Yediyimiz qidalardakı TƏHLÜKƏ – Satışdakı sosislər…
Kulinar-texnoloq Mübariz Vəliyev kolbasa və sosiskaların zərəri haqqında danışıb.
O, sosiskaların tərkibindəkin zərərli maddələr və qatqıları sadalayıb. M.Vəliyev bildirib ki, marketdə satılan sosiskaların tərkibində olan maddə insanlarda təzyiq problemi yaradır:
“Üzərində mal əti və toyuq hissələrinin olduğu yazılıb. “Toyuq hissələri” dedikdə, toyuq dərisi, qığırdaqları, yəni istifadə olunmayan hissələri nəzərdə tutulur. Stabizatorlar: E-450, turşuluq tənzimləyicisi E-330. Bir çox sosiskaların içərisində, əsasən, soya, nişasta, dəri tullantıları, E-250, sodium nitrit və dadlandırıcılar var. Bizim və körpələrimizin bunları istəməsinin əsas səbəbi onun içində olan koddur: E-621. Bu insanlarda asılılıq yaradır. Həmçinin dad yaradılmasına və məhsulun uzun müddət qalmasına kömək edir. Bu dad da baş ağrısı və halsızlıq yaradır. Beyin fəaliyyətinə təsir edir. Həmçinin təzyiqin yaranmasına səbəb olur” ( Yeni Sabah).

Onun iddiasına görə, hazırda Azərbaycanda marketlərdə satılan sosiskalar xərçəng yaradır:
“Onun tərkibində olan E-250 maddəsi natrium nitritdir. O, məhsulu rəngləndirir, bakteriayaların inkişafını dayandırır. Bu da xərçəng riskini artırır. “Mirozamin” adlanan xərçəngtörədici maddəyə çevrilir. Həmçinin sosiskaların tərkibinə toyuq dərisi, mal piyi, palma yağı, dadlandırıcı soyalar, nişastalar, sümük tozları və s. qatılır. Bununla da istehsalçılar həm büdcələrini qoruyur, həm də insanları zəhərləyirlər”.
Bəs həqiqətənmi marketdə satılan sosiskalar bizi yavaş-yavaş zəhərləyir?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a deyib ki, 10 il bundan əvvəl Səhiyyə Nazirliyi tərəfindən xüsusi bir kitab nəşr olunmuşdu: “Həmin kitabda icazə verilən və icazə verilməyən qida əlavələrinin geniş siyahısı təqdim edilirdi. Eyni zamanda, bu əlavələrin hansı miqdarda istifadə oluna biləcəyi də konkret şəkildə göstərilmişdi. Yəni müəyyən standartlar çərçivəsində hər bir qatqının təhlükəsiz hesab olunan həddi müəyyənləşdirilmişdi. Lakin problem ondadır ki, heç bir elmi ədəbiyyatda və ya rəsmi mənbədə qida əlavələri ilə hazırlanmış məhsulların ümumi istehlak miqdarı ilə bağlı konkret sərhədlər göstərilmir. Yəni ayrı-ayrı maddələrin norması məlum olsa da, həmin maddələri ehtiva edən hazır məhsullardan nə qədər istifadə edildikdə zəhərlənmə və ya digər mənfi halların baş verə biləcəyi açıq şəkildə qeyd olunmur. Bu isə ciddi boşluq yaradır. Standartlar müəyyən hədlər qoysa da, əsas sual cavabsız qalır: bu məhsullardan nə qədər istifadə etdikdə artıq təhlükəli hədd aşılır? Demək olar ki, bu barədə dolğun və dəqiq məlumat əldə etmək mümkün deyil”.

Qurum sədri qeyd edib ki, ümumilikdə, paketlənmiş məhsulların böyük əksəriyyətində müəyyən problemlər mövcuddur:
“Bu, təkcə kolbasa və sosiskalarla məhdudlaşmır. İstixanalarda yetişdirilən məhsullarda da müəyyən risk faktorları var, eyni zamanda konservləşdirilmiş qidalar da bu siyahıya daxildir. Lakin reallıq ondan ibarətdir ki, biz qlobal bazar şəraitində yaşayırıq. Məhsullar bir ölkədən digərinə daşınır, uzun müddət yolda olur, saxlanma şəraiti dəyişir və bu proseslər məhsulların daha uzunömürlü olması üçün kimyəvi müdaxilələri qaçılmaz edir. Məhz buna görə də, qablaşdırılmış istənilən məhsulun davamlı və həddindən artıq istehlakı insan sağlamlığı üçün mənfi nəticələrə səbəb ola bilər. İnsan orqanizmi bu maddələrə zamanla alışsa da, bu, onların zərərsiz olduğu anlamına gəlmir. Əksinə, uzunmüddətli istifadə müxtəlif fəsadların yaranmasına gətirib çıxara bilər”.
Eyyub Hüseynov qeyd edib ki, digər mühüm məsələ yerli və xarici məhsullar arasındakı fərqlə bağlıdır:
“Bu mövzuya daha çox diqqət yetirilməlidir. Ümumilikdə, yerli məhsulların daha təmiz və daha az qatqı maddəsi ilə hazırlandığını demək olar. Xaricdən gətirilən, xüsusilə də kolbasa və sosiskalar isə çox vaxt mənşəyi tam məlum olmayan xammaldan hazırlanır. Bu məhsulların uzun məsafələrə daşınması üçün onların tərkibinə çoxlu sayda dadverici, rəngverici və qoruyucu maddələr əlavə edilir. Məqsəd odur ki, məhsul yol şəraitində xarab olmasın, temperatur dəyişikliklərinə davam gətirsin və satışa qədər öz görünüşünü qoruyub saxlasın. Təəssüf ki, istehlakçılar çox vaxt məhz bu cür məhsullara üstünlük verirlər. Xüsusilə Rusiya və Belarus istehsalı olan kolbasa və sosiskalar bazarda geniş yayılıb və alıcılar tərəfindən tez-tez seçilir. Halbuki, əksər hallarda yerli məhsullar bu baxımdan daha təhlükəsiz hesab olunur”.
Eyyub Hüseynov həmçinin vurğulayıb ki, ölkədə standartlara tam cavab verən müəssisələrin sayı çox deyil:
“Təxminən 4-5 müəssisə bu tələblərə uyğun fəaliyyət göstərir. Bununla yanaşı, onlarla qeyri-qanuni, gizli fəaliyyət göstərən sexlər də mövcuddur. Bu cür yerlərdə istehsal olunan məhsullar çox vaxt markalanmamış olur və metro çıxışlarında, bazar ətraflarında satışa çıxarılır. Bu isə istehlakçılar üçün ciddi risk yaradır. İstehlakçılara tövsiyə olunur ki, yalnız markalanmış, tərkibi və istehsalçısı aydın şəkildə göstərilən məhsullara üstünlük versinlər. Hər hansı şübhəli hal yarandıqda isə Qida Təhlükəsizliyi Agentliyinin qaynar xəttinə məlumat vermək vacibdir. Ümumilikdə, kolbasa və sosiskaların istehsalında, xüsusilə də xaricdən gətirilən məhsullarda mənşəyi məlum olmayan çoxsaylı qatqı maddələrinin istifadəsi geniş yayılıb. Lakin Azərbaycanda fəaliyyət göstərən və standartlara uyğun istehsal həyata keçirən müəssisələrdə vəziyyət fərqlidir. Bu müəssisələrdə əsasən təmiz ət istifadə olunur, xammal ya yerli fermer təsərrüfatlarından, ya da Braziliya, Hindistan kimi ölkələrdən idxal edilən, lakin nəzarətdən keçmiş məhsullardan əldə edilir. Bu baxımdan, yerli istehsal olunan məhsullar xarici analoqlarla müqayisədə daha etibarlı və daha təmiz hesab olunur”.
Diyetoloq Ləman Süleymanova da qeyd edib ki, bu kimi məhsulların tərkibinə diqqətlə yanaşdıqda, kifayət qədər ciddi və narahatedici məqamlar ortaya çıxır:
“Çünki kolbasa, sosiska və digər emal olunmuş ət məhsulları çox vaxt müxtəlif xammallardan hazırlanır və bu xammalın keyfiyyəti hər zaman şəffaf olmur. Çünki bəzi hallarda bu məhsulların hazırlanmasında aşağı keyfiyyətli, hətta xəstə heyvanların ətindən, istifadəyə yararsız hesab olunan hissələrdən və ya mənşəyi tam bəlli olmayan xammaldan istifadə oluna bilər. Bu isə istehlakçı sağlamlığı baxımından ciddi risklər yaradır”.

Diyetoloq vurğulayıb ki, sosiska, kolbasa və ümumilikdə hisə verilmiş ət məhsulları beynəlxalq araşdırmalarda yüksək risk qrupuna aid edilir:
“Bu məhsullar birinci dərəcəli kanserogenlər siyahısına daxil edilir, yəni onların uzunmüddətli və müntəzəm istifadəsi xərçəngin yaranma ehtimalını artıran əsas amillərdən biri hesab olunur. Xüsusilə bağırsaq xərçəngi ilə bu tip məhsullar arasında əlaqə olduğu dəfələrlə vurğulanıb.
Gündəlik həyatımızda bu cür məhsullardan mümkün qədər uzaq durmaq və ya istifadəsini minimuma endirmək tövsiyə olunur. Araşdırmalar göstərir ki, hətta gündəlik qəbul edilən kiçik miqdarda məsələn, bir ədəd sosiska belə uzun müddətdə xərçəng riskini müəyyən faizlə artırmağa qadirdir. Bu risk bəzi hallarda 15-20 faizədək yüksələ bilər ki, bu da kifayət qədər ciddi göstəricidir”.
Mütəxəssis onuda əlavə edib ki, bu məhsulların təhlükəli hesab olunmasının əsas səbəblərindən biri də onların tərkibinə əlavə edilən kimyəvi qatqılardır:
“Xüsusilə nitrat və nitritlər ətə daha cəlbedici çəhrayı rəng vermək və onun saxlanma müddətini uzatmaq üçün istifadə olunur. Lakin bu maddələr orqanizmdə müəyyən reaksiyalar nəticəsində zərərli birləşmələrə çevrilərək bağırsaq xərçəngi riskini artırır. Məhz buna görə də mütəxəssislər nitrat və nitritsiz məhsullara üstünlük verilməsini tövsiyə edirlər. Digər mühüm məqam isə bu cür məhsulların hazırlanma üsuludur. Emal olunmuş ətlərin, xüsusilə də sosiska və kolbasanın qızardılması əlavə risk yaradır. Yüksək temperaturda bu məhsullarda olan zərərli maddələr daha da aktivləşir və kanserogen təsiri güclənir. Bu səbəbdən belə məhsulların qızardılmadan istehlak edilməsi və ya ümumiyyətlə rasiondan çıxarılması daha məqsədəuyğun hesab olunur. Xüsusilə uşaqların qidalanması məsələsində bu mövzu daha həssas yanaşma tələb edir. Mütəxəssislər bildirirlər ki, bu tip məhsullar uşaqların gündəlik rasionunda mümkün qədər az yer almalı, hətta imkan daxilində tamamilə çıxarılmalıdır. Çünki uşaqların orqanizmi daha həssasdır və zərərli maddələrin təsirinə daha tez məruz qalır”.
Xalidə Gəray
Musavat.com

