Bibisi oğlunu qətlə yetirən şəxsin məhkəməsi başlayır
Bakıda bibisi oğlunu öldürməkdə təqsirli bilinən Rəmiş İsmiyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materiallları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.
İttihama görə, bu il yanvarın 8-də saat 21 radələrində Şabran rayon sakini Rəmiş İsmiyev Suraxanı rayonunun Bülbülə qəsəbəsində kirayədə yaşadığı evdə münaqişə zəminində onunla birgə yaşayan bibisi oğlu, 23 yaşlı Cavid Muxtarova bıçaqla xəsarət yetirib. Cavid Muxtarov xəstəxanaya aparılarkən yolda ölüb.
Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Şabran rayon sakini Rəmiş İsmiyev saxlanılıb.
Hadisə günü Cavid Muxtarov dayısı oğlu, həmyaşıdı Rəmiş İsmiyevlə kirayədə qaldıqları evdə yeyib-içəndən sonra mübahisələri düşüb və Rəmiş ona bıçaqla xəsarət yetirib.
İki qohum arasında mübahisə internetdə tanış olduqları qız üstündə düşüb. Gənclərin hər ikisi həmin qızla görüşmək istəyib. Cavid Muxtarov geyinib və görüş üçün qapıdan çıxmaq istəyərkən dayısı oğlu ona mane olub və bıçaqla zərbə vurub. Xəstəxanaya aparılarkən Cavid Muxtarov yolda ölüb.
İstintaq orqanı tərəfindən Rəmiş İsmiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

