Ermənistanın Azərbaycanla savaş aparmağa hərbi və iqtisadi gücü çatmaz
Prezident İlham Əliyevin işğalçı ölkəyə yönəlik «Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq» mesajının əsas mənbəyi güclü Azərbaycan Ordusudur
Son dövrlərdə Ermənistanın həm Qarabağda, həm də Tovuz rayonu istiqamətində həyata keçirdiyi hərbi təxribatlar bir daha göstərdi ki, işğalçı ölkə münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Bu da həqiqətdir ki, bu ölkənin avantürist baş naziri ölkəsindəki iqtisadi-sosial gərginlikləri cəbhədəki təxribatlarla, müharibə görüntüsü yaratmaqla ötüşdürmək istəyir.
Təbii ki, Ermənistanın Azərbaycanla təkbətək savaş aparmağa nə hərbi gücü, nə də cəsarəti çatar. Əgər çatsaydı Prezident İlham Əliyevin bu ölkənin rəhbərliyinə ünvanladığı «Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq» mesajından sonra cəsarətə gələrdi. Ermənilər yaxşı bilirlər ki, ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu qarşısında bir gün belə duruş gətirə bilməzlər. Necə ki, Aprel, Günnüt, Tovuz döyüşlərində məğlub oldular.
Son hərbi əməliyyatların da ən mühüm reallığı növbəti dəfə Azərbaycanın hərbi üstünlüyünün təsdiqidir. Təxribatın qarşısının alınması, tərəflərin həyata keçirdiyi əməliyyatların nəticəsi və keyfiyyəti Azərbaycanın müasir döyüş imkanları baxımından Ermənistandan dəfələrlə güclü olduğunu göstərir. Azərbaycanın dəqiq, yüksək və qarşısıalınmaz zərbə gücünə malik müasir silahlara sahib olması və döyüşlərdə bunun az bir hissəsindən istifadə edərək düşmənə ağır zərbələr vurması Ermənistan tərəfində daim dərin təlaş və narahatlıq yaradır.
Həmçinin ötən ay Azərbaycanla qardaş Türkiyə Respublikasının ordularının birgə təlimləri həm Ermənistana, həm də onun havadarlarına növbəti mesaj oldu. İki ölkənin ordularının şəxsi heyətinin, zirehli texnikasının, artilleriya qurğuları və minaatanlarının, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələrinin cəlb edildiyi hərbi təlimlər Ermənistanın hərbi-siyasi dairələrində ciddi narahatlıqla qarşılandı. Ermənistanın hərbi-siyasi dairələrindən səslənən fikirlər də göstərdi ki, Azərbaycan-Türkiyə birgə təlimləri düşmən ölkəni ciddi şəkildə təşvişə salıb.
Əlbəttə ki, Türkiyə kimi böyük dövlətin ordusu ilə birgə hərbi təlimlərin keçirilməsi Azərbaycan Ordusunun ən müasir döyüş imkanlarını mənimsəməsində böyük rol oynayır. Eyni zamanda, Silahlı Qüvvələrimizin tez-tez həyata keçirdiyi hərbi təlimlər düşmənin dincliyini pozan əsas amillərdən biridir. Nəticələr göstərir ki, ordumuzun bütün bölmələri qarşısında dayanan vəzifələri layiqincə icra etməyə qadirdir. Hazırda Cənubi Qafqazın ən qüdrətli hərbi gücünə malik Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır.
Azərbaycan Ordusu son 17 il ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha da qüdrətlənib. Dövlət başçısı təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən orqan və qurumlar içərisində, ilk növbədə, ölkəmizin hərbi təhlükəsizliyinin qarantı olan ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş aparıb və yenə də aparmaqdadır.
Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. Bundan irəli gələrək Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində ötən illərdə ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi üçün bu sahədə qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirilib. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırılıb. Bu mənada inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri də ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırmasıdır.
Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda, təlimlərdə də görüblər. Təsdiq olunub ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Qürur doğuran hal odur ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var.
Bu gün Azərbaycanın hərbi sənaye kompleksi də formalaşıb. Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Ölkəmizdə son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edir.
Bütün bunlar göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində aparılan islahatlar kompleks şəkildə həyata keçirilir. Həm ordunun arsenalına ən modern silahlar daxil edilir, həm qoşun növlərinin döyüş qabiliyyəti artırılır, həm də hərbçilərin sosial şəraiti yaxşılaşdırılır. Bütün bunlar cənab İlham Əliyevin Ali Baş Komandan kimi əzmkar fəaliyyətinin daha bir məntiqi nəticəsidir.
Bütün bunlara əsaslanaraq əminliklə deyə bilərik ki, bu gün istər hərbi müstəvidə, istərsə də diplomatik sferada Azərbaycan böyük üstünlüyə malikdir.
Elçin Zaman, «İki sahil»

