“Könüllülər ordusu” işğalçı Ermənistanı xilas edə biləcəkmi?..
Paşinyan öz hakimiyyətini qoruyub saxlamaq üçün əlavə güc formalaşdırmağa çalışır
İşğalçı Ermənistanda ağır demoqrafik vəziyyətə görə hərbiçi çatışmazlığı getdikcə kəskin xarakter alır. Yaranmış vəziyyətdə məsələnin həlli üçün işğalçı ölkədə “Müdafiə haqqında” qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən, ölkədə hərbi könüllü dəstələrin yaradılması nəzərdə tutulur. Bu qüvvələrə könüllülər ordusunun qərargahı vasitəsilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi rəhbərlik edəcək.
“Müdafiə haqqında” qanuna dəyişiklik kimi nəzərdə tutulan layihə Ermənistanın Ədliyyə Nazirliyinin rəsmi saytında dərc olunub. Layihəyə görə, bu hərbi könüllü dəstələr Ermənistana hücum şəraitində vətəndaşların silahlı müdafiəyə könüllü qoşulması sistemidir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məsələ ilə bağlı bildirib: “Qanun layihəsinin təqdim olunması Ermənistanın müdafiəsinə ümumi və ümummilli xarakter vermək, rəqibin istənilən mümkün təcavüzlərinə layiqli və lazımi əks-zərbə vurmaq məqsədilə vətəndaşların könüllülük prinsipi ilə xalq ordusu sisteminə cəlb olunması və təşkil olunma zərurətindən irəli gəlir.”
Yayılan məlumatlardan belə bəlli olur ki, Ermənistanda təqdim olunan bu layihədə könüllülərin adına silah və hərbi forma yazılacaq. Könüllü müvafiq vəzifəyə qərargah rəisinin əmri ilə təyin olunacaq. Amma belə könüllülərin ilk növbədə Ermənistan daxilində ciddi problem yaradacağına dair fikirlər də səslənir. Məsələn, qeyd edilir ki, onlar silahla gəzərək ətrafdakılara təhlükə yaradacaqlar.
Hüquq müdafiəçisi Nina Karapetyants bildirib ki, Ermənistana silahlı qüvvələrdən əlavə daha bir silahlı struktur lazım deyil: “Ən vacibi odur ki, könüllülərin hansısa məqamda əllərində silah İrəvanın küçələrində, şəhərin mərkəzində hansısa hərəkətlərə qatılmayacağına zəmanət verilmir. Fikrimcə, nizami ordusu olan ölkəyə qeyri-müəyyən statuslu əlavə hərbi birləşmələr lazım deyil”.
Erməni mediası da yazır ki, könüllü dəstələr hansısa qrupun marağı üçün gücdən istifadə edəcək və bu da ölkədəki xaosu daha da dərinləşdirəcək. “Yerkrap” bunun ən əyani təsdiqidir. Xatırladaq ki, “Yerkrap” könüllülər birliyi 1993-cü ildə yaradılıb və Qarabağ müharibəsi veteranlarını birləşdirib. 1999-cu ildən birliyə general Manvel Qriqoriyan rəhbərlik edirdi. O, 2018-ci ildə antikorrupsiya istintaqı çərçivəsində saxlanıb və generalın böyük soyğunçuluq cinayətləri həyata keçirdiyi üzə çıxıb. Hazırda birliyin rəhbəri Sasun Mikaelyandır. Bu birliyin idarə heyətinin ayrı-ayrı üzvlərinin vaxtilə Ermənistanda siyasi proseslərə müdaxilə etməsi məlumdur.
Belə çıxır ki, işğalçı ölkə artıq könüllülərin ümidinə qalsa da, istədiyi nəticəni əldə etməyəcəyini özü də bilir. 1990-cı illərin əvvəllərindən fərqli olaraq, Azərbaycanın güclü bir orduya malik olması fonunda ekspertlər hesab edirlər ki, Ermənistanda könüllülər ordusuna yazılanların sayı az olacaq. Digər tərəfdən, Ermənistan ordusu zəifdir və buna görə də könüllülərin imkanlarından istifadə edilməsi məsələsi gündəliyə çıxarılır. 2016-cı ilin aprelində belə könüllülərin ordumuz tərəfindən necə darmadağın edilməsi də ermənilərin yadından çıxmayıb. Bu səbəbdəndir ki, ötən ay baş verən Tovuz döyüşlərindən sonra erməni ordusuna heç bir könüllü axını olmadı. Halbuki, ehtiyac olmadığı halda Azərbaycanda belə insanların sayı yüz minlərlə ölçülürdü.
Bu gün Ermənistan demoqrafik problem yaşayır və ön cəbhəyə çıxarmağa resursu yoxdur. Belə vəziyyətdə məlumdur ki, Ermənistan rəhbərliyi könüllü silahlı qüvvələr toplamaqla əsgər problemlərinin, o cümlədən hərbçi çatışmazlığı kimi kritik bir məsələnin həllinə nail ola bilməyəcək. Əksinə, Dağlıq Qarabağ münaqişəsinin həlli hərb müstəvisinə keçəcəyi təqdirdə Ermənistanın istər nizami ordusu, istərsə də könüllüləri qısa zamanda Silahlı Qüvvələrimiz tərəfindən darmadağın ediləcək. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi, könüllülər məsələsinin yenidən gündəmə gəlməsi Ermənistan ordusunda hərbçi çatışmazlığının daha bir təsdiqdir. Miqrasiya, demoqrafiya problemini həll edə bilməyən Ermənistan ordusunun perspektivdə əsgər, zabit qıtlığı problemi ilə daha kəskin şəkildə üzləşəcəyi qaçılmaz sayılır və bunu ölkə rəhbərliyi də bilməmiş deyil. Elə təkcə rəsmi rəqəmlərə görə, Ermənistan əhalisi son 30 il ərzində 800 min nəfər azalıb. Reallıqda isə bu rəqəmin ən azı 2 dəfə çox olduğu, ölkədə yaşayan real əhalinin sayının heç 2 milyona belə çatmadığı da məlum həqiqətdir. Rəsmi statistikaya əsasən, Ermənistanda əhalinin 46,5 faizini kişilər, 53,5 faizini isə qadınlar təşkil edir. Bunun başlıca səbəbi isə emiqrasiya sayılır. Özü də Ermənistanda qalan kişilərin əksəriyyəti hərbi xidmət üçün yaş və digər parametrlər baxımından yararlı deyil. Bu səbəbdən məsələnin həlli üçün könüllülər birliyi layihəsi ortaya atılıb. Ancaq bu da ermənilər üçün çıxış yolu deyil.
Həmçinin bütün dünyaya yaxşı məlumdur ki, hazırda Ermənistanda daxili vəziyyət olduqca gərgindir və xalq mərkəzi hakimiyyətə qarşı istənilən anda ayağa qalxa bilər. Paşinyan daxili siyasətdə güc faktorundan daha fəal istifadə etməyə cəhd göstərir və məhz könüllü hərbi dəstələrin yaradılmasının səbəblərindən biri də budur. Bununla Paşinyan öz hakimiyyətini qoruyub saxlamaq üçün əlavə güc formalaşdırmağa çalışır. Çünki mərkəzi hakimiyyət orduya nəzarət edə bilmir, ona görə də ona etibar etmir.
Cavid Əkbərov, “İki sahil”

