Qitələri birləşdirən layihə: BTQ-nin açılışından bir il ötür
ARANTV.AZ xəbər verir ki, düz bir il öncə, 2017-ci ilin 30 oktyabrı həm Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında, həm də qlobal miqyasda çox mühüm tarixi hadisəyə şahidlik etdi. Müstəqillik tariximizin möhtəşəm layihələrindən biri, Pekini Londonla birləşdirən Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm seqmenti – Bakı-Tbilisi-Qars dəmiryolu həyata vəsiqə aldı. Beynəlxalq “açar”, transmilli körpü-bağlayıcı rolunu oynayan sözügedən dəmiryolu yük və sərnişinlərin Avropa və Asiyaya çatdırılması, eyni zamanda Xəzər hövzəsi regionunun Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin zənginləşməsi, ölkəmizlə bölgə dövlətləri arasında xarici iqtisadi münasibətlərin inkişafı baxımından böyük perspektivlər açır. Təsadüfi deyil ki, BTQ-nin açılışından keçən bir il ərzində bu marşurut vasitəsilə 3 minədək vaqon və konteyner daşınıb.
Nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, Azərbaycanın tranzit potensialının tam gücü ilə reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Son 15 ildə ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı həyata keçirilən irimiqyaslı layihələr, sözügedən sahəyə böyük həcmli dövlət investisiyaların yönəldilməsi də eyni məqsədə xidmət edir. Belə ki…
– 6-sı beynəlxalq olmaqla 7 hava limanı tikilib, çox böyük təyyarə parkı yaradılıb və 20-ə yaxın iri yük təyyarəsi fəaliyyət göstərir;
– ümumilikdə, 15 min km-ə yaxın yol çəkilib, bütün magistral yollar beynəlxalq standartlar əsasında yenidən qurulub;
– Xəzər dənizində Azərbaycanın 300-ə yaxın gəmidən ibarət ən iri ticarət donanması yaradılıb;
– Dəmiryol infrastrukturu müasirləşdirilir və ölkə ərazisinin tam əksəriyyətini əhatə edəcək;
– Ələtdə 15 milyon ton yükaşırma qabiliyyəti olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib;
– Abşeron Logistika Mərkəzi fəaliyyətə başlayıb və s.
Bu kontekstdə dövlət başçısının Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb kimi qlobal miqyaslı təşəbbüsləri müstəsna əhəmiyyətə malikdir. Avrasiyanın iqtisadi inkişafında yeni imkanlar açacaq bu marşrutların reallaşması istiqamətində görülən işlər Azərbaycanı, sözün əsl mənasında, beynəlxalq nəqliyyat xabına çevirməkdədir. Düz bir il öncə, Qədim İpək Yolunun polad magistrallar üzərində bərpası, məhz, əhəmiyyətinə görə “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi isə Şərq-Qərb dəhlizinin quru xətlə birbaşa bağlantısını şərtləndirdi.
Beləliklə, beynəlxalq “açar”, transmilli körpü-bağlayıcı rolunu oynayan Bakı-Tbilisi-Qars yük və sərnişinlərin Avropa və Asiyaya çatdırılması, eyni zamanda Xəzər hövzəsi regionunun Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin zənginləşməsi, ölkəmizlə bölgə dövlətləri arasında xarici iqtisadi münasibətlərin inkişafı baxımından böyük perspektivlər vəd edir. Dəmiryolunun tarixi İpək yolu üzərində qurulması və Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut kimi yaratdığı əlverişli şərait isə onun cəlbediciliyini daha da artırır. Məhz, Asiyada yüklərin əsasən formalaşdığı Çinin də bu layihənin gerçəkləşməsində marağı yüksəkdir. Belə ki, Avropa İttifaqı ilə Çin arasında 240 milyon tonluq yükdən ibarət və dəyəri 520 milyard avrodan çox olan ticarət dövriyyəsi mövcuddur və bunun gələcəkdə daha da artacağı proqnozlaşdırılır. “Orta dəhliz”, yəni Bakı-Tbilisi-Qars dəmir yolu xəttilə bu yüklərin 10 faizi daşınacağı halda, bu, 24 milyon ton əlavə yük daşınması deməkdir. Təsadüfi deyil ki, dəmir yolunun açılışından keçən bir il ərzində bu marşrut vasitəsilə 3 minədək vaqon və konteyner daşınıb. İlk konteyner qatarı Qazaxıstanın Kokşetau şəhərindən Türkiyənin Mərsin şəhərinə taxıl yüklənmiş 32 vaqon olub və hazırda Bakı-Tbilisi-Qars dəmir yolu ilə hər həftə Türkiyə, Azərbaycan və Qazaxıstan arasında 3 reys yerinə yetirilir. Eyni zamanda, Rusiyadan Türkiyəyə taxıl daşınır. Həmçinin, bu günlərdə SOCAR və “ADY Konteyner” Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkmənistanın Marı zavodundan Türkiyəyə karbamid göndərilməsini təmin ediblər. Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımalara maraq göstərən ölkələrin sayı get-gedə artmaqdadır. Bir çox ölkə, xüsusilə Şərq ölkələri “Bir kəmər- Bir yol” layihəsi çərçivəsində transavrasiya nəqliyyat dəhlizindən istifadə edilməsinə maraq göstərir. Sözügedən dəhliz həmçinin, şaxələndirilmiş tranzit-logistika qovşağı kimi də böyük perspektivlər vəd edir. Çin, Mərkəzi Asiya ölkələri və Əfqanıstanın Avropaya, habelə Türkiyənin Qara dəniz limanları vasitəsilə Yaxın Şərqə və Şimali Afrika ölkələrinə çıxışını asanlaşdırır. Bu ilin mayında istifadəyə verilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı isə Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yüktoplama məntəqəsi funksiyasını yerinə yetirir. Bu liman şimal, cənub, şərq və qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəmizə daxil olan yüklərin toplanmasını və onların Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə Avropa istiqamətində və ya gəmilərlə Şərq istiqamətində daşınmasını təmin edən səmərəli və davamlı logistika zəncirinin formalaşması üçün əsas amildir. 2019-cu ilin üçüncü rübündə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili planlaşdırılır ki, bu da regionda turizmin inkişafına töhfə olacaq. Sərnişin daşımalarının həyata keçirilməsi üçün İveçrənin “Stadler” şirkətinə dörd kateqoriyalı 30 yataq vaqonu sifariş verilib. Bu vaqonların 2019-cu ilin birinci rübündə Azərbaycana gətiriləcəyi gözlənilir. Gözlənildiyinə görə, birinci mərhələdə sərnişindaşımaların həcmi ildə 1 milyon nəfər, yükdaşımaların həcmi isə ildə 5 milyon ton olacaq. İkinci mərhələdə müvafiq göstəricilər artaraq ildə 2 milyon sərnişin və 17 milyon ton yük təşkil edəcək. Beləliklə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi effektivliyə zəmin yaradır. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımzın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu 846 kilometr olan dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycan ərazisinə düşür. Gürcüstandan dəmiryolu xəttinin 263 kilometri keçir. Yolun 79 kilometr hissəsi isə Türkiyə ərazisindədir.

