Orqanizmin səssiz qəhrəmanı
Orqanizmimiz haqqında danışarkən ilk növbədə hansı orqan ağlınıza gəlir? Sevgi simvolu və bütün bədənimizə qanın daşıyıcısı olan ürək və ya təmiz havanı içimizə çəkməyə imkan verən ağciyər? Ehtimal ki, əsas orqan kimi ağlınıza gələn qaraciyər olmayacaq. İnsan bədəninin daha az diqqət görən səssiz qəhrəmanı qaraciyərlə bağlı aşağıda mühüm faktlar öyrənə bilərsiniz:
Qaraciyər qanla dolu böyük bir orqandır
Qaraciyərinizin ölçüsü barədə heç düşünmüsünüz? Çoxları onun bir qolf topu və ya orta ölçülü qreypfrut boyda olduğunu düşünürlər. Əslində isə yetkin bir insanda qaraciyərin ölçüsü futbol topuna bərabər olur. Qabırğalardan aşağı, bədənin sağ hissəsində yerləşən bu orqanın çəkisi orta hesabla bir kiloqram yarımdır. Orqanizmin dəridən sonra ikinci ən böyük üzvü hesab edilir.
Sərt formalı, qırmızı-qəhvəyi rəngli bu orqana toxunularsa, səthi rezin kimi olacaqdır. Qaraciyər vücudunuzdakı bütün qanın 10% -ni özündə ehtiva edir və dəqiqədə 1,4 litr qan süzür.
Qaraciyər orqanizmin çoxfunksiyalı üzvüdür və 500-dən çox müxtəlif rola malikdir
Heç düşünmüsünüzmü ki, yediyimiz qida bizə necə enerji verir? Bu işdə qaraciyər başlıca rol oynayır. Yediyimiz karbohidratlar qaraciyər tərəfindən qlükozaya çevrilir. Bədəndə qlükoza tükənməsi baş verərsə, qaraciyər ehtiyatda saxladığı qlikogeni qlükozaya çevirərək orqanizmə ötürür.
Qaraciyər bədəndən toksinlərin çıxarılması və infeksiyaya qarşı mübarizədə də böyük rola malikdir. Alkoqol və digər zərərli maddələrin qanda filtrini məhz qaraciyər yerinə yetirir.
Qaraciyər orqanizmdəki makrofaqların yarısından çoxunu özündə ehtiva edir. Makrofaqlar qanın içərisindəki bizi narahat edə biləcək hər hansı bir bakteriya və ya digər yad cisimləri məhv edərək işləyən ağ qan hüceyrələridir.
Qaraciyər həm də orqanizmdən ölü hüceyrələri təmizləyir, qanın laxtalanması üçün protein hazırlayır və müxtəlif vitamin və mineralları depolayır.
Alimlər hələ də qaraciyərin bütün funksiyalarını yerinə yetirə bilən süni bir aparat icad edə bilməyiblər.
Öd qaraciyər tərəfindən sekresiya olunur
Bilirik ki, qarnımız tamamilə boş və ac olduqda sarı-qəhvəyi rəngli maye ifraz edilir. Həmin maddə öddür və yetkin insanda gün ərzində bir litrə qədər öd ifrazı baş verir. Bu maddənin yağların parçalanmasında mühüm rolu var.
Qaraciyər ikiqat həyat sürür, çünki o həm orqan, həm də bir vəzdir
Vəzlər bədəndə xüsusi funksiyaları yerinə yetirən maddələri ifraz edən bir qrup hüceyrələrdir. Ödün ifrazı da bu kateqoriyaya aid olduğundan qaraciyəri həm də vəz hesab etmək olar.
Qaraciyər beyinin ən yaxın dostudur
Qaraciyər beyin hüceyrələri üçün əsas enerji mənbəyidir, bu orqan olmazsa, beyin öz funksiyasını tamamilə dayandırar və hətta məhv olar.
Sağlam bir qaraciyərə malik olmayan insanlarda hepatik ensefalopati adlı beyin zədələnməsi baş verə bilər. Bu xəstəlik zamanı qan axını ilə toksinlər beyinə daxil olurlar.
Qaraciyər emal etməzsə, bir sıra dərmanlar faydasız, hətta toksiki ola bilər
Bilirsinizmi ki, qaraciyər olmazsa, ağrıkəsici vasitələr tamamilə effektsiz olarlar. Faydalı bir təsir göstərmədən əvvəl qaraciyərin onu qandan çıxarmaması üçün dərman həbinin həcmi kifayət qədər olmalıdır, lakin qaraciyərin onu vaxtında filtr edə bilməyəcəyi həcmdə dərman qəbulu da xeyirdən daha çox zərər verir.
Orqanların “Wolverine”i
Bilirik ki, qaraciyər özünü bərpa xüsusiyyətinə malikdir. Bu orqan bir neçə həftə ərzində regenerasiya edə bilir. Bu səbəbdən qaraciyər donorları öz qaraciyərlərinin yarısından çoxunu transplanta ehtiyacı olan xəstələrə verə bilirlər.
Qədim yunanların ağıllı bir xalq olduğu hamıya məlumdur. Onların günümüzün müasir texnologiyası olmadan da qaraciyərin bərpaedici xüsusiyyətlərindən xəbərdar olduqlarını göstərən dəlillər var. Bundan əlavə, qədim yunanlar qaraciyəri insan emosiyalarının kökü adlandırırdılar. Yunan termini olan “hepar” sözü bu gün də tibbi terminologiyada istifadə edilir. “Hepatit” qaraciyərin iltihabı xəstəliyidir, “hepatik” sözü isə qaraciyərlə bağlı bütün terminlərdə istifadə edilir.
Yuxarıdakı faktlarla tanış olduqdan sonra görünən odur ki, biz qaraciyərimizə layiq olduğu qiyməti vermirik. Özünü bərpa etməyə qadir olsa da, sağlam həyat tərzi və müntəzəm idman etməklə bu həyati vacib orqanı ciddi şəkildə qorumalıyıq.
Nubar Süleymanova, “İki sahil”

