Sosial 

Müasir tibb müəssisələrin yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir

Bu, koronavirusla mübarizədə mühüm amildir

 

Pandemiya hələ də ölkələri təhdid etməkdə, bir nömrəli problem olaraq qalmaqdadır. COVID-19 virusunun ortaya qoyduğu mənzərə bundan ibarətdir ki, bir çox ölkələrin sarsılmaz görünən iqtisadiyyatı iflasa uğramaqda davam edir və insan itkisinin qarşısını almaq üçün hələ də çıxış yolu tapılmayıb. Sevindirici haldır ki, Azərbaycan mövcud vəziyyətdən çıxmaq üçün əvvəldən elə bir yol tutdu ki, bu yol bir çox dünya ölkələri üçün nümunə oldu.

Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiyaya qarşı vaxtında görülən preventiv tədbirlər sayəsində koronavirusun ölkəmizdə tüğyan etməsinin qarşısı alındı. Belə ki, məhdudlaşdırıcı tədbirlər, səmərəli maarifləndirmə, müvafiq tibbi infrastrukturun yaradılması, profilaktika və müalicə məsələlərinin keyfiyyətli şəkildə həll olunması, karantin rejiminin tətbiqi və s. bugünkü uğurlu nəticələrin əldə olunmasının başlıca səbəbləri oldu. Xəstəliklə mübarizədə ölkələrlə yaxından əməkdaşlıq edən Ümumdünya Səhiyyə Təşkilatı respublikamızda görülən işləri təqdir etdi. Qeyd edək ki, koronavirusla mübarizə məsələləri, xüsusən vətəndaşlarımızın sağlamlığının təmin olunması bu dövrdə daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub. O cümlədən xalqımız Birinci vitse-prezident Mehriban Əliyevanın problemə həssas münasibətinin şahidinə çevrilib. Elə bu günlərdə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edən Prezident İlham Əliyev bu barədə söyləyib: “Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə ilk günlərdən sıx təmasda idik. Bu gün də bu təmaslar davam edir. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işlərə çox yüksək qiymət vermişdir və Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Bu, həqiqətən də belədir. Yəni, görülmüş işlər, bu sahəyə ayrılan dövlət vəsaiti, səfərbərlik işləri, xəstəxanaların, laboratoriyaların inşası, sosial proqramların həyata keçirilməsi – bütün bunlar, əminəm ki, bizim mübarizədə əsas rol oynamışdır. Ona görə bu gün də bu təmaslar davam edir və əminəm ki, biz birgə səylərlə bu məsələnin – COVID-in nəzarətdə saxlanmasını təmin edəcəyik. Onu da bildirməliyəm ki, Azərbaycan məsuliyyətli və beynəlxalq müstəvidə böyük nüfuz qazanmış ölkə kimi, digər ölkələrə də humanitar yardım göstərib. Artıq Azərbaycan 30-dan çox ölkəyə humanitar yardım götərib və bu, bizim ümumi mübarizəyə verdiyimiz böyük töhfədir”.

Bütün bunların nəticəsidir ki, qısa müddətdə koronavirusla mübarizədə tibbi baxımdan əsas məsələlər öz həllini tapdı. Onu da qeyd edək ki, hazırda COVID-19 xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Hansı ki, bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilmişdir. Məhz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə, bütün şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Zaman göstərdi ki, Prezident İlham Əliyevin regional inkişaf siyasətinin əsas tərkib hissələrindən biri kimi bu xəstəxanaların tikilməsi nə qədər uzaqgörən addımdır. “Əgər biz vaxtında bu addımı atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik” söyləyən Prezident İlham Əliyev onu da qeyd etdi ki, nəinki xəstəxanalar tikilib, ən müasir avadanlıqlarla təchiz olunub və bu gün də bu proses davam etdirilir.

Pandemiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasında düzgün diaqnostika da vacib amildir. Bununla da Azərbaycanın atdığı önəmli addımlarından biri də laboratoriyaların sayının artırılması oldu.  Pandemiya yeni başlayanda Azərbaycanda cəmi 6 laboratoriya var idi. Artıq bu gün respublikamızda 45 belə laboratoriya mövcuddur. Məhz bunun nəticəsində keçirilən testlərin cavablarını vaxtında müəyyən etmək mümkün olub.

Respublikamızda son 17 ildə səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Bəhs olunan dövrdə ölkə ərazisində müasir tibb müəssisələrinin yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, son 17 ildə respublikamızda təxminən 750 tibb müəssisəsi tikilib və yaxud yenidən qurulub. Diqqətəlayiq haldır ki, yeni yaradılan səhiyyə müəssisələrinin bir çoxu respublikanın bölgələrinin payına düşür. Bu amil koronavirusla mübarizədə mühüm amildir.

Mənsumə Babayeva“İki sahil”

Daha çox xəbərlər