Siyasət 

Azərbaycanın əsas strategiyası yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır

“Microsoft” şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə şirkətin vitse-prezidenti və digər nümayəndələri arasında keçirilən videokonfransda dövlətimizin başçısı İlham Əliyev bir daha bildirmişdir ki, biz özümüzü reallığa uyğunlaşdırmalıyıq

“Microsoft” şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə şirkətin vitse-prezidenti və digər nümayəndələri arasında keçirilən videokonfransda “Baxmayaraq, əlbəttə ki, bu pandemiya bizim ənənəvi həyat tərzimizə ciddi şəkildə müdaxilə edir, bununla belə, biz özümüzü reallığa uyğunlaşdırmalıyıq” söyləyən ölkə Prezidenti pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində görülən işlərdən bəhs edərək bildirmişdir ki, biz nəinki təkcə daxili məsələlərə diqqət yetiririk, həmçinin qlobal miqyasda da fəaliyyət göstəririk. Azərbaycan artıq 29 ölkəyə humanitar yardım göstərib və bu proses davam edir. Biz özümüzü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdiririk.

Cənab İlham Əliyev onu da qeyd etmişdir ki, fəaliyyətimiz və gələcək planlarımıza gəlincə, əsas diqqət insanların koronavirusdan qorunmasına yönəldildi. Təbii ki, bunun iqtisadi artıma mənfi təsir göstərəcəyi də məlumdur.

Cari ilin birinci rübünün, xüsusilə yanvar-fevral aylarının sosial-iqtisadi göstəriciləri qənaətbəxş olsa da, mart ayından pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi fonunda əsas diqqətin insanların sağlamlığının təminatına yönəldilməsi bu reallığa bir daha işıq saldı ki, seçim qarşısında olan dövlətimiz iqtisadiyyatdan daha çox insanların sağlamlığını əsas götürdü. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, iqtisadiyyatı növbəti mərhələlərdə dirçəltmək, dayanıqlı inkişafı təmin etmək mümkündür. “Bu gün biz məhdudiyyət tədbirlərini uzlaşdırırıq, çünki COVID-19 hələ də mövcuddur. Eyni zamanda, biz ölkəmizi açmağa və həyatımızın müxtəlif sahələrinin fəaliyyətini bərpa etməyə başlayırıq. Beləliklə, ümidvaram ki, bu balanslaşdırılmış yanaşma bizə, ilk növbədə, pandemiyaya qarşı uğurlu mübarizəni davam etdirməyə kömək edəcək” söyləyən cənab İlham Əliyev ilk gündən insanların sosial müdafiəsinin gücləndirilməsinin də prioritet olduğunu əsaslı şəkildə diqqətə çatdırır. İşsiz, həmçinin pandemiya dövründə müvəqqəti işsiz qalan vətəndaşlara 190 manat birdəfəlik maddi dəstəyin göstərilməsi, özəl sektora diqqət də deyilənlərə bariz nümunədir.

Koronavirus pandemiyası insanların sağlamlığına təhdid, iqtisadiyyata böyük zərbə olmaqla yanaşı, yeni texnologiyaların, müasir idarəçiliyin tətbiqinin önəmini açıqladı. Pandemiya dövründə videoformat şəklində keçirilən görüşlər, beynəlxalq əhəmiyyətli tədbirlər hər bir ölkənin bu sahədə də malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” devizi altında Türk Şurasının, həmçinin Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirildi. Bu müddət ərzində, eyni zamanda, Prezident İlham Əliyevlə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti arasında, Asiya İnkişaf Bankının, “Signify” və CISCO şirkətlərinin təşəbbüsü ilə dövlətimizin başçısının bu qurumların rəhbərləri ilə videokonfransları keçirildi. Bütün bu addımlar ölkəmizin yeni texnologiyaların inkişafı və tətbiqi sahəsində əldə etdiyi təcrübələrin aydın mənzərəsini yaradır.

“Azərbaycan əksər ölkələr kimi, texnologiyaları idxal edir. Ancaq bu texnologiyaları işlətmək, onları mənimsəmək, bu texnologiyalar əsasında yeni intellektual məhsul yaratmaq artıq kadr peşəkarlığından, kadr hazırlığından bilavasitə asılıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı bütün addımlarımız düzgündür. Azərbaycan təkcə adını çəkdiyimiz şirkətlərlə deyil, eyni zamanda, dünyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bütün aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir. Ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiqi dövlətimizin diqqət göstərdiyi prioritet sahələrdəndir.

Qeyd etdiyimiz kimi, pandemiya dövründə yeni texnologiyaların tətbiqi aktuallaşdı. Karantin zamanı müəyyən edilmiş kvota çərçivəsində həyati vacib qurumların fəaliyyətini davam etdirməsi üçün minimal sayda işçi cəlb olunub. Digər işçilər isə “evdə qal” prinsipi əsasında fəaliyyətlərini onlayn həyata keçiriblər. Özünütəcrid şəraitində informasiya texnologiyaları olmadan iş görmək mümkün deyil. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşləri, ölkə rəhbərinin bu və ya digər dövlətin, beynəlxalq təşkilatın rəsmiləri, həmçinin dövlət məmurlarımızla görüşləri videokonfrans şəklində həyata keçirilibsə, bu, artıq innovasiyaların tətbiqi sahəsində təkmilləşmənin vacibliyinə işıq salır. Çünki reallığa uyğunlaşma fonunda həyata keçirilən bu kimi tədbirlər müasir texnologiyalar olmadan mümkün deyil. Cənab İlham Əliyev bildirir ki, informasiya texnologiyaları bütün sahələrdə tətbiq edilməlidir. Bunlar gələcəyə doğru atılan addımlardır: “Biz gecikə bilmərik, yubana bilmərik, geciksək uduzarıq. Ona görə bütün resurslarımızı, o cümlədən maliyyə, intellektual və kadr resurslarımızı səfərbər etmişik. Əminəm ki, gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək.”

Dövlətimizin başçısı İlham Əliyev hər zaman bu çağırışı edir ki, əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq əsas hərəkətverici qüvvənin təhsil, elm, texnologiyalar, innovasiyalar olduğunu görərik. “Microsoft” şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə şirkətin vitse-prezidenti və digər nümayəndələri arasında keçirilən videokonfransda da bu məsələyə xüsusi diqqət yönəldilib. “Təhsil mövzusuna gəlincə, zənnimcə, bu, güman ki, bizim əsas nailiyyətlərimizdən biri idi. O mənada ki, biz Sizin təxminən 1 milyon tələbəniz üçün əlaqə qura bilmişik” söyləyən “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq bildirib ki, komandalarımız və tərəfdaşlarımızın mümkün qədər tez müddətdə, bir neçə həftə ərzində hər kəsi əlaqələndirmək üçün sizin nazirlikdəki təhsil işçiləri ilə apardığı işdən qürur duyuram. Qurum rəsmisi digər ölkələrlə müqayisədə bu məqamı da açıqlayıb ki, bir sıra ölkələrdə üzləşdiyimiz problem ondan ibarətdir ki, evlərdəki qurğuların sayı məhduddur: “Anlayıram ki, bu, sizdə problem deyil. Bu isə yaxşı xəbərdir. Çox ölkələr, əslində, yetəri qədər qurğular əldə etmək üçün çətinlik yaşayıblar. Ana, ata və uşaqlar evdədirlər və kompüterdən istifadə uğrunda mübarizə aparılır. Lakin görünür, sizdə bu problem yoxdur və bu, yaxşı xəbərdir.”

Dövlətimizin başçısı qeyd olunan videokonfransda Azərbaycanın artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrildiyini də əsaslı şəkildə diqqətə çatdırıb. Ənənəvi keçirilən Davos İqtisadi Forumunun builki iclası çərçivəsində Davosun Dördüncü Sənaye İnqilabı üzrə Regional Mərkəzinin Bakıda yaradılması ilə bağlı sənəd imzalandı. Bu mərkəz nəinki təkcə Azərbaycanı, region ölkələrini də əhatə edəcək. Cənab İlham Əliyev bu uğurlu addımların əsasında birgə səylərin göstərilməsinin vacibliyinə diqqəti yönəltmişdir: “Buna görə düşünürəm ki, bizim üçün daha da irəliləmək və sizinlə innovasiya mərkəzi üzərində çalışmaq təbii olardı. Bizim əsas strategiyamız sizin də bildiyiniz kimi, karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır. Buna görə düşünürəm ki, bu məsələ üzərində birgə çalışmağımız əməkdaşlığımızı gücləndirə bilər.”

Bu gün elm və təhsil təkcə inkişaf etmiş ölkələrin deyil, ümumilikdə dünyanın əsas prioritetlərinin tərkib hissələrindən biridir. Hazırda metodologiyalar və texnologiyalar kökündən dəyişməkdə, elm öz inkişafında böyük dəyişikliklərə məruz qalmaqdadır. Dövrün, zamanın tələbinə uyğun təkmilləşmə digər sahələr kimi, təhsildə də özünü qabarıq şəkildə göstərir. Təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bildirirdi ki, təhsil həyatımızın ən gərəkli, mühüm sahəsidir. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev bildirir ki, o ölkələr yaxşı inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir. Uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail ola bilərik: “Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var.”

Təkcə bu faktı qeyd etmək kifayətdir ki, ölkəmiz son beş ildə orbitə 3 peyk çıxarıb: “Azərspace 1” telekommunikasiya peyki, “Azərsky” müşahidə peyki və “Azərspace 2”. Bu mühüm hadisələr dövlətimizin gücünü, həyata keçirilən siyasətin uğurlu gələcəyə hesablandığını təsdiqləyir. Ölkə Prezidenti İlham Əliyev üçüncü peykin orbitə buraxılması münasibətilə xalqa təbrikində qeyd etmişdir ki, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir. Yeni texnologiyaların tətbiqi şəraitində qarşıya əsas hədəf kimi qoyulan iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasına yüksək səviyyədə nail olmaq mümkündür.

Bütün dövrlər üçün aktual olan bu çağırış da günümüzün əsas tələbidir: Gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Ölkə Prezidenti İlham Əliyevin təkcə son dövrlərdə təhsilin inkişafına xidmət edən addımlarına diqqət yetirmək kifayətdir. “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə, “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamlar, eyni zamanda, “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman deyilənlərin bariz nümunəsidir. Dövlətimizin gənclərin malik olduğu imkanlardan maksimum istifadə istiqamətində atdığı addımların davamlılığı qəbul olunan və uğurla icra edilən Dövlət proqramlarından da aydın görünür. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanan və dövlətimizin başçısı İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasından gözlənilən nəticələr sırasında da gənclərin intellektual inkişafı və elmi fəaliyyətlərinin stimullaşdırılması, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi əsas yer tutur. Müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında qoyduğu mühüm vəzifələrin uğurlu icrası üçün zəruri addımlar atılır. Görülən işlərin, həyata keçirilən tədbirlərin bir məqsədi var: Yenilikçi, müasir düşüncəyə malik olan gənclərin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə marağı artırılsın, ən əsası kadr hazırlığı iqtisadi inkişafın səviyyəsi ilə uyğunlaşdırılsın. Həmçinin məktəblərin kompyuterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar da bu tərkibdəndir. Məhz bu addımlar pandemiya dövründə distant təhsilin yüksək nəticələrə yol açmasını şərtləndirdi. Karantin qaydalarına uyğun olaraq orta və ali təhsil müəssisələrində dərslərin dayandırılması heç də gənclərin tədris proqramından geri qalmalarına təsir göstərmədi. Yeni texnologiyaların yaratdığı imkanlar əsasında yaradılan şagird-müəllim, tələbə-müəllim əməkdaşlığı tədris proqramının mənimsənilməsini təmin etdi.

Dövlətimizin başçısı İlham Əliyev hər zaman ölkənin inkişafında yeni texnologiyaların rolunu önə çəkib, onların tətbiqi və inkişafı üçün kadr potensialının yetişdirilməsini qarşıya mühüm vəzifə kim qoyub. 16 noyabr 2018-ci il tarixli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, həmçinin 23 noyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında sərəncamları da uğurlu iqtisadi tərəqqinin kadr hazırlığının beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasından asılı olduğunu bir daha təsdiqləyir. Ali təhsil sisteminin rəqabətliliyinin artırılması öz növbəsində beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələbə çevirir. Təcrübə mübadiləsinin genişləndirilməsinin qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa böyük stimul verdiyi əldə olunan nəticələrdən də aydın görünür. Ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının uğurlu icrası da bu kimi məqsədlərə xidmət edir. Artıq bu Proqramın icrası müddətində 5 min tələbənin xarici ölkələrdə təhsili təmin edilmişdir. Onlar təhsillərini başa vuraraq, Vətənə qayıtmaqla əldə etdikləri təcrübələr əsasında ölkəmizin daha da inkişafına, tərəqqisinə öz töhfələrini verirlər.

Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürən və bu istiqamətdə mühüm addımlar atan dövlətimizin başçısı İlham Əliyev hər zaman bildirir ki, hər bir ölkənin inkişafında təhsil, bilik, yeni texnologiyalar əsas yer tutur. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Məhz İKT sektorunda əldə olunan uğurlara söykənərək, bu fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan bu gün dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə deyil, həmçinin yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar ölkəsi kimi tanınır. “İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir” söyləyən cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, 2020-ci il də dərin islahatlar ili kimi tarixə yazılacaq. Dövlətimizin başçısı İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, həmçinin “Signify”, CISCO, “Microsoft” şirkətlərinin rəhbərləri və digər nümayəndələri ilə görüşlərində də səslənən fikirlər deyilənlərin real təsdiqidir. Ölkə Prezidenti “Microsoft” şirkətinin vitse-prezidenti və digər nümayəndələri ilə görüşündə bu əminliyi ifadə etmişdir ki, uğurlu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək. 15 ildən artvq müddətdə ölkəmizdə fəaliyyət göstərən “Microsoft”la tərəfdaşlığın böyük potensialı və böyük gələcəyi vardır.

Qeyd olunanlar bu ümumiləşdirməyə əsas verir ki, potensiallar səfərbər edildikdə, təcrübə mübadiləsi əsasında qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq mümkündür. Müasir dövrün “innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaq” çağırışı hər bir ölkədən bu sahədə mövcud imkanlarını artırmağı, səyləri birləşdirməyi bir tələbə çevirir.

Yeganə Cəlilqızı,

“İki sahil”

Daha çox xəbərlər