Azərbaycanın dayanıqlı enerji təminatı yaradılıb
Enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında ikinci yerdədir
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 17 il ərzində respublikamızın sosial-iqtisadi tərəqqisinin reallaşmasında mühüm elementlərdən olan energetika sahəsinin inkişafına çox böyük diqqət yetirilib, ölkəmizin elektrik enerjisi təsərrüfatında köklü islahatlar, bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər gerçəkləşdirilib. Bununla da ölkəmizin elektrik enerjisi sistemi, enerji istehsalı infrastrukturu yenidən qurulmuş, ölkədaxili və respublikamızı xarici ölkələrlə əlaqələndirən magistral elektrik xətləri yenilənmiş, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyaları tikilmişdir.
Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” və imzaladığı “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamı ölkənin hər bir yaşayış məntəqəsinin və istehsal obyektlərinin fasiləsiz və etibarlı enerjiyə çıxışı, enerji təhlükəsizliyinin təmin edilməsi, yeni enerji mənbələrinin yaradılması istiqamətində dönüş yaradan addımlar oldu. Dövlət Proqramından irəli gələn vəzifələrin uğurlu icrası ölkənin yanacaq-enerji resurslarına olan tələbatını tam ödəməklə bərabər, bu sahənin yenidən qurulmasını, müasir avadanlıqlarla təchizatını, habelə bazar iqtisadiyyatı şəraitinə uyğunlaşmış idarəetmə sisteminin tətbiqini özündə əks etdirən strateji sənəd, energetika sektorunda aydın inkişaf bələdçisi oldu. Dövlət Proqramının uğurlu icrası ilə yanaşı, Asiya İnkişaf Bankının dəstəyi əsasında 2006-cı ildə hazırlanmış “Enerji ötürülməsinin yaxşılaşdırılması” layihəsi çərçivəsində elektrik enerjisi təchizatının keyfiyyətini yüksəltmək və itkiləri azaltmaq üçün elektrik şəbəkələrinin bərpası, alternativ və bərpa olunan enerjinin inkişafı, enerji səmərəliliyi və enerjiyə qənaətin artırılması ilə bağlı görülən tədbirlər, eləcə də ölkənin sosial-iqtisadi inkişafı ötən dövr ərzində elektroenergetika sisteminin keyfiyyətcə yeni mərhələyə daxil olmasını təmin etdi.
İyunun 11-də Prezident İlham Əliyevin Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovotluq “Əhmədli” yarımstansiyasının açılışında iştirakı bunların uğurlu davamı kimi, qiymətləndirilir. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verərək bildirib ki, müasir avadanlıq və qurğuların quraşdırılması yarımstansiyanın səmərəliliyini və gücünü artırıb. Burada 3 köhnə transformatorun daha yeni transformatorlarla əvəzlənməsi yarımstansiyanın ümumi gücünü 166 mVA-dan 240 mVA-ya çatdırıb. Yarımstansiyada aparılan yenidənqurma işləri istehlakçıların enerji təchizatında fasilə yaranmaması üçün xüsusi rejimdə – onun fəaliyyəti dayandırılmadan həyata keçirilib.
Ümumilikdə, son iki ildə Prezident İlham Əliyevin tapşırığı ilə elektrik stansiyaları ilə yanaşı, ötürücü şəbəkədə də geniş yenidənqurma, təmir və bərpa işləri həyata keçirilir. Hazırlanan Reabilitasiya Proqramı çərçivəsində bu dövrdə 1 ədəd 500, 2 ədəd 330, 2 ədəd 220 və 10 ədəd 110 kV-luq yarımstansiya yenidən qurulub, 12 yarımstansiyada təmir-bərpa işləri həyata keçirilib.
“Əhmədli” yarımstansiyası tamamilə yenidən qurulub, buradakı transformatorlar yeniləri ilə əvəzlənib, yarımstansiyanın bütün qurğuları müasir səviyyəyə çatdırılıb. Yenidənqurma işləri zamanı yarımstansiyanın idarəetmə binası da inşa olunub. Yarımstansiya Suraxanı, Xətai və Nizami rayonlarında əhalini, sosial, iqtisadi və sənaye müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.
“Son illər ərzində energetika sahəsində çox böyük işlər görülüb, həm generasiya gücləri artıb, eyni zamanda, siz itirilmiş gücləri bərpa edirsiniz. Yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının da yenidənqurmadan sonra açılışını edəcəyik. Əslində, bu, yenidən tikilmiş 2400 meqavat gücündə elektrik stansiyasıdır və yarımstansiyaların tikintisi” söyləyən dövlətimizin başçısı cənab İlham Əliyev bildirib ki, məhz buna görə bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında ikinci yerdədir: “Özü də bunu biz demirik, Davos Ümumdünya İqtisadi Forumu deyir. Yəni biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq və işlər davam edir. Mənim rayonlara səfərlərim çərçivəsində də yeni yarımstansiyalar açılır. Bu yaxınlarda Tərtərdə, Ağcabədidə iki yarımstansiya açılıbdır. İndi “Əhmədli” yarımstansiyası, “8-ci Kilometr”, “Xırdalan”, “Buzovna”, “Ağ şəhər”.
Prezident, həmçinin vurğulayıb ki, Azərbaycanın bütün elektrik təsərrüfatı tamamilə yenilənməli və ən yüksək müasir standartlara cavab verməlidir: “Bir sıra layihələr başa çatıb, ancaq hələ görüləsi işlər çoxdur, onları da ardıcıllıqla icra edəcəyik”.
Mənsumə Babayeva,
“İki sahil”

