Maraqlı 

D vitamini nə üçün vacibdir?

Britaniyanın Səhiyyə İdarəsi karantin bitənədək yaz və yay aylarında hər gün D vitamini qəbul etməyi tövsiyə edir. Biz, adətən, bu vitamini açıq havada gəzərkən günəş şüalarının bədənimizin açıq hissələrinə dəyməsi ilə qəbul edirik.

D vitaminini həm də “günəş vitamini” adlandırırlar. O, digər vitaminlərlə yanaşı, infeksiyalarla mübarizə aparır. Bu, xüsusilə pandemiya dövründə vacibdir.

D vitaminini qəbul etmək kimlər üçün xeyirlidir?

Hələ koronavirus epidemiyasından əvvəl britaniyalılara tövsiyə edilmişdi ki, qış aylarında (oktyabrdan marta qədər), küçədə kifayət qədər vaxt keçirmirlərsə, il boyu hər gün 10 mkq D vitamini qəbul etsinlər.

Britaniyalı mütəxəssislər aşağıdakı hallarda D vitaminini gündəlik qəbul etməyi tövsiyə edirlər:

Əgər siz demək olar ki, açıq havada olmursunuzsa, məsələn, siz sağlamlıq vəziyyətinizə görə özünüzü qorumalısınızsa (məsələn, ürək əməliyyatından sonra, keçirilən ağır xəstəlikdən sonra və sair) və küçəyə çıxanda adətən qapalı geyinirsinizsə.

Tünd dəri rəngi olan insanlar açıq havada vaxt keçirsələr də, kifayət qədər “günəş vitamini” almaya bilərlər.

D vitamini nə üçün lazımdır?

D vitamini dişləri, sümükləri və əzələləri möhkəmləndirir.

Körpələrdə bu vitaminin çatışmazlığı raxit-sümüklərin inkişaf etməməsi və skeletin deformasiyası xəstəliyinə, böyüklərdə isə osteomalasiyaya – sümüklərin mineral çatışmazlığından yumşalmasına gətirib çıxara bilər.

Bəzi araşdırmalar göstərib ki, bu vitamin bizə adi soyuqdəymə və qriplə mübarizə aparmağa kömək edir. Lakin D vitamininin immuniteti yüksəltməsi barədə məlumat yoxdur.

Bəzi araşdırmalar D vitamininin aşağı səviyyəsini və mövsümi depressiyanı əlaqələndirirlər. Bu vitaminin çatışmazlığının hətta əsəb sisteminin fəaliyyətinə və psixi sağlamlığa təsir edə biləcəyi barədə məlumatlar var.

Bu vitamini böyük dozalarda qəbul etmək olarmı?

Bunu etmək məsləhət görülmür. Qida əlavəsi kimi D vitamini zərərsiz olsa da, onun uzun müddət gündəlik və çox qəbulu zərər verə bilər.

Təhlükəsiz dozalar belədir: 1-10 yaşlı uşaqlar – gündə 50 mkq-dan çox olmayaraq, 12 aya qədər olan körpələr – gündə 25 mkq-dan çox olmayaraq, böyüklər günlük 100 mkq-dan çox olmayaraq, qida əlavəsi şəklində gündə 10 mkq.

Bəzi hallarda həkim dozanı artıra bilər. Böyrək xəstəlikləri zamanı isə bu vitaminin qəbulu məsləhət görülmür.

D vitamini koronavirusdan qoruya bilərmi?

Bu vitaminin koronavirusdan qoruya bildiyi barədə hər hansı sübut yoxdur. Bununla yanaşı, mütəxəssislər hesab edir ki, pandemiya zamanı bu vitamin “xeyirsiz deyil”. Vitaminli qida əlavələri bədənində D vitamini çatışmazlığı olanların əhvalını yüksəldə bilər.

Yeməklərdə kifayət qədər D vitamini varmı?

Adına baxmayaraq D vitamini əslində bədənin kalsium qəbuluna cavab verən hormondur. Ona yağlı balıq növlərindən və yumurtadan başqa heç harada rast gəlinmir. Lakin bizim dərimiz ultrabənövşəyi şüaların təsiri altında adi xolesteroldan öz hormonunu yaradır. Bəzi istehsalçılar yoqurtlara, yulafa və marqarinə sintezləşdirilmiş vitamin əlavə edirlər.

Vitamin çatışmazlığını necə bilməli?

Yay aylarında günəşi havalarda bu vitaminə tələbat çox fərdi xarakter daşıyır və dəri rəngi, bədəndə yağ miqdarı, orqanizmin sümük skeletini neçə müddətə əmələ gətirdiyi kimi göstəricilərdən asılıdır. Bu, çox çətin prosesdir”, – Warwick Universitetinin tibb tarixçisi Robert Beavney deyir. Buna görə də D vitamini çatışmazlığını simptomlarla deyil, qan analizi ilə müəyyən etmək lazımdır.

Röya Rasimqızı,

“İki sahil”

Daha çox xəbərlər