Astanada “Dünya və ənənəvi dini liderlərin” VI qurultayı keçirilib
ARANTV.AZ xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada “Dünya və ənənəvi dini liderlərin” VI qurultayı keçirilib. Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi qurultayda müxtəlif dinə mənsub xalqların münasibətlərinin formalaşması və ölkəmizdə tolerantlığın qorunması istiqamətində atılan addımlardan danışılıb. Daha ətraflı Azərbaycan Televiziyasının Qazaxıstan və Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbiri Fadil Paşayev xəbər verir.
Qazaxıstanın paytaxtı Astanada keçirilən “Dünya və ənənəvi dini liderlərin” VI qurultayında ölkəmizlə yanaşı, beynəlxalq dini qurumlar, konfensiyalar və ictimai təşkilatlar, həmçinin BMT, YUNESKO, ATƏT və digər nüfuzlu təşkilatların tərkibində olan alyanslar təmsil olunurdu. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirdi ki, 46 ölkədən 82 nümayəndə iştirakı qurultaya artan diqqətin göstəricisidir. Serbiyanın prezidenti Aleksandra Vuçiç isə vurğuladı ki, terrorizm və ekstremizm dünya üçün hələ də təhlükə olaraq qalır. Bu baxımdan belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Məruzə ilə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB müsəlmanları Məşvərət Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycandakı tolerantlıqdan danışdı. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verdi.
Misirin ali imamı Əl-Əxzar Şeyx Məhəmməd Əhməd ət-Tayeb, ATƏT-in baş katibi Tomas Qreminqer və digər çıxışçılar müxtəlif mövzularda məruzələr etdilər. Qurultay çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Azərbaycan xalçasını Sülh və Həmrəylik Muzeyinə təqdim etdi.

