Təhsilimizin əsas istiqamətləri ölkəmizin sənaye və iqtisadi inkişafı ilə tam bağlı olmalıdır
Dövlətimizin başçısı İlham Əliyev bununla bağlı aidiyyəti qurumlarla düzgün təhlil aparılıb konkret təkliflərin verilməsinin vacibliyini bildirir
Dövlətimizin başçısı İlham Əliyev Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən hər bir ölkənin bu günü və gələcəyinin təhsillə bilavasitə bağlı olduğunu önə çəkərək ölkəmizdə təhsilin inkişafı istiqamətində atılan addımlardan bəhs etməklə yanaşı, yeni təyinata tapşırıq və tövsiyələrini çatdırmışdır: Təhsildə islahatlar dərinləşməlidir.
Son illərin statistikasına diqqət yetirək. 3500-dən çox məktəb ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, o cümlədən yeni ali məktəblər yaradılıb. Dövlətimizin başçısı İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, həmçinin 23 noyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında sərəncamları ali təhsil sisteminin rəqabətliliyinin artırılmasını, həmçinin beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələb kimi ortaya qoyur. Ölkə Prezidentinin “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”, “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin “Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamları, “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərmanı da təhsilin inkişafına yönələn addımların davamlılığının göstəricisidir. Bu kimi mühüm addımlar tələbələr arasında rəqabət mühitinin formalaşmasında əhəmiyyətli rol oynayır. Rəqabətin artması isə öz növbəsində təhsilin inkişafı və bunun davamı olaraq iqtisadi tərəqqiyə stimuldur. İqtisadiyyatın elmi əsaslara söykənməsi davamlı inkişafın əsasıdır. Ödənişli təhsil alan tələbələrin də təqaüd almaq imkanı əldə etməsi bu rəqabətin daha da artmasına öz müsbət təsirini göstərir.
Bu uğurlar fonunda dövlətimizin başçısı İlham Əliyev «Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb. Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz» söyləyərək diqqəti həmin məsələlərə yönəldir. Xüsusilə əsas tapşırıqlar sırasında dağ kəndlərində modul tipli məktəblərin tikintisi layihəsinin yaxın iki il ərzində başa çatdırılması nəzərdə tutulur. Bununla paralel olaraq, təhsilin keyfiyyətinin artırılması əsas məqsəd kimi qarşıya qoyulur. Baxmayaraq ki, bu gün təhsilimizin keyfiyyətinin yüksək olduğunu müxtəlif reytinqlər də təsdiqləyir. Amma dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, biz əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Azərbaycanın hər sahədə təcrübəsi nümunə olmalıdır. Təhsilin keyfiyyətinin artırılmasında əlbəttə, əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır. Çünki təhsilin səviyyəsi müəllimlərin peşəkarlığı ilə sıx bağlıdır. Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər.
Digər vacib məsələ Dördüncü Sənaye İnqilabının mövcudluğu, dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə bağlıdır. Reallıq budur ki, rəqəmsallaşma, müasir texnologiyaların geniş tətbiqi bəzi peşələrin ixtisara salınmasını zərurətə çevirir. Artıq həmin peşələrin siyahısı var. «O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur» söyləyən cənab İlham Əliyev bildirir ki, amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq ki, bu gün yoxdur. Lakin hansı peşələrin olacağı ehtimal edilir, onlar üzrə mütəxəssislər hazırlanmalıdır.
Ölkə Prezidenti, eyni zamanda, bu məqamı da istisna etmir ki, bəzi peşələrin aradan qaldırılması bizim üçün başqa bir problem yarada bilər. Çünki Azərbaycan demoqrafik baxımdan inkişaf edən ölkədir. Peşələrin aradan qaldırılması nəticəsində işsizlik arta bilər: «Aradan qalxacaq peşələr o qədər də böyük peşəkarlıq və ixtisaslaşma tələb etməyən peşələrdir. Amma yeni yaradılacaq peşələr böyük bilik, savad və müasir texnologiyalar tələb edəcək. Odur ki, bütün bunları biz indi düzgün planlaşdırmasaq, böyük problemlərlə üzləşəcəyik.»
Dövlətimizin başçısı İlham Əliyev həmin qəbulda gənclərin xarici təhsilinin prioritetliyini önə çəkərək bu məqsədlə təsdiqlənən və icrasını uğurla başa çatdıran, yaxud icra edilən Dövlət proqramlarına yönəldib. Hazırda aktivlərinin həcmi 43 milyard dollardan artıq olan Dövlət Neft Fondunun maliyyəşdirdiyi istiqamətlərə diqqət yetirməklə xarici təhsilin, dünya təhsil sisteminə inteqrasiyanın dövlət siyasətinin əsasını təşkil etdiyi daha aydın şəkildə nümayiş olunur. Artıq gənclərin xarici təhsili ilə bağlı Dövlət Proqramının icrası başa çatıb. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrasına Dövlət Neft Fondundan 77,9 min dollar vəsait ayrılıb.
Xaricdə təhsil alan gənclərin elmin dərinliklərinə yiyələndikdən sonra əldə etdikləri təcrübəni ölkəmizdə tətbiq etmələri əsas çağırışlardandır. Dövlətimizin başçısı “Biz onları necə məcbur edə bilərik, onların qarşısına necə şərt qoya bilərik» sualına cavab olaraq bildirir ki, Azərbaycanda elə bir şərait yaratmalıyıq ki, onlar özləri qayıtsınlar. Çünki Azərbaycan vətəndaşları, onların mütləq əksəriyyəti öz Vətəninə, torpağına bağlı olan insanlardır: «Hətta demişdim ki, onların bəziləri ölkəmizə qayıtmasa belə, yenə də onlar Azərbaycan torpağının övladlarıdır. Əgər onların istənilən ölkədə yaşaması onları qane edirsə, onlar orada da Azərbaycanla öz əlaqələrini kəsməyəcəklər. Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır. Buna görə bu müsbət təcrübə öz bəhrəsini verdi və siz bu proqram xətti ilə xaricdə təhsil almış insan kimi bunu görürsünüz.»
Gənclərin xarici ölkələrdə təhsili ilə paralel olaraq növbəti bir təşəbbüs irəli sürüldü. Aparıcı xarici ali təhsil ocaqlarının Azərbaycanda filiallarının yaradılması məsələsi gündəlikdə oldu. Artıq qısa müddətdə ölkəmizdə 3 xarici ali məktəbin filialı fəaliyyət göstərir. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan qəbulda bu tapşırığı da verdi: «Hesab edirəm ki, onların sayı daha da çox ola bilər və bu məsələlərlə siz bilavasitə məşğul olacaqsınız.»
Dövlətimizin başçısı İlham Əliyev diqqəti məhz müasir dövrün tələblərinə yönəldərək bildirir ki, bu gün ölkəmiz elə sürətlə inkişaf edir ki, kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun inkişaf edə bilmir. Bunun nəticəsində son illər ərzində yaradılmış bir çox müasir müəssisələrdə xarici mütəxəssislər bütün rəhbər orqanlarda təmsil olunurlar: «Mən buna normal baxıram, burada problem görmürəm. Bu, bütün dünyada belədir və peşəkar kadrların miqrasiyası təbii prosesdir. Amma mən çox istərdim ki, bizim kadrlarımız da yetişsin və həm Azərbaycanda, həm də başqa ölkələrdə azərbaycanlı kadrlar yüksək vəzifələrdə işləsinlər. Ona görə peşə məktəblərinin bu sahədə çox böyük əhəmiyyəti var. Əlbəttə ki, burada da, ilk növbədə, ümumi inkişaf meyilləri nəzərə alınmalıdır, hansı peşələr bizə nə vaxt lazım olacaq. Misal üçün, bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafının sürəti çox yüksəkdir və bilirəm ki, bu sahəyə maraq artır. Ona görə bu sahə üzrə peşə məktəbləri olmalıdır. Turizm, menecment sahələrinin, texniki peşələrin müasir standartlara cavab verməsi üçün addımlar atılmalıdır. Odur ki, peşə məktəblərinin gələcək inkişafı daim diqqət mərkəzində olmalıdır.»
Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər ölkəmizin bu və ya digər sahələrdə malik olduğu imkanların, elmi əsaslara söykənən iqtisadiyyatımızın uğurlarının, ən əsası idarəçilik sistemində təcrübənin təqdimatında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Qeyd olunan qəbulda «Ölkəmizdə gəncləşmə siyasəti aparılır, gənclər çox önəmli vəzifələrə təyin edilir və hesab edirəm ki, hazırda Azərbaycanda idarəetmə sahəsində çox müsbət təcrübə əldə olunub. Yaşlı nəslin təcrübəsinin və gənc nəslin müasirliyinin, novatorluğunun sintezi ölkəmizin uğurlu inkişafına xidmət göstərir. Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini şərtləndirir. Ölkə Prezidenti inkişaf etmiş ölkələrin təcrübəsinə istinadən qeyd edir ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır.
Bu kimi çağırışlar, eyni zamanda, idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir. Bu fakt inkaredilməzdir ki, ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, zəngin idarəçilik təçrübəsinə malik rəhbəri vardır. Bu fikir beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Ötən ilin mühüm beynəlxalq əhəmiyyətli tədbirləri sırasında yer alan dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin qatıldığı BMT-nin Dövlət Xidmətləri Forumu Azərbaycanın bu sahədə mövcud imkanlarına bir daha işıq saldı. Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsi idi. Forum Azərbaycanın yenilikçi, innovasiyalar ölkəsi olduğunu bir daha dünyaya nümayiş etdirdi. Həmin tədbirdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan brendi kimi dünyaya səs salan «ASAN xidmət»in, ABAD-ın uğurlarından geniş bəhs edərək bildirmişdir ki, bu günədək ASAN-la müxtəlif ölkələr və beynəlxalq təşkilatlar arasında 10 Anlaşma Memorandumu imzalanmış, bununla kifayətlənməyərək dövlət xidmətlərinin keyfiyyətini təkmilləşdirməyi davam etdiririk.
Dövlətimizin başçısı İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin priortetliyi xüsusi olaraq önə çəkilir. «Ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var. Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar» söyləyən ölkə Prezidenti davamlı inkişafı şərtləndirən amilləri əsaslı şəkildə diqqətə çatdırır.
Ölkəmizdə gəncləşmə siyasətinin həyata keçirilməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Yüksək ixtisaslı gənc kadrların yetişdirilməsi və dövlət idarəçiliyində təmsil olunmaları onların potensial imkanlarını düzgün istiqamətləndirmələrində əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir.
Sözsüz ki, hər bir etimad böyük məsuliyyət, davamlı inkişafa töhfə vermək üçün bir çağırışdır. Dövlətimizin başçısı daim yeni təyin olunan kadrlarla görüşündə bu tələbi qarşıya qoyur ki, istənilən sahədə kadrlar dövlətə, xalqa bağlı olmalıdırlar.
Yeganə Əliyeva, «İki sahil»

