Azərbaycanın dünyaya təqdim etdiyi nümunəvi model
Koronavirus qısa zaman ərzində dünyanın demək olar ki, dörd bir tərəfini öz cənginə aldı. Virusun geniş arealda yayılmasına qarşı adekvat tədbirlər görülsə də, onu önləmək, qarşısını almaq təəssüf ki, mümkün olmadı. Azərbaycan dövlətinin və hökumətinin zamanında, hələ virusun geniş areala yayılmadığı ərəfədə gördüyü tədbirlər, atdığı adekvat addımlar ölkəmizi Çin, İtaliya, İspaniya, İran kimi acı tale yaşayan dövlətlərlə eyni sırada qərarlaşdırmadı. Belə ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradıldı. Həmçinin qabaqlayıcı tədbirlərin görülməsi və respublikanın bütün ərazilərində monitorinqin aparılması üçün ekspert qrupları təşkil olundu. Sonrakı günlərdə qonşu ölkələrlə gediş-gəlişin, məktəblərin, bağçaların, idman zallarının, ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinin dayandırılması, park və ictimai istirahət yerlərinə girişin qadağan olunması, kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması, martın 24-dən xüsusi karantin rejiminin, aprelin 5-dən isə ölkədə hərəkət məhdudiyyətinin tətbiqi kimi qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlər Azərbaycanda koronavirus infeksiyası probleminin bir sıra ölkələrdəki kimi təhlükəli hal almasının qarşısını aldı. Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar və tədbirlər, ilk növbədə, ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına xidmət edir. Pandemiya dövründə bu addımlar öz önəmini göstərdi. Həmçinin ölkədə heç bir sosial layihə təxirə salınmadan icra edildi. Yaradılan müəssisələr, yenilənən yol infrastrukturu, açılan yeni obyektlər və reallaşan sosial layihələr bunu bir daha təsdiqləyir. Əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, ən təxirəsalınmaz tədbirləri həyata keçirən Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada fəal rol oynayır. Bu ağır dövrdə vətəndaşlarımızın rifahı üçün görülən tədbirlər bir daha Azərbaycanın nə qədər qüdrətli ölkə olduğunu bütün dünyaya göstərdi. Möhtərəm Prezidentimizin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən də irəli gedərək, bu amansız pandemiyaya qarşı ciddi mübarizə aparır.
Azərbaycanın beynəlxalq arenada nüfuzu, habelə hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi mötəbər beynəlxalq təşkilatların tarixdə ilk dəfə olaraq COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş onlayn Zirvə Görüşlərini təşkil etməsi və bu mübarizədə hər bir insanın qorunmasına, birgə daha yaxşı nəticələrin əldə olunmasının mümkün olduğuna çağırış etmişdir. Eyni zamanda, Azərbaycan dünya dövlətlərini Birləşmiş Millətlər Təşkilatının COVID-19 virusu ilə bağlı xüsusi sessiyasının keçirilməsinə səsləmişdir. 130-dən artıq ölkə Prezident İlham Əliyevin təşəbbüsünü və BMT-nin xüsusi sessiyasının çağırılmasını dəstəkləmişlər.
2020-ci ilin sentyabr ayında ilk dəfə onlayn formatda BMT Baş Assambleyasının 75-ci yubiley sessiyasının keçirilməsi, həmçinin 17 məqsədi birləşdirən Dayanıqlı İnkişaf Məqsədlərinin beş illiyinin qeyd olunması da qərara alınıb. BMT Baş Assambleyasının Prezidenti xüsusi məktubla COVID-19 pandemiyası ilə bağlı xüsusi sessiyanın BMT-nin 75 illik yubiley sessiyası çərçivəsində keçirilməsini Azərbaycan və Kanadaya həvalə edib. Məhz bu sessiyanın keçirilməsində əlaqələndirmə işlərinin Azərbaycana həvalə olunması bir daha COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycanın tətbiq etdiyi idarəçilik modelinin BMT tərəfindən yüksək qiymətləndirilməsinə bariz nümunədir. Həmçinin 2015-ci ildə BMT-nin üzv dövlətlərinin yekdil qərarı ilə qəbul olunmuş Dayanıqlı İnkişaf Məqsədlərinin təbliğ olunması, sənəddən irəli gələn tədbirlərin yüksək səviyyədə ölkəmizdə həyata keçirilməsi bir daha Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin uğurla yerinə yetirilməsinin əyani sübutudur. 2020-ci il “Davamlı inkişaf hesabatı”na əsasən Azərbaycan regionda birinci, 166 ölkə arasında isə 54-cü yerdə qərarlaşıb. Keçiriləcək 75-ci sessiya çərçivəsində DİM-in beş illiyinə həsr olunmuş xüsusi sessiyada Azərbaycanın idarəetmə modelinin digər dövlətlərə nümunə model kimi təqdim olunması istiqamətində geniş platforma yaranıb. Azərbaycan üçün hər zaman beynəlxalq təşkilatlarla, xüsusən də BMT ilə əməkdaşlıqda sülhün qorunması, tolerantlığın təbliği prioritet istiqamətlər olub.
Nigar Orucoca, “İki sahil”

