Siyasət 

Azərbaycan dünyaya günəş kimi doğdu

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasa idi Azərbaycanı bugünkü təqdimatda görmək sadəcə xəyal olardı

Azərbaycan müstəqillik tarixinin 29 ilini arxada qoyacaq. Bu, zaman baxımından qısa dövr olsa da, uğurların miqyasının genişliyinə görə zəngin dövrdür. Təbii ki, söhbət 1993-cü ildən sonrakı mərhələdən gedir. Müstəqilliyimizin ilk illəri tarixə xaos, anarxiya, özbaşınalıq dövrü kimi yazılıb. 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövləti təsəvvür etmək çətin olardı.

Heydər Əliyevsiz Azərbaycan bugünkü uğurlu inkişaf yolunda inamla irəliləyən Azərbaycandan fərqli olardı. Xalq ən çətin məqamda üzünü xilaskarına – Ümummilli Liderə tutdu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın qarşısında geniş imkanlar açdı. 15 iyun tarixinin ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunması bu günün dövlətimiz, xalqımız üçün önəmini qabarıq şəkildə büruzə verir. Bu onunla bağlıdır ki, insanlar öz həyat tərzlərinin bugünkü səviyyəsini, Azərbaycanın davamlı uğurlarını, perspektivlərini ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əsaslandırırlar. Çünki müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı durum hər kəsin yaddaşındadır.

Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə bu günü müqayisə etdikdə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisinin reallıqda öz əksini tapdığı təsdiqlənir. Bu gün Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirmiş, ikitərəfli və çoxtərəfli çərçivələrdə əlaqələri inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə çevrilmişdir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu uğurlar göydəndüşmə deyil, böyük səylərin və qətiyyətin nəticəsidir. 1993-cü ilin bu günlərini yada salaq. Həmin dövrdən bizi 27 illik zaman ayırır. “Olum, ya ölüm” dilemması qarşısında qalan Azərbaycan xalqı vəziyyətdən çıxış yolu axtarırdı. Belə çətin məqamda Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxdı. İyunun 9-da Bakıya qayıdışı ilə Azərbaycan dövlətçiliyinin xilaskarı kimi xalqa qurtuluş yolunda bələdçilik edən ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi.

Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq onun xilaskarlıq missiyası önə çəkilir. Dahi şəxsiyyət Heydər Əliyev uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi. Məhz Onun xidmətləri sayəsində Azərbaycanda dövlət müstəqilliyinin əsasları gücləndirildi. Azərbaycan bir dövlət olaraq dünyanın siyasi xəritəsində öz yerini qorudu və möhkəmləndirdi. Məhz tarixi paralellər 1993-cü il 15 iyunun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi yazılmasını şərtləndirən amillərə işıq salır. Ulu öndər Heydər Əliyev üçün ən böyük sevinc xalqın etimadı, Azərbaycanın müstəqilliyi, azadlığı, suverenliyi idi. O, 1993-cü ilin oktyabrında keçirilən andiçmə mərasimində bildirmişdir: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm.” Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində reallaşdırdığı genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını daha da artırdı. Ulu öndər Heydər Əliyev sabitliyi hər bir inkişafın əsası kimi önə çəkərək, ölkədə ictimai-siyasi sabitliyin qorunmasının hər kəsin vətəndaşlıq borcu olduğunu bildirdi. Uğurlu siyasət Azərbaycanı qısa müddətdə sabitlik məkanına çevirdi, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artmağa başladı. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması bu sabitliyin daha da möhkəmləndirilməsinin, Azərbaycanın bugünkü uğurlarının stimulu oldu. Azərbaycan müharibə şəraitində yaşasa da, hər sahədə davamlı uğurlar əldə etmək üçün biri-birindən əhəmiyyətli islahatların həyata keçirilməsinə nail oldu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinin, dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu. Bu sazişdən sonra imzalanan onlarla müqavilə, Anlaşma memorandumları Azərbaycanın bu gününə, sabahına olan inamdan qaynaqlanır. Artıq qeyd etdiyimiz kimi, bu gün dünya Cənub Qaz Dəhlizindən, onun əsas seqmentlərindən olan TANAP və TAP-ın perspektivlərindən bəhs edir. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin reallığa çevrilməsi ilə Azərbaycan dünya enerji bazarına yollarını daha da genişləndirdi, çoxtərəfli əməkdaşlığın qurulması üçün imkanlar yarandı. Bu gün Azərbaycanın beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması təbii ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir.

Ulu öndər Heydər Əliyev iqtisadi və siyasi islahatların vəhdətliyini qarşıya mühüm vəzifə kimi qoyurdu. Azərbaycanın demokratiya yolunda inamlı addımları dahi şəxsiyyətin uğurlu islahatlarından qaynaqlanır. Azərbaycanın demokratik inkişafını qəbul etməyən daxili və xarici qüvvələr hər vəchlə bu yolda böyük maneələr yaratmağa çalışırdılar. Ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq yolunda hansı maneələrlə üzləşdiyi hər kəsə məlumdur. Lakin ulu öndər Heydər Əliyev uğurlu addımları ilə bu maneələri dəf etdi, 2001-ci il yanvarın 17-də Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması haqqında qərar qəbul olundu, həmin ilin yanvarın 25-də Azərbaycanın bayrağı bu mötəbər qurumun qarşısında dalğalandı. Beləliklə, ölkəmiz öz həqiqətlərini dünya ictimaiyyətinə təqdim etmək üçün növbəti tribunanı əldə etdi. Bu uğurumuzu şərtləndirən əsas amillər təbii ki, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində insan hüquqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, demokratik seçkilərin keçirilməsi, çoxpartiyalı sistemin yaradılması və sair kimi sahələrdə uğurların əldə edilməsi idi. Bu addımların nəticəsidir ki, hazırda Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Dövlətimizin başçısı bildirir: “Azərbaycanda bütün azadlıqlar bundan sonra da təmin ediləcək və bu iki yanaşma arasında heç bir ziddiyyət olmamalıdır. Azərbaycan azad dövlətdir, demokratik dövlətdir, demokratik inkişaf istiqamətində bir çox nailiyyətlərimiz var və bu proses davam etdirilməlidir. Bütün fundamental azadlıqlar Azərbaycanda bundan sonra da təmin ediləcək və xalqımız azadlıq şəraitində yaşayacaqdır.”

Demokratik cəmiyyətin vacib elementlərindən biri kimi ölkəmizdə çoxpartiyalı sistemin yaradılması istiqamətində atılan addımlar da təqdirəlayiqdir. Ümummilli Liderin xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bu gün sıralarında 750 mindən artıq üzvü birləşdirən, milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Partiyanın adında öz ifadəsini tapan Yeni Azərbaycan sözü həmin dövrün çətinliklərinin aydın mənzərəsini yaradır. Bu baxımdan ki, həmin dövrdə parçalanmaq və dağılmaq təhlükəsini yaşayan Azərbaycanın yenidən qurulmasına, xalqın sabaha ümidlərinin bərpa olunmasına böyük ehtiyac var idi. Xalqın böyük əksəriyyətinin istəyini özundə birləşdirən 91 nəfər ziyalının müraciətində də bu vacib məqamlar öz əksini tapmışdır. Ümummilli Liderin müraciətə cavabı bu istəyin gerçəkləşdirilməsində stimulverici amil rolunu oynadı. Azərbaycanın bugünkü uğurlarında partiyanın payı inkaredilməzdir. Əsas məqsəd ölkəmizin hərtərəfli inkişafına, yüksək rifaha dəstək olmaqdır. Bu gün Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin rəhbərliyi ilə biri-birindən əhəmiyyətli uğurlara imza atır.

Ölkəmizin iqtisadi və siyasi islahatların vəhdətliyini qoruması fonunda uğurlarımız davamlılığı ilə diqqət çəkir. Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Ölkəmizin səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurları diqqət çəkir. Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin nəticəsidir. Ötən ildə, eyni zamanda, cari ilin arxada qalan dövründə diplomatik mübarizədə Azərbaycanın uğurlarına diqqət yetirmək kifayətdir. Dünyanın bu gün koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərini dərinləşdirdiyi bir zamanda Azərbaycanın virusla qlobal çərçivədə mübarizənin aparılması təşəbbüsü ilə çıxış etməsi, Türk Şurasının, Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsi ölkəmizin birləşdirici mövqeyinə bir daha işıq saldı. Beynəlxalq ictimaiyyət Azərbaycan dövlətinin atdığı bu addımı yüksək dəyərləndirdi. Belə çətin məqamda dövlətimizin başçısı İlham Əliyevin digər ölkələrin də vəziyyətini düşünməsi, onlara çıxış yolunu axtarmaqda dəstək olması, maliyyə yardımları etməsi diqqətdən kənarda qala bilməzdi. Təbii ki, bu uğurlar düzgün təmələ əsaslanan siyasətin nəticələridir. Azərbaycan ulu öndər Heydər Əliyevin “açıq qapı” siyasətinə uyğun olaraq qapılarını ölkəmizə xoş niyyətlə ayaq basan hər kəsin üzünə açıq edir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycan hər bir məsələnin həllində səylərin birləşdirilməsinin vacibliyini önə çəkir və bu istiqamətdə ciddi addımlar atır.

Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə keçirilən andiçmə mərasimində bu əsas məqamı da diqqətə çatdırmışdır ki, belə bir yüksək və məsuliyyətli vəzifəsini öz üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram.

Məhz xalq-Heydər Əliyev birliyi, həmrəyliyi bugünkü uğurların təməlində dayanır. Aforizmə çevrilən “Heydər Əliyevin adı çəkiləndə Azərbaycan, Azərbaycan deyiləndə Heydər Əliyev düşünülür” fikri də reallıqlara əsaslanır. Ulu Öndər bildirmişdir: “Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Tarixi paralellər fonunda Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü Azərbaycan dövlətinə, xalqına xidmətlə səciyyələnir. Əbəs yerə deyilmir ki, dövlət o zaman güclü, qüdrətli olur ki, onun güclü, xalqını düşünən lideri var. Azərbaycan tarixində, xalqın yaddaşında ulu öndər Heydər Əliyev müstəqil müasir dövlətin simvolu kimi qalmış və qalacaqdır. Birinci hakimiyyəti illərində iqtisadi və mədəni tənəzzül dövrünü yaşayan Azərbaycanı Qırmızı bayraqlar ölkəsinə çevirən ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal – azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsinə nail olaraq bugünkü uğurlarımıza yol açdı. Bir sözlə, Azərbaycanın müstəqil dövlət quruculuğuna yolu məhz Onun hakimiyyətə qayıdışı ilə başlamışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmız tədbirlərin nəticəsi kimi bu gün müdafiə qudrəti ilə fərqlənən milli ordumuz formalaşdı, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələr yaradıldı.

Müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdur. Uğurlu daxili və xarici siyasət nəticəsində erməni yalanları ifşa olundu, dünya Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini öyrənməyə çalışdı. Ulu öndər Heydər Əliyevin elə bir ölkəyə səfəri olmazdı ki, aparılan danışıqlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə diqqət yönəltməsin. Xarici siyasətimizin önündə dayanan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların, xüsusilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapır. Bu təhlillər əsasında mütəmadi səsləndirilən “Qurtuluş Azərbaycana nə verdi” sualına cavablardan biri məhz budur ki, Azərbaycan beynəlxalq təcriddən informasiya blokadasından çıxa bildi. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırır. Cənab İlham Əliyevin son bəyanatları sırasında yer alan “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” işğalçı dövlətə və onun havadarlarına ciddi mesajdır. Xalqımız tam əmindir ki, dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu problemimiz də öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.

Təbii ki, bir yazı çərçivəsində Qurtuluşdan başlanan yolun uğurlarını əhatə etmək qeyri-mümkündür. Əsas olan budur ki, qurtuluş Azərbaycanı sabitlik diyarına, böyük investisiyalar məkanına çevirdi. Bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır. Qurtuluş Azərbaycan xalqına öz təbii resurslarının sahibi olub, ondan səmərəli istifadə etmək imkanlarını yaratdı. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dövlətlər, xalqlar arasında körpü rolunu oynayır.

Ümumiləşdirilmiş şəkildə desək, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Milli Qurtuluş Günü ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin aydın mənzərəsini yaratmaqla yanaşı, Onun ideyalarının dünənimiz, bu günümüz və gələcəyimiz üçün əsas olduğunu bir daha indiki və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır.

Bu gün Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi oluruq. Təkmilləşməni, yeniləşməni həyata keçirdiyi siyasətin önündə saxlayan dövlətimizin başçısı İlham Əliyev ən yeni təcrübələrin öyrənilməsinin və tətbiqinin vacibliyini bildirir. “Əlbəttə ki, əldə edilmiş nəticələr haqqında çox danışmaq olar. Amma bizim əsas vəzifəmiz gələcəyə baxışımızdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev özlüyündə yaranan “Biz necə inkişaf etməliyik, hansı yollarla inkişaf etməliyik” sualını belə cavablandırmışdır: “Bir şeyi qətiyyətlə deyə bilərəm ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Biz daim irəliyə baxmalıyıq. Dünya dəyişir, bölgə dəyişir, bölgədə yeni çağırışlar meydana çıxır, 15-20 il bundan əvvəl olan vəziyyət bu gün tamamilə fərqlidir. Bölgənin, dünyanın geosiyasi mənzərəsi tam fərqlidir və biz buna hazır olmalıyıq. Ona görə hər bir məsələ ilə bağlı biz çox operativ və çevik fəaliyyət göstərməliyik və göstəririk. Ölkəmizin maraqlarını müdafiə etməliyik. Biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycanı mümkün olan risklərdən qoruyaq, necə ki, bu günə qədər qorumuşuq.”

Yeganə Əliyeva,

“İki sahil”

Daha çox xəbərlər