaşdırar, həm də ev tapşırıqlarının həddindən artıq çox olmasının qarşısını ala bilər”.

