Məhsul bol olsa da…
Kənd Təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında ölkədə 2020-ci ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz çox tərəvəz, 5,3 faiz çox meyvə və giləmeyvə istehsal edildiyini bildirib. Nazirin səsləndirdiyi rəqəmlər paytaxtın kənd təsərrüfatı məhsullarının satışının həyata keçirildiyi bazar və dükanlarda da özünü göstərir, yəni məhsul boldur. Lakin iqtisadi nəzəriyyəyə əsaslansaq, məhsul bolluğu qiymətlərə nəinki ucuzlaşdırıcı təsir göstərmir, əskinə qiymətlər havanın hərarəti ilə “həmrəylik” təşkil edərək “od tutub yanır”. Başqa sözlə, adətən istilər düşdükcə paytaxtda mövsümi meyvə-tərəvəz məhsullarının qiymətində enmələrə səbəb olurdusa, nədənsə bu il proses əks istiqamətdə davam edir.
Qiyməti ən çox artan məhsulların siyahısında ilk yerdə pomidor gəlir. Bu məhsulun qiyməti supermarket şəbəkələrində 3 manat çatır. Eyni zamanda, digər meyvə-tərəvəz məhsullarının da qiyməti ötən ilin bu dövrü ilə müqayisədə iki dəfəyə qədər yüksəlib. Qiymət artımı Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazasında(aqrarbazar.az) da öz əksini tapır. Bazadakı məlumata görə, paytaxtın qiymət baxımından ən münasib bazarı hesab olunan “8-ci kilometr” bazarında iyul ayın 16-da pomidorun 1 kiloqramının orta qiyməti növündən asılı olaraq 1,2-2 manat arasında olub. Bununla da iyul ayının 11-də qiymətin 1,3-2,5 manat arasında olmasını nəzərə alanda, qiymətlərin bir qədər endiyi müşahidə edilsə də, mövsümə uyğun olmadığı açıq-aydın ortadadır. Məlumat bazasındakı göstəricilərə görə, həmçinin badımcanın 1 kiloqramının orta qiyməti 60 qəpiyə ensə də, ötən ilin iyul ayındakı qiymətlə müqayisədə 2 dəfə yüksəkdir. Eyni zamanda, ötən ilin iyul ayında kiloqramı 90 qəpiyə olan lobya hazırda 2 manatdır. Əriyin qiyməti isə bu həftə içi ərzində 3,75- 4,25 manatdan olub. Hərçənd ki, ötən ilin bu dövründə əriyin 1 kiloqramının orta qiyməti 3 manat olub.
Sözügedən baza üzrə göstəricilərə görə, hazırda gavalının 1 kiloqramının orta qiyməti 1,25 manatdır ki, bu da ötən ilin eyni dövründəki ilə müqayisədə 2,5 dəfə çoxdur.
Qiymətlərin yüksək olması əsasən, böyük şəhərlərin giriş-çıxışında karantin keçid postlarının qurulması və yükdaşımaların ancaq iri yük avtomobilləri ilə aparılmasına icazə verilməsi ilə izah olunur. Lakin vurğulamaq lazımdır ki, Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalı kimi, onun daşınması fəaliyyəti də məhdudlaşdırıcı tədbirlərin sırasına daxil deyil.
Digər tərəfdən, bir qayda olaraq bazarlara və topdansatış mərkəzlərinə yüklərin daşınması iri yük avtomobilləri ilə həyata keçirilir. Aydın məsələdir ki, kiçik miqdarda məhsulun bölgələrdən paytaxtda gətirilməsi də iqtisadi cəhətdən səmərəli olmadığından, adətən belə məhsul vasitəçilər tərəfindən yerində alınıb toplam şəkildə Bakıya gətirilir. Həmçinin paytaxtın kiçiktutumlu avtomobillərin gətirə biləcəyi həcmdə məhsuldan məhrum olmasının belə, qıtlığın yaranmasına və qiymətin artmasına səbəb olması real görünmür.
Lakin koronavirus pandemiyası ilə mübarizə tədbirləri paytaxtda kənd təsərrüfatı məhsullarının daşınmasına əngəl törətməsə də əhalinin ərzağa tələbatını artırdığı ortadadır. Rəsmi statistikaya görə, ölkədə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci yarısında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,9 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,9 faiz azalsa da, ərzaq məhsulları üzrə 3,4 faiz artıb. Eyni zamanda, Bakı şəhərinin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz, o cümlədən qeyri-ərzaq məhsullarının üzrə 5,6 faiz azalsa da, ərzaq məhsulları və bu kateqoriyadan olan digər məhsullar üzrə 4,1 faiz artıb. Bunun bir səbəbi məhdudlaşdırıcı tədbirlərin fonunda əhalinin əsasən ərzaq məhsullarına olan ehtiyaclarını ödəməyə yönəlməsidirsə, digər səbəbi bütün xəstəliklərdə olduğu kimi, COVID-19 qarşı da profilaktiki tədbirlərdən biri kimi meyvə-tərəvəz istehlakını artırmalarıdır.
Görünən odur ki, bu amillər bir çoxları üçün asan qazanc mənbəyinə çevrilib. Üstəlik məhsul istehsalında xarabolmaya davamlı sortların tətbiqi də belələrinin işinə yarayır. Nəticədə məhsul bol olsa da, qiymət yüksək olaraq qala bilir.
Ceyhun Piriyev, “İki

