Siyasət 

Qlobal ərzaq böhranı: məhsul bol olsa da, daşıyan yoxdur, Azərbaycanda isə…

Koronavirus pandemiyasının dünya üçün yaratdığı təhdidlərdən biri də ərzaq bazarı ilə bağlıdır. Belə ki, pandemiyaya görə dünyanın hər yerində hərəkətə qoyulan məhdudiyyətlər ərzaq məhsullarının daşınma şəbəkəsində qırılmalara səbəb olub. Bunun isə yaxın aylarda mövcud ehtiyatların tükənməsi və bir sıra dünya ölkələrində qıtlığa gətirəcəyi gözlənilir.

BMT Baş katibi Antonio Quterreş hələ iyunun əvvəlində qida təhlükəsizliyinə dair analitik icmalla bağlı videomüraciətin dünyanın son 50 ildə ən böyük ərzaq böhranı təhlükəsi ilə üzləşdiyini deyib:

“7,8 milyard təşkil edən dünya əhalisini təmin etmək üçün kifayət qədər ərzaq var. Lakin hazırda 820 milyondan çox insan ac qalır. 5 yaşa qədər təxminən 144 milyon uşaq böyümədə gecikir – bu, dünyadakı həmin yaşda uşaqların beşdə birindən çoxdur. Ərzaq sistemlərimiz yaxşı işləmir və COVID-19 pandemiyası vəziyyəti daha da ağırlaşdırır. Təcili tədbirlər görülməsə, qlobal ərzaq sahəsində fövqəladə vəziyyətin qaçılmazlığı aydın görünür. Bu isə yüz milyonlarla uşaq və böyüklərə uzunmüddətli təsir göstərə bilər”.

BMT Baş katibi bildirib ki, bu il COVID-19 böhranı səbəbindən daha 49 milyon insan ifrat yoxsulluq vəziyyətinə düşə bilər:

Antonio Quterreş: "Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf ...

Antonio Quterreş

“Qida çatışmazlığı ilə üzləşən insanların sayı sürətlə artacaq. Dünyada Ümumi Daxili Məhsulun bir faiz düşməsi böyümədə gecikən uşaqların sayının 0,7 milyon artması deməkdir. Hətta ərzağın bol olduğu ölkələrdə belə ərzaq təchizatı zəncirində fasilələrin yaranma riskini görürük. Pandemiyaya qarşı mübarizə səylərimizin ən pis təsirlərinin qarşısını almaq üçün indi hərəkət etməliyik”.

Pandemiyanın ərzaq bazarına ikitərəfli təsiri müşahidə olunmaqdadır.

Belə ki, bir tərəfdən, restoran-kafelər aylarla bağlı qaldığına görə inkişaf etmiş ölkələrdə bir sıra mühüm ərzaq məhsullarına tələbat azalıb. Bura ilk növbədə ət, süd məhsulları aiddir. Kifayət qədər bahalı olan bu məhsulların evdə hazırlanması ənənəsi inkişaf etmiş ölkələrdə demək olar ki, sıradan çıxıb. Əksəriyyətin naharı və şamı evdən kənarda etmək vərdişinə malik olduğu Avropa, ABŞ, Yaponiya, Çin, Cənubi Koreya və digər ölkələrdə süd məhsullarına tələbatın azalması nəticəsində milyonlarla ton süd çölə atılır. Eyni zamanda, ət məhsullarına tələbatın azalması müşahidə olunmaqdadır. Bunun bir səbəbi də əhalinin mühüm bir kəsiminin iş yerlərini itirməsi, yaxud daha az saatla işləməsi nəticəsində gəlirinin azalmasıdır. Gəliri azalan, yaxud tamamilə dayanan ailələr ət kimi bahalı ərzağa pul ayıra bilmirlər. Bunun nəticəsində 2020-ci ildə dünyada ət istehlakının 3 faiz azalacağı gözlənilir.

Pandemiyanın ərzaq bazarına digər təsiri işçi çatışmazlığının yaranmasıdır.

Məsələn, dünyanın ən böyük ərzaq ixracatçısı olan ABŞ-da karantin tədbirlərinə, həmçinin koronavirusa yoluxma qorxusundan kənd təsərrüfatı sahələrində işləyən mövsümi işçilərin sayı qat-qat azalıb. Nəticədə yığım mövsümü erkən başlayan ştatlarda yığımı gecikən minlərlə ton meyvə-tərəvəz məhv olub. Koronavirusun yayılma sürətinin artması əsas qida məhsullarının toplanması dövründə də işçi çatışmazlığının yaranacağından xəbər verir. Eyni hal digər ölkələrdə də müşahidə olunmaqdadır.

Problem yaradan digər məsələ toplanan məhsulların satmaq imkanlarının məhdudluğudur. İri emal müəssisələri təhlükəsizlik tədbirləri çərçivəsində işə çıxan işçi sayını kəskin azaldıblar. Bu, həm də istehsal olunan son bazarlara çıxarılması sahəsindəki çətinliklərlə bağlıdır: yükdaşımalar sahəsində də işçi çatışmazlığı hiss olunur. Limanlarda yükaşırma işi ilə indi əvvəlkindən 2-3 dəfə az işçi məşğul olur. Bu isə ərzaq məhsullarının daşınmasında ciddi vaxt itkisinə səbəb olur.

Beynəlxalq təşkilatların hesablamalarına görə, hazırda dünyada kifayət qədər həcmdə ərzaq ehtiyatı var. Lakin bu ərzaq məhsullarının vaxtında ehtiyac olan ərazilərə çatdırılması problemi yaranıb.

Buna görə də BMT Baş katibi dövlətlərə müraciət edərək, qida xidmətlərini ən vacib xidmətlər sırasına aid etməyə, həmçinin qida sənayesi işçilərinin lazımi müdafiəsini təmin etməyə çağırıb:

“Ölkələr qida sənayesi, daşınma və yerli ərzaq bazarlarına dəstəyi artırmalı və ərzaq sistemlərinin davamlı işləməsini təmin etmək üçün ticarət dəhlizlərini açıq saxlamalıdırlar. Onlar həmçinin yardım və iqtisadi stimul paketlərin əhalinin ən həssas qruplarına çatmasını, o cümlədən kiçik ərzaq istehsalçılarının və kənd müəssisələrinin likvidlik ehtiyaclarının ödənilməsini təmin etməlidirlər. Gəlin, ərzaq məhsulları istehsalçılarının və qida sənayesi işçilərinin tələbatını daha yaxşı ödəyən ərzaq sistemləri yaradaq. Aclığa son qoymaq üçün sağlam və doydurucu qidaların daha əlçatan olmasını təmin edək”.

Göründüyü kimi, dünyada ərzaq məhsullarının çatdırılması sahəsində ciddi problemlər yaranıb. Bu, ilk növbədə ərzağı xaricdən alan, idxaldan asılı olan ölkələr üçün təhlükə formalaşdırır. Sirr deyil ki, Azərbaycanın əsas ərzaq məhsulları ilə təminatının mühüm bir hissəsi idxal hesabına həyata keçirilir. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, Azərbaycanın buğda ilə təminatında idxaldan asılılıq səviyyəsi 2016-cı ildəki 47,1 faizdən 2018-ci ildə 35,2 faizə düşüb. 2019-cu ildə idxalın kəskin artımı (1,6 milyon ton) ilə yəqin ki, bu göstəricidə yenidən artım qeydə alınıb.

Bütün növ mal-qara və quş əti ilə təminatda idxaldan asılılıq 2016-cı ildəki 12,1 faizdən 2018-ci ildə 17,5 faizə çatıb. Bu zaman mal əti idxalından asılılıq iki ildə 6,6 faizdən 15 faizə yüksəlib. Burada nəzərə almaq lazımdır ki, xaricdən idxal olunan diri mal-qara ət idxalında nəzərə alınmır. Halbuki son illərdə diri mal-qara idxalında çox ciddi artım var. Düyü təminatında xaricdən asılılıq 2018-ci ildə 80,6 faiz, şəkərli-unlu qənnadı məmulatlarında 80,2 faiz, makaron məmulatlarında 76 faiz, bitki yağlarında 72,7 faiz, kərə yağında 29,4 faiz,  şəkər istehsalı üçün xammalda 90,8 faiz, çayda 62,1 faiz təşkil edib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu ilin beş ayında Azərbaycan xaricdən ümumilikdə 650 milyon ABŞ dolları dəyərində ərzaq məhsulları alıb.

Ərzaq idxalımız getdikcə artır » YeniSözçü qəzeti

Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çoxdur. 2019-cu ildə ərzaq məhsulları idxalımız 1 milyard  644 milyon 360.26 min dollar olmaqla ümumi idxalımızın 12,3 faizini təşkil edib. 2018-ci ildə bu göstərici 1 milyard 370 milyon 596.07 min dollar və 11,95 faiz, 2017-ci ildə isə 1 milyard 403 milyon 818.51 min dollar və 15,99 faiz təşkil edib.

Bu zaman ümumi idxalımız 2019-cu ildə 13 milyard 667 milyon 237.83 min dollar, 2018-ci ildə 11 milyard 464 milyon 970.08 min dollar, 2017-ci ildə isə 8 milyard 782 milyon 7.55 min dollar olub. 2015-2016-cı illərdə neftin qiymətinin kəskin düşməsi nəticəsində dövlət qurumlarının idxalına ciddi məhdudiyyət tətbiq olunduğuna görə ümumi idxalımızda kəskin azalma olub.

Azərbaycan hökuməti ərzaq təminatı ilə bağlı vəziyyəti nəzərə alaraq bir sıra addımlar atır. Belə ki, ərzaq məhsulları təchizatçılarının maliyyə resurslarına çıxış imkanları genişləndirilir. Nazirlər Kabinetinin təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na əsasən Azərbaycanda insan həyat və sağlamlığı üzrə zəruri ehtiyacların təmin edilməsi üçün ərzaq ehtiyatlarının yaradılması məqsədilə istisna hal olaraq zəruri ərzaq təchizatçılarına kredit təşkilatları tərəfindən verilən kreditlər (və ya kredit xətləri) üzrə ilk 6  ay üçün hesablanan faizlərə subsidiya veriləcək. Faiz subsidiyası kreditin faiz dərəcəsinin 10 faiz bəndi miqdarında veriləcək. Faiz dərəcəsi 10 faizdən aşağı olarsa, faiz subsidiyası kreditin faiz dərəcəsi həcmində veriləcək.

Beləliklə, zəruri ərzaq təchizatçılarına Qaydada əksini tapan 8 məhdudlaşdırıcı tələb şamil olunmayacaq. Həmin tələblər aşağıdakılardır:

– Faiz subsidiyasının fəaliyyət növü 2020-ci il 10 mart tarixinə zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə daxil olan sahibkarlıq subyektlərinin kredit təşkilatlarından həmin fəaliyyət növləri üzrə manatla aldıqları kreditlərə (o cümlədən, restrukturizasiya edilmiş kreditlərə) verilməsi;

– Faiz subsidiyasının sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq 12 aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə verilməsi;

– Kredit öhdəliyinin qalan müddəti 12 aydan az olarsa, faiz subsidiyasının kredit öhdəliyinin icra müddətinin sonuna qədər verilməsi;

– Faiz subsidiyasının 2020-ci il 10 mart tarixinə qalıq məbləği 5 milyon manat və ondan az olan kreditlərə verilməsi;

– Kredit xətti istisna olmaqla, balansarxası öhdəliklərə faiz subsidiyası verilməməsi;

– Kredit xətti üzrə faiz subsidiyasının yalnız həmin kredit xəttinin 2020-ci il 10 mart tarixinə istifadə olunan məbləğinədək hissəsinə görə ödənilməsi;

– 2020-ci il 10 mart tarixindən sonra kredit müqaviləsi bağlanıldıqda faiz subsidiyasının verilməməsi;

– sahibkarlıq subyektinin kredit hesabatına əsasən, 2020-ci il 10 mart tarixinə subsidiya üçün müraciət etdiyi kredit müqaviləsi üzrə 60 gündən artıq gecikməsi olduqda faiz subsidiyasının verilməməsi.


“Yeni Müsavat”

Daha çox xəbərlər