Siyasət 

AŞPA-da beynəlxalq müşahidəçilərin münaqişə ocaqlarına məhdudiyyətsiz girişi müzakirə olunub

ARANTV.AZ xəbər verir ki, “Dağlıq Qarabağ və digər işğal olunan torpaqlarımıza səfərlər yalnız Azərbaycanın icazəsi ilə mümkündür”. Avropa Şurası Parlament Assambleyasında beynəlxalq müşahidəçilərin üzv ölkələrə, o cümlədən münaqişə ocaqlarına məhdudiyyətsiz girişinə həsr edilən müzakirələrdə ölkəmizin bu məsələdə dəyişməz mövqeyi ifadə olunub.

Almaniyalı parlamentari Frank Şvabın mövzu ilə bağlı hazırladığı məruzə Avropa Şurasında hökm sürən ikili standartların növbəti göstəricisi oldu. Məruzədə iddia olunur ki, bütün münaqişə zonalarına insan hüquqları üzrə müşahidəçilərin məhdudiyyətsiz buraxılması humanitar böhranların formaşmaması üçün zəruri şərtdir. Lakin məruzədə unudulub ki, Azərbaycanın işğal olunan ərazilərində humanitar böhran hələ 25 il əvvəl baş verib və erməni terrorçuları işğal olunan torpaqlarda etnik təmizləmə aparıblar. Qurumdakı nümayəndə heyətinin üzvləri Azərbaycanın qəti mövqeyini bir daha avropalı həmkarlarının diqqətinə çatdırdılar. Bildirildi ki, işğal altındakı ərazilərimizə Azərbaycanın icazəsi olmadan səfərlər etmək həm beynəlxalq sənədlərə, həm də Azərbaycanın qanunvericiliyinə ziddir. Azərbaycan nümayəndə heyətinin üzvləri işğal olunan ərazilərdə separatçıların qeyri-qanuni hərəkətlərindən və ağır cinayətlər törətməsindən də danışdılar. Bildirildi ki, bir sıra beynəlxalq ekspert qrupları və təşkilatların da dəfələrlə bəyan etdiyi kimi, sözügedən ərazilərdə qeyri-qanuni silahlı qruplar məskən salıb. Narkotik vasitələrin kütləvi şəkildə daşınması üçün işğal altındakı ərazilərimizdən istifadə olunması ABŞ Dövlət Departamentinin 2001-ci ildə yaydığı hesabatda, həmçinin narkotik maddələrin yetişdirilməsi faktı AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəsində də öz əksini tapıb. Belə olan halda, müzakirəyə çıxarılan məruzə separatçı rejimin beynəlxalq ictimaiyyətə legitim qurum kimi təqdim etmək cəhdidir.

Avropa Şurası Parlament Assambleyasında Avropada islam icmalarının xaricdən maliyyələşməsinə nəzarət məsələləri də müzakirə edildi. Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın hazırladığı “Avropada miqrantların və diaspor təşkilatlarının radikallaşması” məruzəsi dinlənildi. Qeyd olundu ki, radikallaşmaya qarşı mübarizə anti-islam yanaşmaya çevrilməməlidir. İslamı terror dini kimi təqdim etmək yolverilməzdir.

Daha çox xəbərlər