Dayanıqlı İnkişafa dair Bakı Forumu işini davam etdirir
ARANTV.AZ xəbər verir ki, 6-cı Beynəlxalq Humanitar Forum çərçivəsində təşkil edilən “Dayanıqlı İnkişafa dair Bakı Forumu”nun əsas mövzusu “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” oldu. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın moderatorluğu ilə keçirilən iclasda bildirildi ki, BMT-nin qəbul etdiyi “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinə” Azərbaycan da qoşulub. Gündəlikdə əksini tapan 17 hədəfə çatmaq üçün bir sıra uğurlara imza atılıb. Artıq Azərbaycan nəticələrlə bağlı ilk hesabatını BMT-yə təqdim edib. İkinci hesabat hazırlanır. Belarus parlamenti sədrinin müavini Marianna Şyotkina Belarusda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində görülən institusional və digər tədbirlər barədə danışdı. Milli Məclis sədrinin müavini Bahar Muradova Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün Azərbaycanın bir sıra uğurlar əldə etdiyini, Foruma ev sahibliyi etməklə ölkəmizin bu hədəflərin reallaşdırılmasına böyük önəm verdiyini vurğuladı.
ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, millət vəkili Tahir Mirkişili, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova mövzuya dair fikirlərini bildirdilər. İqtisadiyyat, gənclər və idman sahələrində görülən tədbirlər, bu istiqamətlərdə Dayanlıqlı İnkişaf Məqsədlərnin icrası barədə məlumat verildi.

