Siyasət 

Azərbaycan- Türkiyə münasibətləri: Qardaşlığa, həmrəyliyə, təhlükəsizliyə mühüm töhfə

“Bir millət, iki dövlət” prinsipi əsasında daha da  möhkəmlənən Azərbaycan-Türkiyə münasibətləri siyasi və iqtisadi sahələrdə əldə olunan inkişaf prosesi ilə bugünkü mükəmməl səviyyəsinə çatmışdır. Dünyada bir-birinin dövlət müstəqilliyini Azərbaycan və Türkiyə qədər dəstəkləyən, həmrəylik göstərən başqa nümunə tapmaq olduqca çətindir. Azərbaycan və Türkiyə xalqlarının eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə doğma etmiş, sevincli, kədərli günlərdə də bir-birinin yanında olmasına şərait yaratmışdır.

Qarşılıqlı etimad və həmrəylik əsasında formalaşan Azərbaycan – Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir. Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb. Uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə möhkəm tellərlə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı – Tbilisi – Ceyhan neft, Bakı – Tbilisi – Ərzurum qaz kəmərləri və Bakı – Tbilisi – Qars dəmir yolunun reallığa çevrilməsi bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır. Hazırda regionun ən böyük və mühüm layihələri hesab edilən hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması deyil, eləcə də ölkəmizin regionda ən böyük iqtisadi potensiala, gücə və həmin layihələrin reallaşmasını diktə etmək imkanına sahib olması deməkdir.

Ermənistan-AzərbaycaN Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövləti daim Azərbaycanın haqlı tələblərini ardıcıl müdafiə edib, mütəmadi olaraq Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində səylər göstərib. Münaqişənin həlli yolunun yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və heç bir iqtisadi əlaqə yaratmayacağı barədə öz prinsipial mövqeyindən dönməyəcəyini ən yüksək dövlət və hökumət nümayəndələri səviyyəsində dəfələrlə bəyan edib. Türkiyə dövləti beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün səyləri həmişə müdafiə edib. Belə ki, hələ SSRİ-nin mövcud olduğu dövrdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzünün genişlənməsi zamanı Azərbaycan xalqının haqq səsi məhz Türkiyə vasitəsi ilə dünyaya çatdırıldı. Türkiyə dövləti Azərbaycanı dəstəkləyərək Ermənistandan işğalçılıq siyasətinə son qoymasını tələb etdi və bu işğalın davam etməsi səbəbindən Ermənistanla sərhədini bağladı. Təsadüfi deyil ki, Azərbaycan -Ermənistan sərhədinin Tovuz istiqamətində növbəti erməni təxribatı nəticəsində yaranan gərginlik zamanı ilk etiraz səsini ucaldan, Azərbaycanı birmənalı dəstəkləyən, bir daha bütün addımlarında onun yanında olduğunu və olacağını bildirən məhz qardaş Türkiyə hökuməti oldu. Dünyaya bu mesaj ünvanlandı ki, Türkiyə–Azərbaycan  vəhdəti təkcə sözdə deyil, həm də əməldədir.

Son günlər iki ölkə arasında müşahidə olunan hadisələr isə Azərbaycan –Türkiyə qardaşlığında parlaq gələcəyə daha da inam yaradır. Azərbaycan Xarici İşlər və Müdafiə nazirlərinin Türkiyəyə səfər etmələri, yüksək səviyyəli görüşlər keçirmələri, xüsusilə hər iki nazirin Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi, eyni zamanda, Türkiyə Silahlı Qüvvələrinin əsgər və zabitlərinin Azərbaycana gəlməsi, növbəti birgə hərbi təlimlərin keçirilməsi, bununla düşmənə və onun havadarlarına gözdağı verməsi, eləcə də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılığı ilə yüksək səviyyəli hərbi nümayəndə heyətinin ölkəmizə səfər etməsi, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevlə görüşməsi hər birimizi qürurlandırır.

Hər iki dövlət xarici diplomatiya və hərbi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini artırır. Xarici İşlər naziri kimi ilk xarici səfərini məhz Türkiyəyə  edən Ceyhun Bayramov qardaş ölkə ilə ikitərəfli münasibətlərin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. İndiyədək iki ölkə arasında müxtəlif sahələri əhatə edən 241 sənədin imzalanması çox mühüm faktdır. Hazırda 29 əlavə müqaviləyə baxıldığını və onların da yaxın günlərdə imzalanacağına şübhə ola bilməz.

Azərbaycanla Türkiyə arasında əlaqələr  digər sahələrdə olduğu kimi, hərbi sahədə də  yüksək səviyyədədir. Azərbaycan  və Türkiyə hərbçilərinin ənənəvi keçirilən hərbi təlimləri  deyilənlərin sübutudur. Bir neçə ildir ki, iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq , ölkəmizdə quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilir.Buna misal olaraq, “EFES”, “Anadolu Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı – 2019” və “Heydər Əliyev – 2020” təlimlərini göstərmək olar. Bununla yanaşı, Bakıda 2018-ci ildə “ADEX-2018” və İstanbulda 2019-cu ildə “İDEF-2019” beynəlxalq müdafiə sənayesi sərgilərinin təşkili hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafına təkan verib. İyul ayının sonundan Azərbaycanda başlayan genişmiqyaslı Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı – 2020” birgə taktiki-uçuş təlimləri təkcə Azərbaycan Ordusunun güclənməsinə deyil, eyni zamanda, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib. Xatırladaq ki, qardaş ölkə hərbçiləri ilə keçirilən təlimlərə quru qoşunlarının da cəlb edilməsi ilə təşkil olunan təlimlər Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirildi. İki ölkə arasında hərbi təlimlər region ölkələri tərəfindən də diqqətlə izlənilirdi. Belə təlimlər Türkiyə və Azərbaycanın hərbi sahədə güclərinin birləşdirilməsində, eyni zamanda, hərbçilərimizin döyüş qabiliyyətinin artırılmasında, bu sahədə daha böyük təcrübə toplamasında mühüm rol oynayır. Bu təlimlər dosta güvən, düşməni qorxuya salması səbəbi ilə, ölkələrimiz arasında olan qardaşlığın döyüş meydanlarında da özünü göstərməsi, bərabər olduğumuz zaman gücümüzün necə artmasının nümayişi baxımından olduqca önəmlidir. Hərbi təlimlər bütün dünyaya nümayiş etdirdi ki, Silahlı Qüvvələrimiz hər bir vəzifəni birgə icra etməyə hazırdır və qadirdir. Ənənəvi təlimlər iki ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət etməklə yanaşı, regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir.

Yaqut Ağaşahqızı“İki sahil”

Daha çox xəbərlər