Siyasət 

“Əsrin müqaviləsi” – Dövlətimizi və xalqımızı çox ciddi təhlükələrdən qoruyan iqtisadi sipər

Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər həyata keçirməyə başladı. Elə ilk günlərdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev danışıqlar prosesinə cəlb edildi və yeni neft strategiyasının hazırlanaraq uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu.

Həmin dövrlərdə cənab İlham Əliyevin bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir ideya dururdu: «Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir».

Cənab İlham Əliyevin iştirakçısı olduğu saysız-hesabsız görüş və danışıqlar məhz bu deviz altında keçirilirdi. Əlbəttə, çətinlik və maneələr də olurdu. «Əsrin müqaviləsi» ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçmişdi. Bəzən böhran anları yaşanırdı, müəyyən şərtlərin qəbuledilməzliyi səbəbindən danışıqlar dayandırılma məqamına çatırdı. Həmin anı ölkəmizin başçısı İlham Əliyev sonralar xatırlayaraq demişdir: «Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə

edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik.»

Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı və 1994-cü il sentyabrın 20-də Bakıda «Gülüstan» sarayında Xəzərin Azərbaycan sektorundakı «Azəri», «Çıraq», «Günəşli» yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan «məhsulun pay bölgüsü» tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə «Əsrin müqaviləsi» adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır.

«Əsrin müqaviləsi»ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti («Amoco», BP, «McDermott», «UNOCAL», ARDNŞ, «Lukoil», «Statoil», «Exxon»,» Türkiyə Petrolları», «Pennzoil», «ITOCHU»,» Ramco», «Delta»)neft korporasiyaları iştirak etmişdir. Bu müqavilədə Böyük Britaniyanın «British Petroleum» (qoyulacaq investisiyanın 17,12 faizi) və «Ramco» (2,08 faizi), ABŞ-ın «Amoco» (17,01 faiz), «UNOCAL» (11,2 faiz), «Penzzoil» (9,81 faiz), «McDermott» (2,45 faiz), Rusiyanın «Lukoil» (10,0 faiz), Norveçin «Statoil» (8,56 faiz), Türkiyənin «Türk petrolları şirkəti»nin (1,75 faiz) və Azərbaycan Dövlət Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da «Yeni neft strategiyası» və doktrinası uğurla həyata keçirilməsinə başlandı. «Əsrin müqaviləsi» 1994 cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilərək qüvvəyə mindi.

«Əsrin müqaviləsi» həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları sərmayə qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldildi.

1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində «Çıraq-1» özülü Qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz edildi. Yeni qazma qurğusu laylara horizontal quyuların qazılmasına imkan verdi. 1999-cu ilin dekabrında Azərbaycanın «mənfəət nefti» ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Neftin satışından əldə edilən gəlirlərin şəffaf şəkildə saxlanması və səmərəli idarə edilməsi ümummilli lider Heydər Əliyev Fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilməyə başlandı.

«Əsrin müqaviləsi» ilə müstəqilliyini möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, «Əsrin müqaviləsi»nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən Ulu Öndər demişdir: «Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq… Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq».

Prezident İlham Əliyev isə «Əsrin müqaviləsi»nin imzalandığı dövrün iqtisadi və siyası vəziyyətinin mürəkkəbliyini və buna rəğmən atılan addımların əhəmiyyətini belə dəyərləndirmişdir: «Əsrin müqaviləsi»nin Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. «Əsrin müqaviləsi»nin imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik».

«Əsrin müqaviləsi» neft strategiyasını müəyyən etmiş ilk iri və həm də beynəlxalq iqtisadi sənəd kimi tarixə düşmüşdür. Lakin bu müqavilənin əhəmiyyəti hələ o vaxt da təkcə gözlənilən merkantil səmərə ilə məhdudlaşmırdı. 1994-cü ildə Azərbaycan Ulu Öndərin bu layihəsi əsasında fəlakətli vəziyyətdən çıxırdı. O illərdə Azərbaycan dövləti tarixi Azərbaycan dövlətçiliyinin varisi hüquqlarını həyata keçirməyə, təkcə özünün mövcud olduğu qısa zaman kəsiyi üçün deyil, Azərbaycan tarixinin bütün təcrübəsi üçün məsuliyyət daşımağa məhkum idi. Bu mənada «Əsrin müqaviləsi» Heydər Əliyev siyasətinin əsas məqsədinə – ictimai rifaha xidmət edən dəyərləri əks etdirən dünyagörüşü aktına çevrildi.

«Əsrin müqaviləsi» labüd olaraq Azərbaycanda sosial tədbirlərin miqyasının dəyişməsinə doğru aparırdı: ölkəyə külli məbləğdə pul axını yaranması ilə əlaqədar millət hərc-mərclikdən və parçalanmaqdan xilas olmaq imkanı qazanırdı. Azərbaycan dövləti həyati əhəmiyyətli vəzifələri yerinə yetirməli idi. Müqavilə Azərbaycan cəmiyyətinin bütün istiqamətərində-iqtisadi, sosial, hərbi, mənəvi sahələrində hərəkətverici qüvvəyə çevrilməli idi və çevrildi də…

Məhz bu müqavilənin imzalanmasını tarixi hadisə kimi dəyərləndirən Ulu Öndər deymişdir: «Əsrin müqaviləsi» ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.» «Əsrin müqaviləsi»nin davamı olararaq14 sentyabr 2017-ci ildə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib, yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Yeni Sazişlə «Azəri-Çıraq-Günəşli» neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Yeni Saziş Azərbaycana mərhələli şəkildə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilməsini, SOCAR-ın payının 11,6 faizdən 25 faizə yüksəldilməsini ehtiva edir. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin 75 faiz həcmində olması nəzərdə tutulur. Bu sazişlə Azərbaycanda neft sənayesinin inkişafında yeni bir mərhələnin əsası qoyulmuş oldu.

Elçin Zaman, «İki sahil»

Daha çox xəbərlər