Direktor arpa biznesinə başlamaq istəyirdi – MƏHKƏMƏ
“Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləmiş Tərtər rayon sakini, 1959-cu il təvəllüdlü Telman Səlimovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
ARANTV.AZ-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xaliq İsgəndərov ifadə verib.
O deyib ki, T.Səlimovla şərik torpaq alıb, arpa əkmək niyyətində olub:
“Telman müəllim arpa biznesinə başlamaq istəyirdi. Bu barədə müqavilə bağladıq. Ancaq bu iş alınmadı. Mən ona yeddi min manat pul vermişdim, o da pulumu qaytarıb. Müqaviləyə əsasən, mən Ukraynadan avadanlıqlar gətirməli idim”.
Daha sonra digər şahidlər məhkəməyə gəlmədiyi üçün onların barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
Proses oktyabrın 24-dək təxirə salınıb.
oxu.az

