“Hərəyə 5 tonqal qalayan əsgər” taktikası – “Yurd”un xələfi “düşmən”ləri necə vurur…
Bu gün ölkənin ən qədim və ən mütəşəkkil troll dəstəsinin (bundan belə MTD) hədəfində media qrupumuzun rəhbəri Rauf Arifoğludur. Amma təşəkkül tapdığı vaxtdan bəri bu dəstənin hədəfində daha kimlər olmayıb?
Milli-azadlıq hərəkatının lider və öncülləri Əbülfəz Elçibəy, İsa Qəmbər, Tofiq Qasımov, İsgəndər Həmidov, Pənah Hüseyn, Sabir Rüstəmxanlı, Fazil Mustafa, Mirmahmud Mirəlioğlu, İlqar Məmmədov, Sülhəddin Əkbər, Qüdrət Həsənquliyev, Əli Məsimli, Becan Fərzəliyev, Əli Əliyev, onlarca başqa hərəkatçılar, ayrı-ayrı dövlət adamları, nazirlər, deputatlar….
Heç vaxt bu hədəflər durduq yerdən seçilmir, onları birləşdirən faktor var. Kimlər ki, Əli Kərimlinin yolunun üstündən keçir, ona nədəsə mane olur, barəsində yaxşı-yaman danışır, iradəsi əleyhinə gedir, gələcəkdə ona mane ola bilər, hansısa istəyini yerinə yetirmir, bu bəs edir ki, MTD onu hədəfə götürsün, psixoloji terrora məruz qoysun, ictimaiyyət arasında gözdən salmağa çalışsın.
İndi Rauf Arifoğlu ona görə hədəfdədir ki, vaxtaşırı olaraq Əli Kərimliyə qarşı bir şeylər danışır, bəzən onun barəsində sərt ittihamlar səsləndirir, kəskin təsbitlər ifadə edir. Bu, MTD-yə kifayət edir ki, hər hansı bir təlimat, hücum əmri olsa da, olmasa da, atəş açılan nöqtəni susdurmaq üçün səfərbər olsun.
Növbəti hücumun olacağını “Speys” telekanalında efirə verilən “Sadə həqiqətlər” verilişinin aparıcısı və verilişin qonağı Rauf Arifoğlu da bilirdi, elə verilişdəcə ertəsi gün troll dəstəsinin hücumuna məruz qalacaqlarını proqnozlaşdırdılar və yanılmadılar.
Verilişin yayınlandığı Youtube səhifəsinin şərh bölümündə yüzlərlə şərh vardı. Üç o qədər şərh də səhifənin admini tərəfindən, içərisində söyüşlər, təhqirlər, aşağılayıcı ifadələr olduğu üçün buraxılmamışdı. Bunu ondan bilmək olurdu ki, bəzi şəxslər “Admin, şərhlərimizi niyə buraxmırsan” deyə sitəm edirdilər.
Bəli, bir tənqid səsləndir, dur kənarda, çıxarılan pəstahaya bax.
Bu, virtual aləmdə az qüvvə ilə çox görünmək hadisəsidir, tarixdə bunun real analoqları olub. Həlledici döyüşdən əvvəl düşərgə salaraq üzbəüz dayanan qoşunlardan birinin sərkərdəsi əsgərlərinə əmr edir ki, qaranlıq düşən kimi hər əsgər üç tonqal qalasın. Elə də edirlər. Qarşıdakı düşmən baxır ki, üzbəüz düşərgədə on minlərlə tonqal yanır. “Hər tonqalın başında bir manqa əsgər var, demək, düşmən sayca bizdən beşqat artıqdır, ona görə də məğlubiyyət qaçılmazdır”, – deyə düşünən sərkərdə gecəylə döyüş meydanını tərk edərək geri çəkilir.
MTD-nin tətbiq etdiyi taktika da budur. Az qüvvə ilə virtual aləmdə çoxlu “tonqal qalamaq” (hesablar açmaq) yoluyla düşmən saydıqlarının gözünə çoxluq kimi görünür, yeri gəldikcə onları həmin “qala bürcləri”ndən atəşə tutur, “düşmən”in geri çəkilməsinə, meydanı tərk etməsinə nail olmaq istəyirlər.
Əslində isə onların aktiv fəaliyyət göstərən “əsgər”lərinin sayı 150-200 civarındadır. Amma hərəsinin 7-8 “bürc”ü var.
MTD üzvlərinin əksəriyyəti 20-30 yaşlı gənclərdir. Yaşı 30-u keçənlərin əksəriyyəti tutduqları yola yenidən nəzər salır və qrupdan ayrılaraq başqa yol seçirlər. Vaxtaşırı şirin vədlər alaraq ümidlərlə yaşamaq da bir yerə qədərdir. İndiyədək o dəstədən bir neçə nəsl keçib.
Hələ 1990-cı illərdə fəaliyyət göstərən, MTD-nin sələfi olan “Yurd” birliyi də gənclərdən ibarət idi. Yaşlaşdıqca dağıldılar, Əli Kərimlini tərk etdilər. Ancaq o, vaxtaşırı öz ətrafına gənclərdən ibarət qruplar toplayır.
1993-cü ildən sonra üzdə olan partiyalar rayonlarda, kəndlərdə fəal təbliğat işi apararaq təşkilatlanmağa başlayanda “Yurd”un belə bir dərdi yox idi, o, qəzetlərdə işə başlayan gənc jurnalistlərlə işləyir, onları vədlərlə, aylıq ödənişlərlə stimullaşdırır, qrup üzvü edirdi. 1995-2002-ci illər arasında “Yurd”un nəzarətində olan qəzetlərin sayı YAP-ın qəzetlərindən də çox idi. Onlar hər gün Əli Kərimlinin müsahibələrini, parlamentdəki çıxışlarının mətnini yayırdılar. Manşetində və 5 səhifəsinin başında “Afərin, Əli Kərimli!” şüarı yazan qəzetlər vardı.
Bax, elə o zaman da bu qəzetlər indiki terminlərlə dəyərləndirsək, troll xidməti göstərirdilər, “Yurd”un potensial rəqiblərini “vururdular”.
![]()
Təsəvvür edin, AXC-nin sədri, ölkə prezidenti Əbülfəz Elçibəy 1993-cü ilin baharında Pənah Hüseyni baş nazir təyin edəndə hakim təşkilatın – AXC-nin orqanı olan “Azadlıq” qəzeti belə bir material vermişdi: “Bu dünyada Pənah Hüseyn də baş nazir ola bilərmiş”. (Yazının hansı məzmunda olduğu elə başlğından bilinir).
İndi onu da təsəvvür edin ki, Əli Əsədov baş nazir təyin olunan gün YAP-ın mətbu orqanında belə bir yazı çıxır… Fantastika janrında olar bu. Amma “Yurd” belə edirdi.
Sonrakı illərdə yuxarıda adlarını çəkdiyimiz siyasi xadimlərin barəsində yüzlərlə bu cür gözdənsalıcı, qaralayıcı materiallar verildi. Məqsəd bir idi – həmin şəxsləri bu yolla susdurmaq, meydandan kənarlaşdırmaq, zərərsizləşdirmək, mümkünsə, Əli Kərimlinin qarşısında biətə gətirmək.

İndi Rauf Arifoğlu hədəfdədir, ona görə yox ki, o, iqtidar komandası ilə yaxınlaşıb, köhnə düşərgədən aralanıb və s.
Belə bir faktor həlledici olsaydı, vaxtilə iqtidar komandasında üzdə olmaqla özünə cah-cəlal yaradan adamlar, əvvəl müxalifətdə olub, sonra iqtidar cəbhəsinə keçib, daha sonra geri qayıdan şəxslər Milli Şuranın başında, AXCP-nin sırasında olmazdı. Söhbət prinsipial mübarizədən gedirsə, həmin şəxslərə müxalifət düşərgəsinin vitrinində yer olmamalıydı. Ancaq təcrübə göstərir ki, bu gün ölkənin ən odioz, mafioz oliqarxı iqtidar komandasından ayrılsa, 2-3 ay sonra AXCP-yə yaxınlaşmaq istəsə, onu həvəslə qəbul edəcək, maddi resurslarından bəhrələnməyə çalışacaqlar.
Prinsipiallığa qalsa, bu şəxslərin Pənah Hüseynə qarşı bir söz deməyə dilləri olmamalıydı. Çünki Pənah Hüseyn öz siyasi fəaliyyətində həmişə prinsipial mövqedə olub, deputat kimi fəaliyyət göstərdiyi dönəmdə iqtidar komandası ilə işbirliyində olmayıb, dövlət tərəfindən verilən mənzildən imtina edib, ali təhsilli övladlarının adi işlə təmin olunmasından ötrü heç kəsə ağız açmayıb, MM tribunasından daima tənqidi fikirlər səsləndirən yeganə deputat olub. Amma siz gəlin, MTD-nin P.Hüseynə qarşı fəaliyyətinə baxın.
“İqtidara işləmək” damğasını kimə gəldi yapışdırmağı sevən bu qrup uzun illər iqtidar komandasının ən xas yerində, ən gəlirli vəzifəsində çalışan, aybaay Əli Kərimliyə bir ətək pul göndərən oliqarxa münasibətdə o ifadəni işlədərdimi? Qətiyyən. Ona görə ki, həmin adam iqtidara işləsə də, korrupsioner olsa da, Əli Kərimliyə biət edir, ona maliyyə yardımı edirdi. Əsas məsələ də budur.
Günü bu gün Rauf Arifoğlu gizli şəkildə AXCP-yə bəlli bir miqdar pul göndərsə, partiya liderinin adını tənqidi səciyyədə çəkməsə, yenə də MTD-nin nəzərində “toxunulmaz”lardan biri olar.
Hazırda isə səs-səsə verərək onu sosal şəbəkələrdə təhqir edirlər. Bir neçə gündən sonra MTD-nin tənqid oxları yeni hədəflərə – İlqar Məmmədova və onun “ReAL”ına, Erkin Qədirliyə, “köhnə düşmənlər” – İsa Qəmbər və Arif Hacılıya, yeni-yeni ortaya çıxmağa çalışanlara (Bəxtiyar Hacıyev və digərlərinə) tuşlanacaq. Bu mobil qrupun fəaliyyəti partizan taktikasına bənzəyir, təhlükə haradan gəlirsə, oraya cəmləşir, zərbə vurub çəkilir.
Ancaq bu taktika ilə haraya qədər getmək olar, doğrudanmı hamını zərərsizlşdirmək, meydanda tək qalmaq və təkbaşına hakimiyyətə gəlmək olar?
Axtarsaq, bəlkə də tarixdə belə analogiyalar tapmaq olar. Məsələn, Fidel Kastro və Çe Geveranın mobil dəstə ilə Kubada hakimiyyətə gəlməsi presedenti var. Amma ortada dağ boyda fərqlər var.
Bizim MTD-ni olsa-olsa Həsən Sabbahın “xaşxaşilər”inə bənzətmək olar. Onlar da bir günlük cənnət həzzinə, şirin vədlərə aldanır, mürşidlərinin ambisiyasını reallaşdırmaq üçün hər bəd əmələ qol qoyurdular…
Qeyd: İmzadan sonra Əli Kərimlinin virtual əsgərlərinin, ona “layk” qoyanların bəzilərinin scrinlərini təqdim edirik. Baxın, qiymət verin. Əli Kərimlinin internet düşərgəsində yalançı “tonqallar”ı görüb, kimsə həyəcanlanmasın…
“Yeni Müsavat”






