Texnologiyalar əsasında yeni intellektual məhsul yaratmaq kadr hazırlığından bilavasitə asılıdır
Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək
Dövlətimizin başçısı İlham Əliyevin Bakı dərin özüllər zavodunda «Qarabağ» dayaq blokunun dənizə yola salınması mərasimi çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində «Bu böyük qurğu çox mürəkkəb və nəhəng konstruksiyaya malikdir. Qurğunun mühəndis-texnoloji xarakteristikalarının önəmini necə qiymətləndirirsiniz» sualına cavabı bu gün yeni texnologiyaların yol açdığı uğurlara bir daha aydınlıq gətirir. «Bəli, bu, doğrudan da çox mürəkkəb konstruksiyadır və qurğunun çəkisi 16 min tondan çoxdur, hündürlüyü təqribən 190 metrə yaxındır. Nəzərə alsaq ki, “Qarabağ” yatağının yerləşdiyi ərazi Xəzər dənizində çox dərin hissəyə aiddir, əlbəttə ki, belə nəhəng qurğunun tikintisinə böyük tələbat var idi. Onu da bildirməliyəm ki, “Qarabağ” yatağında suyun dərinliyi 180 metrdir və hesab edirəm ki, məhz buna görə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır. Çünki sovet dövründə bizim belə texnologiyalarımız olmamışdır, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərin hissəsi də toxunulmaz qalmışdır, müstəqillik dövrü üçün qalmışdır. Əks təqdirdə, quru yataqlarda olduğu kimi, dəniz yataqlarımız da tam boşaldılacaqdı və müstəqil Azərbaycanın inkişafı üçün enerji resursları qalmayacaqdı» söyləyən cənab İlham Əliyev bildirmişdir ki, ona görə “Qarabağ” yatağının aşkarlanması və sonra yataqda işlərin görülməməsi əlbəttə ki, müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur. Məhz bu gün aparılan siyasət nəticəsində biz bu işləri görə bilirik: «Odur ki, bu, texnoloji baxımdan, mühəndislik baxımından çox nəhəng və çox mürəkkəb bir konstruksiyadır. Şadam ki, bunu Azərbaycan mütəxəssisləri inşa ediblər. Görülmüş işlərin mütləq əksəriyyəti Azərbaycan mütəxəssisləri, fəhlələri tərəfindən icra olunubdur.»
Azərbaycanın hər dövrün tələblərinə uyğun addım atması çağırışların düzgün cavablandırmasında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında davamlı iqtisadi inkişafın təmin olunmasında iqtisadiyyatın elmi əsaslara söykənməsinin əhəmiyyətindən bəhs edərkən bildirmişdir ki, əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir.
Təbii ki, iqtisadiyyatın inkişafı elmin inkişafı ilə zəncirvari bağlıdır. Elmin inkişaf etdirən yeni ideyalardır. Yeni ideyaları həyata keçirən isə yeni texnologiyalardır ki, bu da kadr hazırlığının təkmilləşdirilməsini bir tələb kimi ortaya qoyur. Cənab İlham Əliyevin AMEA-nın illik yığıncağında «Bu gün MDB məkanında Azərbaycan İKT ilə bağlı ön sıralardadır. Ancaq vəzifəmiz bununla bitmir. Yəni, istəyimiz ondan ibarətdir ki, Azərbaycan dünya miqyasında İKT-nin inkişafı üzrə birinci sıralarda olsun» çağırışına uyğun olaraq atılan addımların uğurlu nəticələri bugünümüzün reallıqlarından daha aydın görünür. Dövlətimizin başçısı bildirmişdir ki, dövlət dəstəyi, maliyyə təminatı göstərilir, bəzi hallarda kreditlərin verilməsi ilə əlaqədar beynəlxalq maliyyə qurumları ilə aparılan danışıqlar nəticə verməyəndə, Azərbaycan dövləti öz maliyyə imkanlarını təşkil edir: «İndi imkanlarımız genişlənir və elmin, elmi tərəqqinin inkişafına xüsusi diqqət göstərilməlidir, xüsusilə İKT sektorunda. Çünki İKT-nin inkişafı bir neçə məqsədi güdür. İlk növbədə bu, Azərbaycanın intellektual potensialının inkişafına xidmət göstərəcəkdir. Ölkədə gedən müasirləşmə siyasətinə dəstəyini verəcəkdir. Digər tərəfdən, bu sahədə çox böyük iqtisadi imkanlar vardır. Gələcəkdə İKT sektorunda yaranacaq gəlir Azərbaycan iqtisadiyyatının inkişafına çox böyük təsir göstərəcəkdir.»
Azərbaycan bu gün İKT-nin yaratdığı imkanlardan istifadə etməklə dayanıqlı inkişafını təmin edir. «Azərbaycan əksər ölkələr kimi, texnologiyaları idxal edir. Ancaq bu texnologiyaları işlətmək, onları mənimsəmək, bu texnologiyalar əsasında yeni intellektual məhsul yaratmaq artıq kadr peşəkarlığından, kadr hazırlığından bilavasitə asılıdır» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı bütün addımlarımız düzgündür.
Pandemiya dövrü ölkəmizin informasiya texnologiyaları sahəsində mövcud imkanlarına bir daha aydınlıq gətirdi. Belə ki, karantin zamanı müəyyən edilmiş kvota çərçivəsində həyati vacib qurumların fəaliyyətini davam etdirməsi üçün minimal sayda işçi cəlb olunub. Digər işçilər isə «evdə qal» prinsipi əsasında fəaliyyətlərini onlayn həyata keçiriblər. Özünütəcrid şəraitində informasiya texnologiyaları olmadan iş görmək mümkün deyil. Özünütəcrid dövlətlərarası münasibətlərdə də vacib amil kimi önə çəkildiyindən dövlətimizin başçısı İlham Əliyevin pandemiya dövründə istər bu və ya digər dövlətin, beynəlxalq təşkilatın rəsmiləri, həmçinin dövlət məmurlarımızla görüşləri videokonfrans şəklində keçirilib. Ən əsası cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının xüsusi sessiyası videoformat şəkilində təşkil olunub. Təbii ki, bunlar müasir texnologiyalar olmadan mümkün deyil. Cənab İlham Əliyev bir daha bildirmişdir ki, informasiya texnologiyaları bütün sahələrdə tətbiq edilməlidir. Bunlar gələcəyə doğru atılan addımlardır: «Biz gecikə bilmərik, yubana bilmərik, geciksək uduzarıq. Ona görə bütün resurslarımızı, o cümlədən maliyyə, intellektual və kadr resurslarımızı səfərbər etmişik. Əminəm ki, gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək.»
Bu gün elm və təhsil təkcə inkişaf etmiş ölkələrin deyil, ümumilikdə dünyanın əsas prioritetlərinin tərkib hissələrindən biridir. Hazırda metodologiyalar və texnologiyalar kökündən dəyişməkdə, elm öz inkişafında böyük dəyişikliklərə məruz qalmaqdadır. Dövrün, zamanın tələbinə uyğun təkmilləşmə digər sahələr kimi, təhsildə də özünü qabarıq şəkildə göstərir. Təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bildirirdi ki, təhsil həyatımızın ən gərəkli, mühüm sahəsidir. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev bildirir ki, o ölkələr yaxşı inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir. Uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail ola bilərik: “Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var.”
Bütün dövrlər üçün aktual olan bu çağırış da günümüzün əsas tələbidir: Gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Ölkə Prezidenti İlham Əliyevin təkcə son dövrlərdə təhsilin inkişafına xidmət edən addımlarına diqqət yetirmək kifayətdir.
Təhsilin inkişafı üçün möhkəm bazanın məktəblərdən qoyulduğunu önə çəkən dövlətimizin təhsil siyasətində məktəb tikintisinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqəti təqdirəlayiqdir. Təkcə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi çərçivəsində 2 mindən artıq məktəb tikilib, yaxud əsaslı təmir olunub. Məktəblərin kompyuterləşdirilməsi bu gün də öz aktuallığını qoruyur. Artıq bu gün məktələrdə «hər şağirdə bir kompyuter» prinsipi əsas götürülür. Yeni texnologiyaların yaratdığı imkanlardan istifadəyə verilən önəm pandemiya dövründə distant təhsilin keyfiyyətində də özünü qabarıq şəkildə büruzə verdi. Dövlətimizin başçısı İlham Əliyevin 8 avqust 2020-ci il tarixli «Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında» Sərəncamı da bu tərkibdəndir. Məqsəd respublika ərazisində modul tipli məktəblərin quraşdırılmasıdır.
Ali təhsil sistemində də təkmilləşmə diqqətdən kənarda qalmır. “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə, “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamlar, eyni zamanda, “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman deyilənlərin bariz nümunəsidir. Dövlətimizin gənclərin malik olduğu imkanlardan maksimum istifadə istiqamətində atdığı addımların davamlılığı qəbul olunan və uğurla icra edilən Dövlət proqramlarından da aydın görünür. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanan və dövlətimizin başçısı İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasından gözlənilən nəticələr sırasında da gənclərin intellektual inkişafı və elmi fəaliyyətlərinin stimullaşdırılması, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi əsas yer tutur. Müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında qoyduğu mühüm vəzifələrin uğurlu icrası üçün zəruri addımlar atılır. Görülən işlərin, həyata keçirilən tədbirlərin bir məqsədi var: Yenilikçi, müasir düşüncəyə malik olan gənclərin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə marağı artırılsın, ən əsası kadr hazırlığı iqtisadi inkişafın səviyyəsi ilə uyğunlaşdırılsın.
Dövlətimizin başçısı İlham Əliyev hər zaman ölkənin inkişafında yeni texnologiyaların rolunu önə çəkib, onların tətbiqi və inkişafı üçün kadr potensialının yetişdirilməsini qarşıya mühüm vəzifə kim qoyub. 16 noyabr 2018-ci il tarixli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, həmçinin 23 noyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında sərəncamlar da uğurlu iqtisadi tərəqqinin kadr hazırlığının beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasından asılı olduğunu bir daha təsdiqləyir. Ali təhsil sisteminin rəqabətliliyinin artırılması öz növbəsində beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələbə çevirir. Təcrübə mübadiləsinin genişləndirilməsinin qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa böyük stimul verdiyi əldə olunan nəticələrdən də aydın görünür. Ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının uğurlu icrası da bu kimi məqsədlərə xidmət edir. Artıq bu Proqramın icrası müddətində 5 min tələbənin xarici ölkələrdə təhsili təmin edilmişdir. Onlar təhsillərini başa vuraraq, Vətənə qayıtmaqla əldə etdikləri təcrübələr əsasında ölkəmizin daha da inkişafına, tərəqqisinə öz töhfələrini verirlər.
Dövlətimizin başçısı İlham Əliyevin pandemiya dövründə Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının, “Signify, ” “Microsoft” və CISCO şirkətlərinin rəhbərliyi arasında keçirilən videokonfranslarda səslənən fikirlər də deyilənlərin real təsdiqidir. Ölkə Prezidenti CISCO şirkətinin rəhbərliyi ilə videoformatda görüşü zamanı bu əminliyi də ifadə etmişdir ki, strateji tərəfdaşlıq bundan sonra da yalnız güclənəcək: “Çünki bizim Azərbaycanın daha da müasirləşdirilməsi ilə bağlı gündəliyimiz, sizin isə texnologiyanız var. Bizim uzun illərdir ki, əməkdaşlıq təcrübəmiz var. Artıq qeyd etdiyim kimi, burada layihələrin uğurlu icrası birgə səylərimizin ən yaxşı təzahürüdür.» Keçirilən videokonfranslarda məsələyə də xüsusi diqqət yönəldilib: “Təhsil mövzusuna gəlincə, zənnimcə, bu, güman ki, bizim əsas nailiyyətlərimizdən biri idi.» “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq bildirmişdir ki, komandalarımız və tərəfdaşlarımızın mümkün qədər tez müddətdə, bir neçə həftə ərzində hər kəsi əlaqələndirmək üçün sizin nazirlikdəki təhsil işçiləri ilə apardığı işdən qürur duyuram. Qurum rəsmisi digər ölkələrlə müqayisədə bildirmişdir ki, bir sıra ölkələrdə üzləşdiyimiz problem ondan ibarətdir ki, evlərdəki qurğuların sayı məhduddur: “Anlayıram ki, bu, sizdə problem deyil. Bu isə yaxşı xəbərdir. Çox ölkələr, əslində, yetəri qədər qurğular əldə etmək üçün çətinlik yaşayıblar. Ana, ata və uşaqlar evdədirlər və kompüterdən istifadə uğrunda mübarizə aparılır. Lakin görünür, sizdə bu problem yoxdur və bu, yaxşı xəbərdir.”
Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürən və bu istiqamətdə mühüm addımlar atan dövlətimizin başçısı İlham Əliyev hər zaman bildirir ki, hər bir ölkənin inkişafında təhsil, bilik, yeni texnologiyalar əsas yer tutur. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Məhz İKT sektorunda əldə olunan uğurlara söykənərək, bu fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan innovasiyalar ölkəsi kimi tanınır. “İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir” söyləyən cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, 2020-ci il də dərin islahatlar ili kimi tarixə yazılacaq. Dövlətimizin başçısının bu günlərdə dövlət şirkətlərinin iqtisadi fəaliyyətinin səmərəliliyinin artırılması üçün idarəetmənin təkmilləşdirilməsinə ehtiyacın olduğunu önə çəkərək imzaladığı Fərman əsasında Azərbaycan İnvestisiya Holdinqinin yaradılması da dünyaya səs salan «ASAN xidmət», ABAD, DOST layihələri silsiləsindəndir. Bu mühüm addım şəffaflığın, vətəndaş məmnunluğunun təmin edilməsi ilə yanaşı, kadr hazırlığının da öz aktuallığını qorumasının təsdiqidir. Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclasında ölkə Prezidentinin Fərmanından irəli gələn tapşırıqlar – korporativ idarəetmənin təşkili, səmərəli və şəffaf fəaliyyət, maliyyə sağlamlığının gücləndirilməsi, dayanıqlı inkişafın təmini və bəzi təşkilati məsələlərə diqqət yönəldilərək, verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qarşıya qoyulub. Kompleks yanaşma əsasında qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq mümkündür.
Yeganə Əliyeva, «İki sahil»

