Cəmiyyət 

Azərbaycanda imtahan sualları niyə bilərəkdən “tələ” kimi qurulur? -İmtahan qalmaqalı

Azərbaycanda təhsil sistemində illərdir müzakirə olunan, lakin köklü şəkildə həllini tapmayan problemlərdən biri – qiymətləndirmə və sual tərtibatı məsələsi yenidən gündəmə gəlib. Bu dəfə məsələni açıq və sərt şəkildə dilə gətirən isə elm və təhsil naziri Emin Əmrullayev olub.

Nazir bildirib ki, Azərbaycanda bir çox fənn mütəxəssisləri istər dil, istər tarix sahəsində çalışanlar imtahan sualları hazırlayarkən əsas məqsədi şagirdin və ya namizədin real bilik və bacarığını ölçmək deyil, onu çaşdırmaq üzərində qururlar. O,  bu tendensiyanın xüsusilə müəllimlərin işə qəbulu imtahanlarında da açıq şəkildə müşahidə olunduğunu vurğulayıb.

Bu, dəyişməlidir. Çünki “sual insanı çaşdıranda düz cavab verirmi” məntiqindən “o nəyisə bacarırmı” funksiyasına malik olmalıdır. Bu daha çox qurumların yox, məhz Azərbaycan pedaqogikasında mövcud olan problemin dəyişməsidir. Bu, daha çox fənn mütəxəssislərinə olan müraciətdir” deyə, nazir qeyd edib.

Bir sıra mütəxəssislər də qeyd edir ki, təhsil sistemində keyfiyyətin artırılması təkcə proqram və dərsliklərin yenilənməsi ilə mümkün deyil. Ən vacib məsələlərdən biri də şagirdin və müəllimin bilik və bacarıqlarının necə ölçülməsi, yəni qiymətləndirmə mexanizmlərinin nə dərəcədə düzgün qurulmasıdır. Əgər sualların mahiyyəti dəyişməzsə, nəticələrin də obyektiv və ədalətli olması sual altında qalacaq.

Bəs niyə bəzi fənn mütəxəssisləri bilik ölçmək əvəzinə çaşdırıcı suallar hazırlamağa üstünlük verirlər?

Təhsil sistemində bu yanaşmanın kökləri haradan qaynaqlanır – sovet dövründən, yoxsa müasir problemlərdən?

Beynəlxalq təcrübədə imtahan sualları necə qurulur və Azərbaycan bundan nə öyrənə bilər?

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb:

“Nəzərə çatdırım ki, nazir Emin Əmrullayevin qaldırdığı məsələ olduqca ciddi bir problemi özündə ehtiva edir. Təəssüf ki, bəzi sual tərtib edən mütəxəssislər sanki öz biliklərini nümayiş etdirmək məqsədilə suallar hazırlayırlar və bu yanaşma qətiyyən yol verilməzdir. Əlbəttə, bizim üçün əsas məqsəd imtahan verən namizədin müvafiq mövzular üzrə bilik və bacarıqlarının hansı səviyyədə olduğunu müəyyənləşdirməkdir və qiymətləndirmə də məhz bu prinsip üzərində qurulmalıdır.

İstər buraxılış, istər blok imtahanlarında, istərsə də müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlarda tez-tez müşahidə edirik ki, bəzi suallar sanki bilərəkdən elə tərtib olunur ki, onları cavablandırmaq üçün bir neçə – bəzən 4-5 müxtəlif mövzu üzrə dərin və müfəssəl bilik tələb olunur. Halbuki bu qədər çaşdırıcı və vəziyyəti qəlizləşdirən yanaşma doğru hesab edilə bilməz. Dünyanın müxtəlif ölkələrində tətbiq olunan imtahan sistemləri ilə müqayisə apardıqda görürük ki, bu qədər ziddiyyətli, bir-birinə dolaşdırılmış və müəyyən mənada “hiyləgər” şəkildə qurulan suallara demək olar ki, rast gəlinmir”.

Bəs bu yanaşmanın arxasında nə dayanır?

Hazırlığa fənn müəlliminin yanına getməyəndə bilərəkdən qiyməti aşağı  yazırlar" - Elçin Əfəndi

Elçin Əfəndi məsələyə bu cür mövqe bildirib:

“Məlumdur ki, qeyd etdiyim kimi, bəzi şəxslər bu yolla öz biliklərini ön plana çıxarmağa çalışırlar. Bu isə dolayısı ilə şəxsi maraqlara xidmət edir. Yəni müəyyən bir sualın konkret şəxs tərəfindən tərtib edildiyini qabartmaq, onun daha savadlı və daha bilikli olduğu görüntüsünü yaratmaq cəhdləri müşahidə olunur. Əgər həmin şəxs repetitor fəaliyyəti ilə də məşğuldursa, bu cür “çətin” və mürəkkəb suallar onun “müştəri” bazasının genişlənməsinə də təsir göstərən amilə çevrilir.

Bu kimi problemlər müəyyən qədər Sovet dövründə də mövcud idi. Lakin etiraf etməliyik ki, müasir dövrdə bu hal daha qabarıq şəkildə özünü göstərir. Halbuki beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, imtahan sualları əsasən aydın, konkret və məqsədyönlü şəkildə tərtib olunur, namizədi çaşdırmaq və ya bilərəkdən çıxılmaz vəziyyətə salmaq kimi yanaşmalar qəbul edilmir.

Bir daha vurğulamaq istərdim ki, əsas məqsəd qarşı tərəfin bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirməkdirsə, burada ən vacib məqam həmin bilik və bacarıqların konkret mövzular üzrə, şəffaf və ölçülə bilən meyarlar əsasında dəyərləndirilməsidir. Yalnız bu halda imtahan sistemi həm ədalətli, həm də effektiv hesab oluna bilər”.

Xalidə Gəray
Musavat.com

Daha çox xəbərlər