Xalqın özünəinamının bərqərar olduğu gün
Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasının başlıca səbəbi darda olan Vətəni xilas etmək idi
15 iyun – Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Eyni zamanda, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsindən qalibçıxma tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan – Heydər Əliyevdir.
Məlumdur ki, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü ilin ortalarına qədər olan dövr müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist və populist hərəkətlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.
Həmin dövrün acı mənzərəsi belə idi: 1993-cü ilin yazında Ermənistanın işğalı genişlənmişdi və gücsüz, silahsız Azərbaycan Ordusu mövqelərini qoyub geri çəkilirdi. Hələ bu azmış kimi, ölkədə vətəndaş müharibəsi başlamışdı. Artıq ölkədə qardaş qırğını qarşısıalınmaz prosesə çevrilmişdi. Gəncədə qiyam qaldıran 709-cu briqadanın hərbçiləri Surət Hüseynovun başçılığı ilə Bakıya doğru irəliləyirdi. Təbii ki, belə bir zamanda hamının inandığı və müdrikliyinə güvəndiyi Heydər Əliyevsiz Azərbaycanı xilas etmək mümkün deyildi. Bu həqiqəti onu istəyənlər də, istəməyənlər də çox yaxşı anlayırdılar. Ona görə də Ulu Öndərə nəinki günbəgün, hətta saatbasaat ehtiyac duyulurdu. Xalq Heydər Əliyevin siyasi bioqrafiyasına yaxından bələd olduğundan və onun Azərbaycana rəhbərliyi dövründə əvəzsiz xidmətlərini bildiyindən öz liderini böyük səbirsizliklə gözləyirdi. Ölkə vətəndaşları bilirdilər ki, Heydər Əliyev əsl dövlət xadiminə xas müdrik şəxsiyyət, zəngin dövlətçilik təcrübəsi olan liderdir. İnsanlar anlayırdılar ki, dövləti iflasa aparan xaotik durumun qarşısını almağa, Azərbaycanı düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir.
Ancaq o dövrdəki qaragüruhçu hakimyyət Ulu Öndərin qarşısını kəsir, onun xalqla təmasına hər vasitə ilə mane olurdular. Həmin illərdə Ulu Öndərlə bağlı ən adi informasiyalar belə hakimiyyət dairələrində narahatlıqla qarşılanırdı və iqtidardakılar Ümummilli Liderin Naxçıvan Muxtar Respublikasındakı uğurlarına qısqanclıqla yanaşırdılar.
Lakin artıq Azərbaycan parçalanmaq və bir dövlət kimi öz mövcudluğunu itirmək təhlükəsi qarşısında idi. Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatlıq keçirən ziyalılar ulu öndər Heydər Əliyevə müraciət ünvanladılar. Azərbaycan ziyalıları, o cümlədən sadə insanlar Ümummilli Liderə müraciətlər edərək ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün məhz onun hakimiyyətə gəlməsinin vacibliyini vurğulayırdılar.
Artıq ulu öndər Heydər Əliyevin hakmiyyətə gəlməsi zəruri idi. Belə bir vəziyyətdə xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb edirdi. Nəhayət, bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin hökmü idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı. Beləliklə, Ulu Öndərin ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün – 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu, bir həqiqətdir ki, 15 iyun olmasaydı, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı.
Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994, 1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Əlbəttə ki, bunun kökündə Ümummilli Liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi.
Həmin dövr çətin və keşməkeşli idi. Məhz Ulu Öndər kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu şəraitdə Azərbaycan dövlətçiliyini nəinki qoruyub saxlaya bildi, hətta müxtəlif dövrlərdə ölkəmizə qənim kəsilmiş düşmənlərimizin, onların bitib-tükənməyən məkr və hiylələrinin, ən müasir silahlarının qarşısında duruş gətirdi. Bu, bir həqiqətdir ki, Azərbaycan müstəqillik əldə edərkən onun qonşu MDB ölkələri ilə ictimai-siyasi, iqtisadi-sosial, hərbi vəziyyəti eyni deyildi. Məhz Ümummilli Liderin şəxsiyyətinin böyüklüyü hesabına sonrakı illərdə bu balans Azərbaycan dövlətinin xeyrinə, həm də sürətlə və böyük fərqlə dəyişdi. Cənubi Qafqaz ölkələrində hələ də dövlətçilik kursu dəqiqləşdirilmədiyi, məqsədlər aydınlaşdırılmadığı indiki vaxtda Azərbaycan bu gün regionun ən qabaqcıl dövləti olması ilə öyünə bilir. Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasının başlıca səbəbi Onun vətəndaşlıq, xalqı və dövləti qarşısındakı vicdan borcu, onun xalqının düşdüyü ağır vəziyyətdən narahat olması idi.
Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri yalnız Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxlamaqla, dövləti iflas olmaqdan xilas etməklə bitmədi. Eyni zamanda, sonrakı illərdə bu dövləti möhkəmləndirərək bölgənin sabit və inkişaf edən ölkəsinə çevirdi. Qısa müddətdə inkişaf edən Azərbaycan şərtlər qəbul edən ölkədən şərtlər diktə edən ölkəyə çevrildi. Sonrakı illərdə böyük şəxsiyyət dövlət quruculuğunun konsepsiyasını işləyib hazırladı. 1993-cü ilin iyun ayından götürülən siyasi xəttin əsas üstün cəhətlərindən olan demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl, məqsədyönlü tədbirlərin reallaşdırılması ölkəmizdə demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olmasına zəmin yaratdı. Təkcə bir faktı qeyd etmək lazımdır ki, 1995-ci ildə bəşəri və demokratik dəyərləri özündə əks etdirən Konstitusiyanın qəbulu, çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsinə başlanılması, ölkə tarixində ilk dəfə olaraq Konstitusiya Məhkəməsinin fəaliyyəti və digər demokratik tədbirlər Azərbaycanı sivil dövlətlər sırasına çıxardı.
Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Ölkəmiz tezliklə vahid Avropa ailəsinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Ölkənin ali qanunvericilik orqanına, yerli idarəetmə orqanlarına beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və demokratik seçkilər keçirildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı.
Bütün bunlar isə sözün əsl mənasında, “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib meydana atılan cəsur ürəkli vətən oğlunun öz xalqı, Vətəni qarşısında misilsiz fədakarlığı idi. Həmin vaxtdan indiyə qədər Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Bu illərdə Ulu Öndərin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.
Təbii ki, müasir Azərbaycanın bütün nailiyyətlərinin əsasında Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycan bu gün Ulu Öndərin ləyaqətli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən mükəmməl şəkildə idarə olunur. Bu gün hörmətli Prezidentimiz İlham Əliyevin həmin siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib. Ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, dünya təsdiq edir. Azərbaycana səfər edən hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır.
Elçin Zaman,
“İki sahil”

