Sabah Balakəndə Xurma Festivalı başlayacaq
ARANTV.AZ xəbər verir ki, sabah Balakən rayonunda II Beynəlxalq xurma festivalı başlayacaq. Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq qurumların nümayəndələrinin də dəvət olunacağı festivalda xurmadan hazırlanan məhsullar nümayiş etdiriləcək. Festival çərçivəsində oktyabrın 27-də Balakən şəhərində “Xurmanın əhəmiyyəti və ölkə iqtisadiyyatında rolu” mövzusunda konfrans keçiriləcək. Festivalın rəsmi açılış mərasimi isə oktyabrın 28-də Balakən şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında reallaşacaq. Parkda xurmadan hazırlanmış kompozisiyalar və kulinariya məhsulları təqdim olunacaq. Qonaqlar rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının sərgisi ilə tanış olacaqlar. Festivalda xurma məhsullarının – bəkməz və müxtəlif şirniyyatların, tətbiqi sənət nümunələrinin satış yarmarkası da təşkil olunacaq, yerli folklor kollektivləri və idmançılar çıxış edəcəklər. Festival iştirakçıları rayonun Katex kəndində yerləşən meyvə və giləmeyvələrin emalı müəssisəsinə baş çəkəcək, istehsal prosesi ilə də tanış olacaqlar.

