TV.Berlin kanalında “Azərbaycan-Almaniya münasibətləri: birgə tarix və perspektivlər” mövzusunda reportaj yayımlanıb
ARANTV.AZ xəbər verir ki, Almaniyanın TV.Berlin kanalında “Azərbaycan-Almaniya münasibətləri: birgə tarix və perspektivlər” mövzusunda Berlində keçirilən konfransa dair reportaj yayımlanıb.
Reportajda Almaniya Bundestaqının vitse-prezidenti, Sosial-Demokratlar Partiyasının üzvü Tomas Opperman deyib ki, Almaniya Azərbaycan münasibətləri çoxlarının düşündüyündən daha dərin tarixi köklərə malikdir. Azərbaycan 200 il öncə çoxsaylı almanlar üçün ümid yeri olub. Əksər insanlar Almaniyanın hər zaman yaşamaq üçün cəlbedici ölkələrdən biri olduğunu düşünürlər, lakin 200 il öncə çoxsaylı almanlar buradakı ağır və dözülməz şərait ucbatından Azərbaycana köç ediblər. Onların qurduqları qəsəbədə – Helenendorfda çoxlu çaxır və konyak istehsal edilib. Lakin regionun inkişaf etməsinə baxmayaraq, Sovet İttifaqı qurulandan sonra buradakı almanlar deportasiyaya məruz qalıblar. Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycan yenidən müstəqilliyinə qovuşub. Bizim Azərbaycanla təqdirəlayiq münasibətlərimiz var. Azərbaycan siyasi cəhətdən stabil ölkədir. Azərbaycan Almaniyanın Mərkəzi Asiyada, xüsusilə, Qafqaz regionunda ən mühüm iqtisadi tərəfdaşıdır. Azərbaycan Qafqazın ən güclü iqtisadiyyatına malik ölkəsidir. Reportajda Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun fikirlərinə də yer verilib. Diplomat vurğulayıb ki, Azərbaycanla Almaniya arasındakı münasibətlər inkişaf edir. “Biz bugünkü inkişafdan çox razıyıq və ikitərəfli münasibətlərdə yaxşı inkişaf dinamikası müşahidə edirik” deyən səfir diqqətə çatdırıb ki, Almaniyanın Federal Kansleri ilk dəfə olaraq Azərbaycana rəsmi səfər edib və bu, ölkələrimizin münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Reportajda, həmçinin ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevlə müsahibə yer alıb. O bildirib ki, ölkələrimizin iqtisadi sahədə gözəl əməkdaşlığı mövcuddur. Son illər iki ölkə arasında ticarət dövriyyəsi 50 faizdən çox artıb, Azərbaycan Almaniyanın enerji tədarükçüləri arasında beşinci yerə yüksəlib. Ermənistan-Azərbaycan münaqişəsinə də toxunan Azay Quliyev bildirib ki, Almaniya hökumətinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı sonuncu qərarı önəmlidir. Bu hadisə Almaniya hökumətinin belə münaqişələrin həllinə dair dünyaya verdiyi yaxşı siqnal və təkandır. Reportajda Bundestaqın Sosial Demokratlar Partiyasından olan deputatı, Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Karsın digər ekspertlərlə birgə, konfransın panellərində Azərbaycanla Almaniya arasındakı münasibətlərin tarixi və gələcəyi mövzusunda müzakirələrdə iştirak etdiyi də bildirilir.

