“Dağlıq Qarabağ və digər işğal olunan torpaqlarımıza səfərlər yalnız Azərbaycanın icazəsi ilə mümkündür”
ARANTV.AZ xəbər verir ki, “Dağlıq Qarabağ və digər işğal olunan torpaqlarımıza səfərlər yalnız Azərbaycanın icazəsi ilə mümkündür”. Avropa Şurası Parlament Assambleyasında beynəlxalq müşahidəçilərin üzv ölkələrə, o cümlədən münaqişə ocaqlarına məhdudiyyətsiz girişinə həsr edilən müzakirələrdə ölkəmizin bu məsələdə dəyişməz mövqeyi ifadə edilib. Assambleyanın payız sessiyası çərçivəsində Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası ilə bağlı da müzakirələr aparılıb. Stansiyanın bütün region üçün təhlükəli olduğu diqqətə çatdırılıb.
Almaniyalı parlamentari Frank Şvabın mövzu ilə bağlı hazırladığı məruzə Avropa Şurasında hökm sürən ikili standartların növbəti göstəricisi oldu. Məruzədə iddia olunur ki, bütün münaqişə zonalarına insan hüquqları üzrə müşahidəçilərin məhdudiyyətsiz buraxılması humanitar böhranların formaşmaması üçün zəruri şərtdir. Lakin məruzədə unudulub ki, Azərbaycanın işğal olunan ərazilərində humanitar böhran hələ 25 il əvvəl baş verib və erməni terrorçuları işğal olunan torpaqlarda etnik təmizləmə aparıblar. Qurumdakı nümayəndə heyətinin üzvləri Azərbaycanın qəti mövqeyini bir daha avropalı həmkarlarının diqqətinə çatdırdılar. Bildirildi ki, işğal altındakı ərazilərimizə Azərbaycanın icazəsi olmadan səfərlər etmək həm beynəlxalq sənədlərə, həm də Azərbaycanın qanunvericiliyinə ziddir. Bildirildi ki, bir sıra beynəlxalq ekspert qrupları və təşkilatların da dəfələrlə bəyan etdiyi kimi, sözügedən ərazilərdə qeyri-qanuni silahlı qruplar məskən salıb. Narkotik vasitələrin kütləvi şəkildə daşınması üçün işğal altındakı ərazilərimizdən istifadə olunması ABŞ Dövlət Departamentinin 2001-ci ildə yaydığı hesabatda, həmçinin narkotik maddələrin yetişdirilməsi faktı AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəsində də öz əksini tapıb. Belə olan halda, müzakirəyə çıxarılan məruzə separatçı rejimin beynəlxalq ictimaiyyətə legitim qurum kimi təqdim etmək cəhdidir.
Avropa Şurası Parlament Assambleyasında Avropada islam icmalarının xaricdən maliyyələşməsinə nəzarət məsələləri də müzakirə edildi. Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın hazırladığı “Avropada miqrantların və diaspor təşkilatlarının radikallaşması” məruzəsi dinlənildi. Qeyd olundu ki, radikallaşmaya qarşı mübarizə anti-islam yanaşmaya çevrilməməlidir.
Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində Ermənistandakı Metsamor atom elektrik stansiyası ilə bağlı da müzakirələr aparıldı.
Azərbaycan nümayəndə heyətinin üzvləri Assambleya üzvlərini potensial atom təhlükəsi ilə bağlı bir daha xəbərdar etdilər. Ermənistanda güclü bir zəlzələ baş verərsə, bütün Avropa yer üzündən silinmək təhlükəsi ilə üzləşəcək. Metsamor bütün region üçün bir təhdiddir və bu təhdid təxirəsalınmadan aradan qaldırılmalıdır. Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır. Parlament Assambleyasının üzvü Sahibə Qafarova beynəlxalq ekspertlərə istinadən bir daha yada saldı ki, Metsamor Sovet İttifaqı və Şərqi Avropa regionunda ən təhlükəli nüvə reaktorudur. Ermənistanın bütün bölgə üçün nüvə təhdidi yaratması avropalı parlamentarilər tərəfindən də etiraf olundu.
Lakin Metsamorun bağlanması tələbi, Ermənistanın tabe olmadığı yeganə beynəlxalq çağırış deyil. Ermənistan, Avropa Şurası rəhbərliyinin erməni əsirlyində girov saxlanılan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması ilə bağlı tələblərini də qulaqardına vurur. “Əsirlikdə saxlanılan iki azərbaycanlının buraxılması ilə bağlı tələblər Ermənistan tərəfindən niyə qəbul edilmir?” sualına, Avropa Şurasının baş katibi Trobyan Yaqlandın cavabı belə oldu. “Mən onlardan bu iki şəxsi azadlığa buraxmalarını dəfələrlə istəmişəm. Amma bu, hələ baş verməyib. Mən yenə o fikirdəyəm ki, Ermənistan tərəfindən girov saxlanılan insanlar azadlığa buraxılmalıdır.”

