“İnnovasiyalar həftəsi” çərçivəsində ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələrin təqdimatı olub
ARANTV.AZ xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi ilk beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələrin təqdimatı olub.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında innovasiyalarla bağlı əsas hədəflər öz əksini tapıb. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dedi ki, innovativ inkişaf modelinin reallaşması üçün ölkəmizin iqtisadi siyasətində artıq bir neçə əsaslı addım atılıb. Bu sahədə qanunvericilik bazası təkmilləşdirilib, sənaye və texnoloji parklar yaradılıb. İnnovasiya fəaliyyətində yüksək texnologiyalar, o cümlədən informasiya və kommunikasiya texnologiyaları mühüm rol oynayır. Müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsini təmin etmək məqsədilə – Nazirliyin tabeliyində “Yüksək Texnologiyalar Parkı” təsis edilib, həmçinin Mingəçevirdə “Yüksək Texnologiyalar Parkı” yaradılıb. Bu parklarda vergi və gömrük güzəştləri tətbiq edilir. Hazırda texnoloji parkların fəaliyyətinin genişləndirilməsi, yüksək texnologiyalar sahəsində yeni istehsal müəssisələrinin yaradılması üzrə işlər aparılır. İnnovasiya fəaliyyətinin stimullaşdırılması məqsədilə nazirliyin “Yüksək Texnologiyalar Parkı”nda Biznes İnkubasiya Mərkəzinin yaradıldığını deyən nazir burada 30-dan çox startap layihəsinin fəaliyyət göstərdiyini vurğuladı. İnnovativ sahibkarlığın dəstəklənməsi üçün də İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyət göstərir. Uğurlu innovativ layihələrə güzəştli kreditlər verilir və daha uğurlu layihələrin maliyyələşməsi üçün Fond birgə investor kimi çıxış edir. Artıq bu məqsədlə 6 qrant müsabiqəsində 117 layihə maliyyələşdirilib. O da qeyd olundu ki, “Azərbaycanın innovasiya yol xəritəsi layihəsi”nin BMT-nin İnkişaf Proqramı tərəfindən hazırlanması xüsusi əhəmiyyət kəsb edir. BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə regional direktorunun müavini Rastislav Vrbensky Azərbaycanın innovasiya sahəsində öz modelinin olduğunu bildirdi.
“Bilik iqtisadiyyatı – Azərbaycanın innovasiya yol xəritəsi layihəsi” ilə bağlı videoçarxın, sonra isə layihənin təqdimatı oldu. İnnovasiyalar üzrə yol xəritələri BMT-nin İnkişaf Proqramının ekspertləri tərəfindən hazırlanıb.

