Hadisə 

Hacıqabulda qəzada ölənin yaxınları məhkəmə-tibbi ekspertizasının rəisinə hücum etdi – YENİLƏNİB

Şirvan Şəhər Prokurorluğu Hacıqabulda qəzada ölənin yaxınlarının məhkəmə-tibbi ekspertizasının rəisinə hücum etməsi məsələsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan bildirilib ki, Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Eldar Məmmədov qeyd olunan faktla bağlı Şirvan şəhər prokurorluğuna müraciət edib.

Müraciət əsasında aparılan araşdırma zamanı müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, hadisənin şahidləri müəyyən edilərək izahatları alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma davam etdirilir.

12:50

Şirvan şəhərində Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinin rəisinə hücum olub.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, gecə saatlarında “VAZ 2106” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Qiyaslı Orxan Yaşar oğlu Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qəza törədib, sürücü hadisə yerində vəfat edib.

Mərhumun meyiti məhkəmə-tibbi müayinə məqsədilə aidiyyəti hüquq mühafizə orqanları tərəfindən Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinin meyitxanasına gətirilib.

Bu gün səhər saatlarında mərhumun yaxınları Sabirabad rayonunun Qaragünə kənd sakinləri Birliyin Şirvan şəhər şöbəsinə gələrək meyitin morqa gətirilməsinə aqressiv şəkildə iradlarını bildirib, meyitin müayinə olunmaması tələbi ilə şöbə əməkdaşlarını, xüsusilə də şöbənin rəisi – məhkəmə-tibb eksperti Eldar Məmmədovu təhqiramiz ifadələr və küçə söyüşləri ilə təhqir edərək ona zor tətbiq edib, bədən xəsarəti yetiriblər.

Hadisə zamanı orada iştirak edən Daxili İşlər Nazirliyinin təhqiqatçısı və digər polis əməkdaşlarının köməkliyi ilə aqressiv şəxslər meyitxanadan çıxarılıb və daha ağır hadisələrin baş verməsinin qarşısı alınıb.

Baş vermiş hadisəyə hüquqi qiymət verilməsi məqsədi ilə Şirvan şəhər prokurorluğuna müraciət edilib.

Daha çox xəbərlər